Yamaqlı yollarla…

Zəhmətkeşlərin həmrəylik günü ərəfəsində özümü verdim zəhmətkeşlər olan tərəfə, dedim bir vəziyyətləriylə maraqlanım. Amma yola çıxmazdan öncə dostlarla əlaqə saxlayıb Kürün körpüsünün salamat – gediş-gəliş üçün yararlı olub olmamasıyla maraqlandım. Yenə uçmuşdu axı. Hər şeyin qaydasında olduğunu öyrənəndən sonra yola çıxdım.

Zəhmətkeşlər də yoldaydı. Xəbər yayılıb ki, Ilham Əliyev Imişliyə gedəcək. Imişli rayon mərkəzindəki parkın döşəmələrini dəyişiblər, yəni yeniləriylə əvəzləyiblər. Bunun da adının “Azərbaycanda regionların sosial-iqtisadi inkişafı” olduğunu bilməmiş deyilsiniz. Belə “əlamətdar”, rayon əhalisinin “firavan həyatına” xidmət edən işlərin, obyektlərin açılışını gərəkdir ki, prezident eləsin. Yeri gəlmişkən, bu səfərlə bağlı bir neçə gün qabaq Imişli sakinlərindən biri bizə məlumat vermişdi. O, qəzetimiz vasitəsilə dövlət başçısına sifarişini də çatdırmışdı. Sən demə, Ilham Əliyevin Imişliyə bundan əvvəlki səfəri zamanı kənardan iki avtobus “zəhmətkeş” gətirilibmiş və onlar dövlət başçısına yerli camaat adından xeyli təşəkkür ediblər. Indi yerli sakin yazır ki, Ilham Əliyev dərdlərimizi bilmək istəyirsə, bunu elə bizdən soruşsun, daha özünə əziyyət verib kənardan adam gətizdirməsin. Doğrusu heç bilmirəm dövlət başçısının o məktubdan xəbəri var, ya yox. Qəzetləri izləyirsə, olsun gərək. Yox, izləmirsə, onda həmin Imişli sakini bizi suçlu bilməsin, biz əlimizdən gələni etdik…Amma onu da deməyi özümə borc bilirəm ki, Ilham Əliyevin başqa bölgələrə səfərləri bədbin proqnozlər vəd edir. Çünki onun Qobustana səfərində Ələt sakinləri, Ələtə səfərində Qobustan sakinləri qabağa verilmişdi. Əslində bu da ədalət, dərdinə dövlət başçısından çarə axtaran sakinlərə dərs olmalıdır. Yaxşı olar ki, qonşu rayonlar öz aralarında razılığa gəlsinlər. Bu rayonların əhalisi, demək olar, eyni problem içindədir. Hara aparsalar gerçəyi desinlər. 

Məsələn, elə bu səfərlə bağlı Sabirabad, Saatlı və Imişlinin bərbad yollarında yamaq əməliyyatı geniş vüsət alıb. Fəhlələr “yama”lara yamaq vururlar. Belə yol təmiri yəqin ki, yalnız Azərbaycandadır. Üstəlik, adamları töküb yol kənarındakı kol-kosun kökünü ağardırlar. Adamları qul kimi işlədir, amma onlara bu işlərindən zövq almağa imkan vermirlər. Sabirabadın yolqırağı kəndlərinin sakinlərinə xəbərdarlıq edilib ki, dövlət başçısı keçəndə küçəyə çıxmasınlar. Adamlar bunu bir qədər başqa cür anlayıblar. Sayğısızlıq kimi qəbul ediblər. Məncə, burda məntiq var… Bilməyənlər üçün xatırladım ki, Sabirabadın icra başçısı təzədir. Sabirabadda təzədir. Ilham Əliyevin “başçı-başçı oyunu” kampaniyası çərçivəsində o, Şamaxıdan Sabirabada transfer olunub. Yəqin Ilham Əliyev sabirabadlıların bir xeylisinin şamaxılı olmasını nəzərə alaraq bu sərəncamı verib. Bu barədə daha ətraflı yazmağa söz verirəm…

Amma indi Ilham Əliyevin səfəri zamanı adamların küçəyə çıxmamaq qadağası barədə danışaq. Başçının göstərişi səbəbsiz deyil. Istər Sabirabad, istər Saatlı, istərsə də Imişlidə adamlarla mən də təmasda oldum. Çox qorxunc görkəmləri vardı. Qışdan çıxıblar. Ac-yalavac, qazsız-işıqsız gün keçirən, kərməylə ev qızdıran adamları 
Heç başqa cür təsəvvür də eləmək olmur. Üstəlik, yazın bu çağlarında – əkin vaxtında adamlar dəhşətli dərəcədə qaralırlar. Təsəvvür edin, arıq, üz-gözünü tük basmış, nimdaş paltar, ağarmış gözlər – belə sir-sifətdə adamları dövlət başçısı qarşısına çıxarmaqmı olar? Ilham Əliyev özünü ərəb ölkələrinə düşmüş durumda hiss edə bilər. Allah göstərməsin!