Dünya Əliyevə hansı mesajları verə bilər?

«Bundan sonra Qərb-Rusiya qarşıdurmasının episentri Azərbaycandan keçəcək»

Gültəkin Hacıbəyli: «Son zamanlar Azərbaycanda baş verən repressiyalar və həbslər Qərb-Rusiya savaşının tərkib hissəsidir»

Hakimiyyətin demokratik düşərgəyə qarşı təzyiqlərinin son dalğası gözlənildiyi kimi beynəlxalq aləmdə böyük təpkiyə səbəb oldu. Hakimiyyətin ünvanına baş verənlərlə bağlı ciddi çağrışlar səslənsə də, hələlik iqtidar bunlara reaksiya vermir. Buarada yayılan başqa bir məlumat maraq doğurur.

“Turan” Informasiya Agentliyinin yaydığı məlumata görə, Vaşqinton Azərbaycanda vətəndaş cəmiyyətinin boğulması ilə bağlı indiki kampaniya ilə bağlı Avropa Birliyindəki tərəfdaşları ilə məsləhətləşmələr aparır.ÿVaşinqtondakı diplomatik mənbələrdən məlum olub ki, amerikalı və avropalı diplomatlar beş verənləri ciddi izləyirlər. ABŞ-da siyasətçilər və diplomatlar Ilham Əliyev hökumətinin vətəndaş cəmiyyətinə təzyiqlərindən, tənqidçi səsləri kəsmək istəyindən narahatlıq ifadə ediblər. Bunu son illərdə insan haqlarına ən ciddi təzyiq kimi qiymətləndiriblər.

Bununla yanaşı Amerika Xarici Siyasət Şurasının baş tədqiqatçısı Stefen Blank “Amerikanın Səsi”nə müsahibədə Azərbaycanda son baş verən repressiyalara da münasibət bildirib. Baş verənlərin Azərbaycanın Qərblə münasibətlərinə zərbə vurduğunu deyən Stefanın sözlərinə görə, Vaşinqtonda çox sayda adam var ki, Azərbaycana Rusiyanın nüfuz dairəsində olan və Qərb üçün heç bir əhəmiyyəti olmayan diktatura kimi baxır: “Fikrimcə, burada ABŞ-ın da günahı var.ÿBiz Azərbaycanın təhlükəsizlik maraqlarını ciddi qəbul etməliyik.ÿSöhbət burada Dağlıq Qarabağdan gedir.ÿƏgər biz istəyiriksə ki, Azərbaycan insan haqları fəallarının həbslərinə son qoysun və siyasi atmosferi yaxşılaşdırsın, biz Azərbaycanla insan haqları sahəsində olduğu kimi təhlükəsizlik sahəsində da danışmalıyıq. Yalnız belə olan halda onlar bizə qulaq asacaqlar”.

Milli Şuranın Beynəlxalq Əlaqələr Komissiyasının sədri Gültəkin Hacıbəyli bildirdi ki, son dövrlər baş verən repressiyalara reaksiyanın olacağı əslində gözlənilən idi. Beynəlxalq təpkinin hələlik adekvat olmamasının səbəbinin mövsümlə bağlı olduğunu deyən G.Hacıbəyli vurğuladı ki, Azərbaycanda baş verən proseslər Qərb institutları tərəfindən ciddi təhlil olunur: “Qərbin atacağı addımlar düşünülmüş, əsaslandırılmış olmalıdır. Söhbət təkcə ölkənin ən nüfuzlu hüquq müdafiəçilərinin həbisindən getmir. Söhbət hazırda Azərbaycanda Qərb dəyərlərinin daşıyıcısı olan qüvvələrə qarşı geniş miqyaslı repressiyadan gedir. Bu hadisələrin səbəbini isə yalnız Azərbaycan hakimiyyəti ilə bağlamaq düzgün deyil. Burada daha dərin səbəblər var. Düşünürəm ki, Qərb-Rusiya qarşıdurmasının Ukrayna mərhələsi arxada qalmaq üzrədir. Yəqin ki, bu ayın sonlarına Donetsk və Luqanskdan sonuncu separatçılar da çıxarılacaq. Bundan sonra Qərb-Rusiya qarşıdurmasının episentri Azərbaycandan keçəcək. Dəyərlər Avropaya inteqrasiya uğrunda mübarizənin mərkəzinə Azərbaycan gələcək. Son dövrlər Azərbaycanda baş verən repressiyalar və həbslər Qərb-Rusiya savaşının tərkib hissəsidir. Heç şübhəsiz Azərbaycanda Rusiyanın ciddi dayaqları var. Bu qüvvələrin baş verən repressiyalarda rolu açıq görünür. Məqsəd Qərb instituları ilə Azərbaycan arasında dərin uçurum yaratmaqdır. Görünür ki, Qərbin baş verənlərə bir qədər sərt reaksiya verməməsinin səbəbi də bunu anlamağından irəli gəlir. Amma eyni zamanda istər ABŞ, istərsə də Avropa Birliyi anlayır ki, Azərbaycan çox həssas bölgədə yerləşir. Azərbaycanla Ermənistan arasında qısa müddət ərzində necə böyük gərginliyin yarandığı bunu sübut edir. Bu da Rusiyanın rəhbərliyi ilə gedən bir proses idi. Məqsəd isə Azərbaycanın siyasi rəhbərliyinə mesaj ünvanlamaq idi”.

Rusiya rəhbərliyinin bir qədər də irəli gedərək ölkəmizdə separatizmi də gücləndirə biləcəyini deyən G.Hacıbəyli vurğuladı ki, bunun qarşılığında Qərb gözəl anlayır ki, Azərbaycana Avrointeqrasiya seçimi ilə yanaşı təhlükəsizlik təminatları da verilməlidir. “Elə təminatlar verilməlidir ki, Azərbaycan sabah müharibə, separatizmlə üz-üzə qalmasın. Ona görə ABŞ-ın Azərbaycanın suverenliyinə təhlükə yaranarsa prosesə müdaxilə edəcəyi ilə bağlı təminatlar verməsi təqdirəlayiq hadisədir. Konqressdə qəbul olunan bu sənədin mühüm əhəmiyyəti var”, deyə G.Hacıbəyli vurğuladı.

Xəyal