Yanan Doğu Türküstan

Dünyanın hər yanında bir işgəncə kabusu dolaşır. Hər kəsin başı da öz dərdlərinə qarışdığına görə, kimsənin gözünü qaldırıb başqasının halına yanacaq həvəsi yox. Sözün əsl anlamında, elə bir vahiməli yerə gəlib çatmışıq ki, “hər kəsin dərdi özünə bir dəvədir”. Bəzi ölkələrdə despotik rejimlər, bəzilərində yoxsulluq, bəzilərində daxili münaqişələr və müharibələr, bəzilərində irqi-ayrı seçkilik insanlığı əzib keçir…

Həyat qısadır. Bu yorucu toqquşmalardan, əzablardan bezən insanların “nə zaman bitəcək?” sualı da tam anlaşılandır, şübhəsiz. Zülmün və işgəncənin bir sonu olmalıdır, ya yox? Bilirsiniz, bu gün insan yaşamı üçün ən ideal qanunlara sahib olan Amerikanın belə altmışıncı-yetmişinci illəri necə qaranlıq səhifələrlə düşüb tarixə! Diskriminasiyaya məruz qalan qaradərililərə tətbiq olunan amansız qaydalar, onların qətli, hər gün baş verən qanlı qarşıdurmalar. Sonra öz xalqının tapdanan hüquqları uğrunda mübarizə meydanına çıxan, avtobusda öz yerini bir ağdəriliyə vermədiyi üçün həbsə atılan gənc Martin Lüther Kinq. Onun rəhbərliyi ilə təşkil olunan 382 günlük Montgomery Avtobus boykotu…  Kinqin evinin bombalanması və yenidən həbsi…Nəhayət, mübarizədən doğan real nəticələr. Amerika Ali Məhkəməsinin əyalətlərarası avtobuslarda və digər nəqliyyat vasitələrində irqi ayrı-seçkiliyi qadağan etməsi. Qaradərililərin səs hüququ, əmək hüquqları və başqa təməl haqların Amerika qanunlarının bir parçasına çevrilməsi…

Heç şübhəsiz, bu, hazırda dünya hegemonuna çevrilən bir dövlətin tarixindən ibrət alınacaq mühüm örnəkdir. Amma insanlıq məhz bənzər hadisələrdən ibrət almadığına görə, günümüzdə ağılalmaz faciələr baş verməkdə davam edir. Bu gün Çində uyğur türklərinə qarşı törədilən qanlı qətliamları dünya görmürmü? Axı orada baş verənləri 60-cı illər Amerikasında baş verənlərdən heç nə fərqləndirmir. Yəni kimsənin xəbəri yoxdurmu ki, yaxın zamanlarda Çinin Sincan vilayətində də bənzər qadağalar qüvvəyə minib. Illərdən bəri inanılmaz zorakılıqların baş verdiyi bu bölgə əhalisinin əksəriyyətini müsəlman uyğurlar təşkil edir və həmin qadağalar da onlara aiddir.

Yeni qadağaya görə uzun saqqallı insanların ictimai nəqliyyat vasitələrdən istifadəsinə qadağa qoyulub. O cümlədən, hicab və çadra kimi ənənəvi müsəlman baş örtüklü qadınların da avtobuslara minməsinə icazə verilməyəcək. Əgər sərnişinlər bu qadağaya əməl etməsə, onlar polisə təhvil veriləcək.

Əslində, uyğur türklərinin yaşadığı bu ərazidə zorakılıqların baş alıb getməsi yeni xəbər deyil. Illərdir bu bölgədə işgəncə görən və qəddarlıqla öldürülən uyğurların sayı-hesabı yoxdur. Uyğurların yerləşdiyi Doğu Türküstanda Ramazan ayında orucu yasaqlayan hökumətin hava və qurudan həyata keçirdiyi hərbi əməliyyatları nəticəsində 2 uyğur kəndi xəritədən silinib. Burada qətlə yetirilən insanların 3-5 min arasında olduğu bildirilir. Bu qətliam son 20 ilin ən böyük qətliamı hesab edilir. Bayramın birinci günü Yarkənt bölgəsində başı örtüklü qadınlara edilən hücum sonra böyük bir etiraza çevrilib. Etiraz nümayişlərinə silahla cavab verən Çin gücləri qırğın törədib. Qeyd edək ki, Çin hökuməti həm də burada oruc tutmağı, namaz qılmağı, Həccə getməyi, məscidlərdə ibadəti qadağan edib. Bu qaydaları pozanlar pul və ya həbs cəzası ilə cəzalandırılırlar. 2009-cu ildə basqılara qarşı Urumçidə başlayan etirazlar qanlı şəkildə yatırılıb və 5 mindən artıq uyğur öldürülüb. 

Dünyanın hər yanında bir işgəncə kabusu dolaşır. Bu cəhənnəm coğrafiyasında insan fəryadının ərşə dirəndiyi  yerlərdən biridir Doğu Türküstan! Onları nə eşitmək üçün iti qulaq, nə də görmək üçün iti göz lazım. Sadəcə, bir az insanlıq yetər!