kiv-df

Abşeronun çiçək tablosu – Mərdəkan dendrarisi

Bakı milyonçusunun bağı

Azərbaycan Milli Elmlər Akademiyasının Mərdəkan dendrarisi 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağı olub. Abşeron yarımadasının şimali-şərq hissəsində, Xəzər dənizindən 3,2 km aralıqda yerləşən bağın sahəsi 12,5 ha-dır. Abşeron yarımadasının iqlimi quru subtropik, mülayim subtropik zonaların iqliminə bənzədiyi üçün dünyanın müxtəlif bitki aləmini təmsil edən zəngin bitki kolleksiyaları məhz burada toplanıb. Hələ xeyriyyəçinin yaşadığı dövrdə bağın torpağı əkin üçün yararlı olmadığından, o, torpağı Lənkəran zonasından gətirdib. 1945-1965-ci illərdə bağ Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər Institutunun təcrübə bazası kimi fəaliyyət göstərib. Bu dövrlərdə bağda 700 növə yaxın subtropik ağac və kol bitkisi introduksiya edilib. Arizona sərvi, Italiya və Hələb şamları, dəfnə, Ispan nazı və digər qiymətli, prespektivli ağac, kol bitkilərinin, gül sortlarının, efiryağlı, dərman bitkilərinin növ, forma, sortlarının kolleksiyalarının qorunub artırılmasına xüsusi diqqət yetirilib.

Bağ 1966-cı ildə AMEA-nın Nəbatət Institutuna verilib və burada qiymətli, texniki, dekorativ, subtropik, efiryağlı və digər bitkilərin introduksiyasını, yerli şəraitdə iqlimləşdirilməsini öyrənmək məqsədi ilə “Mərdəkan dendrarisi” yaradılıb. Mərdəkan dendrarisi respublikamızda təbii və mədəni flora genofondunun bərpasında, dünya bitki ehtiyatlarından səmərəli istifadədə, eləcə də uyğunlaşdırma və introduksiya istiqamətində geniş tədqiqat işləri aparır. Hazırda bağda 4 laboratoriya – “Bitkilərin introduksiyası”, “Landşaft ekologiyası”, “Efir yağlı bitkilər”, “Landşaft memarlığı” – və 2 qrup – “Reabilitasiya mərkəzi”, “Toxumçuluq qrupu” – fəaliyyət göstərir.

Bağda Murtuza Muxtarovun tikdirdiyi 4 ədəd yeraltı su kəhrizi var. Quyular çoxlu keçid və mağaralarla zəngindir. Quyuların birinin iki çıxış yolu var ki, bunlardan biri Şəmsi Əsədullayevin bağına, digəri isə Xəzər dənizinə açılır.ÿBağda su hovuzları ilə yanaşı, 6 süni şəlalə də inşa edilmişdir ki, bu da bağın ümumi kompozisiyasında çox gözəl görünür. Xəzər dənizi bir əsr öncə bu bağa çox yaxın olub. Deyilənə görə, Murtuza Muxtarov burada liman salmaq arzusunda imiş, amma arzusunu reallaşdıra bilmədiyindən bağ salıb.

Elə bağdakı quyuları da neft milyonçusu M.Muxtarov qazdırıb. Quyuların içi qayalıqdan ibarətdir. Quyuda temperatur üç səviyyədə dəyişir. Qeyd edək ki, milyonçu bu quyulardan ərzaq saxlamaq üçün istifadə edirmiş.

1800 növdən ibarət kolleksiyaBağın əsas sərvəti təxminən 1800 növədək ağac, kol və liana kolleksiyalarından ibarətdir. Dendrari növlərin ümumi miqdarına və yaş tərkibinə görə dünyanın ən yaxşı kolleksiyaları səviyyəsindədir.

Antropogen təsir nəticəsində nəsli kəsilməkdə olan nadir endemik bitkilərə bağda xüsusi sahə ayrılmışdır. Azərbaycanın “Qırmızı kitabı”na salınmış 141 növ ağacdan burada 69 növü var. Dendrarini landşaft memarlığının nümunəsi kimi milli sərvət hesab etmək olar.

Bağın kolleksiya fondu milli və dünya sərvətidir. Sahələrdə yaradılmış alpinariyalarda müxtəlif regionlardan olan bitki qrupları yerləşdirilmişdir. Təbii floranın bitki ekspozisiyaları zəngin növ müxtəlifliyinə malikdir. Aralıq dənizyanı ölkələrdən 255, Avstraliya və Yeni Zelandiya florasından 105, Qafqaz florasından 42, Şərqi Asiya florasından 170, Şimali və Cənubi Amerikadan 180, Orta Asiya florasından isə 109 növdən çox ağac və kol bitkiləri əkilmişdir.Bağda müxtəlif heyvan növlərinə də rast gəlmək olar. Bağdakı heyvanların sadəcə uşaqlar üçün əyləncə məqsədilə saxlanıldığı deyilir. Mərdəkan dendrarisinin bitki kolleksiyaları özünəməxsus landşaft ansamblı olub, park dizaynının ən yaxşı nümunələrindən istifadə edilərək Şərq və Qərb park memarlığı ənənələri ilə tərtib edilmişdir.

Bağda dünya florasından gətirilmiş 380 növ, o cümlədən 22 növ və 300 sort qızılgül, 9 növ və 35 sort nərgiz, 25 növ və 42 sort zanbaq, 6 növ və 12 sort süsən və s. müxtəlif gül-bəzək kolleksiyaları da toplanmışdır. Gül-bəzək bitkilərinin kolleksiyası ərazinin açıq sahəsində əsas giriş sahəsində yerləşir. Bu kolleksiyalar introduksiya tədqiqatları üçün bazadır. Onlar landşaft memarlığı əsasında yaradılmış uzunmüddətli əkinlərin bəzək etalonlarıdır. Bir çox ekspozisiyaların əsas xüsusiyyəti burada çoxlu miqdarda növ və sortların olmasıdır. Ən iri nar kolleksiyası – 18 növ və 400 sort, meyvə ağaclarının kolleksiyası – 128 növ, giləmeyvəlilər – 60 növ, 130 sort saxlanılır. Efiryağlı bitkilərin kolleksiyası 420 növdən ibarətdir. Dərman bitkilərinin kolleksiyasında 370 növ vardır. Onlar elmi və xalq təbabətində istifadə edilir. Meyvə bitkilərinin yabanı növlərinin kolleksiyası 62 növ və formadan ibarətdir.

Canlı bitki muzeyi

Fond oranjereyası tropik, subtropik bitkilərin canlı muzeyidir. Oranjereyada subtropik, tropik bitkilərin bioloji müxtəlifliyi və onlardan sənayedə istifadəsi elm əsaslarla öyrənilir. Hazırda təxminən 900 kv.m sahədə yerləşən 270 növdən çox istisevən bitkilərin mədəni formaları böyük elmi və estetik əhəmiyyətə malikdir. Su və sahilyanı bitkilərin ekspozisiyası Fond oranjereyasını daha da zənginləşdirmişdir. Dendrarinin mərkəzi xiyabanının hər iki tərəfində əkilmiş sərv, ardıc, şam, tuya və s. kolleksiyalar öz zənginliyi ilə fərqlənir.Müxtəlif dekorativ bitki növlərinin çiçəkləmə dövründə bağ daha da gözəl görünür. Təbii növlər və formalarla yanaşı  dendraridə müxtəlif çətri formalı bitkilər də var. 
Bağdakı mədəni bitkilər isə 12 ekspozisiyada nümayiş etdirilir. Burada təxminən 600 növ və  760 sort var. Ekspozisiyalarda kənd təsərrüfatı bitkilərinin təkamülü, mənşəyi və introduksiya nəticələri təsvir olunur. Onların üzərində bitkilərin yabanı əcdadlarından və ilk az məhsullu formalarından müasir yüksək məhsuldar sortlarına qədər dəyişmələrini izləmək olar.

2005-ci ildən Mərdəkan dendrarisi Dünya Botanika bağlarının üzvü seçilmişdir. Zəngin bitki kolleksiyaları, elmi fəaliyyətin nəticələri, çoxsaylı kitablar dendrarini ölkədən kənarda da məşhurlaşdırmışdır. Burada botanika muzeyi yaradılmış, 1970-ci ildən başlayaraq onun ərazisi planlı şəkildə yenidən qurulmuş, kiçik arxitekturaya malik binalar inşa edilmiş, hovuzlar, istixanalar, oranjereyalar tikilmişdir. Son illər Mərdəkan dendrarisində əsaslı bərpa işləri aparılmışdır. Çoxsaylı müxtəlif bitkilərlə zəngin olan park bir daha yeniləşdirilmişdir. 200 nəfərlik konfrans zalı, akademiyanın qonaq evi yaradılmışdır. Bu günlərdə Özbəkistan Milli Elmlər Akademiyası Botanika Institutunun Elmi-Istehsalat Mərkəzi ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərdəkan Dendrarisi arasında memorandum imzalanıb. Ölkələrarası elmi əməkdaşlıq haqqında bağlanmış memorandumun müddəaları Özbəkistan və Azərbaycan arasında 2004-cü ildə Daşkənd şəhərində imzalanmış razılaşmaya əsasən qəbul edilib. Memorandum çərçivəsində flora biomüxtəlifliyinin və genofondun öyrənilməsi, iki respublikanın floristləri və sistematikləri arasında təcrübə mübadiləsi, ekosistemlərin geobotaniki və ekoloji üsullarla tədqiqi, birgə konfrans və seminarların keçirilməsi nəzərdə tutulur.

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu

KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir