Əsl müdafiəyə ehtiyacı olan kimdir?

Yaxud, Əli Hüseynlilərin İntiqam Əliyevlər qarşısındakı məğlubiyyəti

Son günlər ölkəmizdə ləyaqətli, vicdanlı hüquqşünasların həbsi həyata keçirildi.  Ölkədəki ictimai-siyasi vəziyyətdən xəbərdar olan hər kəs bilir ki, bu adamlar hakimiyyətin qəzəbinə tuş gəlib və siyasi sifariş əsasında həbs olunub.  Intiqam Əliyev, Leyla Yunusun, Rəsul Cəfərov və digərləri, bu yalanı, yaltaqlığı, korrupsiyanı müdafiə etmədikləri üçün həbs olundu. Ancaq, bu həbslərə təəccüblənmək də lazım deyil.

Çünki, mövcud hakimiyyət hüquq müdafiəçilərindən öncə, hüququn özünü həbs edib. Bəli, 20 ildən artıqdır ki, “hüquq” anlayışı YAP hakimiyyətinin əsirliyindədir. Əslində, həbs olunmuş hüquq müdafiəçiləri, hüququ həbsdən xilas etmək istədikləri üçün həbs olundular.

Indi, Azərbaycanda hüquqa xəyanət etmiş nə qədər adam varsa, Leyla Yunusun, Intiqam Əliyevin və digərlərinin fəaliyyətində “hüquq pozuntusu” axtarır. 

Artıq Azərbaycanda elə vəziyyət hökm sürür ki, müstəqil, cəsarətli, vicdanlı hüquqşünaslar barmaqla sayılır. Hakimiyyət isə, barmaqla göstərilən adamların taleyinə barmaq edib, həbsə atır.

Heç vaxt barmaqla göstərilməyən, Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bir çox beynəlxalq təşkilatların Azərbaycanda tanınmış hüquq müdafiəçiləri Leyla Yunus, Intiqam Əliyev və digərlərinin həbslərinə reaksiyalarına cavab verib: “Bəzi təşkilatlar qeyri-şəffaf yollarla onlara qrantlar ayırıb, müxtəlif növlü, o cümlədən Azərbaycan əleyhinə fəaliyyətə yönəldiblər. Bəziləri xəyanətkar, bəziləri isə zəif iradəli olan belələri nəhayət ki, qanun qarşısında cavab verəcəklər. Onlar necə hüquq müdafiəçiləridirlər ki, heç özlərini müdafiə edə bilmirlər?” – deyə Əli Hüseynli bildirib.

Əminliklə deyə bilərəm ki, Intiqam Əliyev, Leyla Yunus kimi şəxslərə qarşı ən böyük haqszılıq həbs olunmaları yox, Əli Hüseynlilərin bu adamlar haqqında fikir bildirməsidir.

Hüquqşünas deputatımız deyir ki, Leyla Yunus, Intiqam Əliyev niyə özlərini müdafiə edə bilmirlər. 

Əvvəla Əli Hüseynlidən fərqli olaraq Intiqam Əliyevi bütün dünya tanıyır. Intiqam Əliyevin hüquq maarifçiliyi sahəsində gördüyü işləri bütün dünya təqdir edir və təsadüfi deyil ki, Intiqam Əliyevin həbsinə nüfuzlu təşkilatlar etiraz bildirir. Digər tərəfdən hakimiyyətin qazanından qidalanan bütün hüquqşünaslar birlikdə, Intiqam Əliyevin vəkil kimi əldə etdiyi nailiyyətə yaxın düşə bilməz.

Leyla Yunusa gəlincə, bu qadın 30 ildir həqiqi hüquq müdafiəçiliyinin simvoluna çevrilib. Polşa, Fransa, Britaniya, ABŞ və digər ölkələr Leyla Yunusun həbsinə etiraz edir.

Leyla Yunusun, Intiqam Əliyevin özünü müdafiə etməsinə gəlincə, yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanda hüququn özü həbsdədir.  

Bir ölkədə ki, siqaret çəkməyən adamın cibindən tiryək, evindən silah çıxırsa, bir ölkədə ki, hakimlər sifariş əsasında hökm oxuyursa, bir ölkədə ki, narkotik ilə şərlənən adam, siyasi əfv yazdırılaraq azadlığa buraxılırsa, bu ölkədə hansı özünümüdafiədən danışmaq olar?

Əgər bu ölkədə hüququn qiyməti olsaydı, Əli Hüseynlilər, Intiqam Əliyevləri müdafiə etməyi mənvi borc hesab edərdi.

Ancaq, Intiqam Əliyevin tələbəsi səviyyəsində olmayanlar, rejimin mahiyyətindən bəhrələnərək, bu adamlara dərs keçməyə girişiblər.

Nə hikmətdirsə, Əli Hüseynlinin rəhbərlik etdiyi QHT xarici təşkilatlardan qrant alanda “vətənə xidmət”, müxalif fikirli şəxs eyni qrantı alanda “vətənə xəyanət” hesab olunur.

Biz, Intiqam Əliyev, Leyla Yunus, Rəsul Cəfərov həbs olunduqdan sonra, yerli və beynəlxalq ictimaiyyətin etirazını gördük. 

Özünə hörmət edən heç kim bu adamlar haqqında mənfi fikir söyləmədi. Yalnız, hökumətin “əsgər”ləri ənənəvi “prinsip”lərinə sadiq qaldılar.

Sonda Əli Hüseynlinin nəzərinə çatdırmaq istəyirik ki, Intiqam Əliyev, Leyla Yunus və digərləri böyük mənada özlərini müdafiə etmiş insanlardı. Bəli, bu şəxslər  hakimiyyətin köləsi olmaqdan, yaltaqlığa səcdə etməkdən, yalana əl çalmaqdan özlərini müdafiə ediblər. Bu adamlar vicdanlarını nəfslərindən xilas etmiş insanlardı.

Ümumi mənzərə onu göstərir ki, müdafiəyə ehtiyacı olan Intiqam Əliyev yox, Əli Hüseynlidir.

Çünki, Intiqam Əliyev insanlıq savaşında şər üzərində qələbə çalanların dəstəsinə aiddir. Əli Hüseynli isə, döyüşmədən təslim olanları təmsil edən dəstədədir.

Tarix şərin qarşısında “ağ bayraq” qaldırıb, xeyiri şərləmək istəyənləri heç vaxt bağışlamayacaq.

İlham