Qarabağın Azərbaycanlı İcması camaatın istirahət yerini dağıtmaqla məşğuldur
Şuşanın icra başçısı tikdirdiyi obyektində usta və fəhlələrin pulunu vermədiyi üçün əyləncə mərkəzində iş boykot edilib
Binəqədi rayonu Rəsulzadə qəsəbəsində şəhid Aboyev Ramiz Nazim oğlunun adına olan parkda yenidənqurma işləri gedir. Böyük bir ərazini əhatə edən bu məkan yaxınlıqda yaşayan sakinlərin istirahət yeridir. Parkın əsas “müştəriləri”sə ahıl sakinlərdir. Ancaq buna baxmayaraq istirahət məkanının müəyyən bir hissəsi çoxdan ələ keçirilib.
İcra başçısı işdən narazı qalıb?
Parkın, demək olar, bütün künc-bucaqları kafelərdir. Parkın girişində bir neçə “domikli” yeməkxana var. Ondan 20 metr aralıda isə növbəti bir obyektin tikintisinə başlanılıb. Parkda bir az var-gəl edib, istirahət edən ağsaqqallarla söhbət edirik. Məlum olur ki, yeni tikilinin sahibi Şuşa şəhər icra hakimiyyətinin başçısı Bayram Səfərovdur. B.Səfərov həm də “Dağlıq Qarabağın Azərbaycanlı Icması” ictimai birliyinin sədridir. “Azadlıq”a danışan sakinlər deyir ki, icra başçısı tikdirdiyi obyektə tez-tez baş çəkir: “Ancaq uzun müddətdir obyektdə işlər yarımçıq qalıb”. Tikintinin dayandırılmasının səbəbi B.Səfərovun ustaların işindən narazı qalmasıdır. Işə rəhbərlik edən şəxsləri və fəhlələri Quba-Qusar rayonlarından gətirən icra başçısı əvvəlki işçilərin hamısını işdən qovub. Zəhmət haqqını belə ödəməyən icma rəhbəri tikilini başa vurmaq üçün yenidən usta-fəhlə axtarışına çıxıb. Az sonra yenidən tikilinin inşasına başlanılsa da, işlər nədənsə yenə dayanmalı olub. Sakinlərin verdiyi məlumata görə, işi bu dəfə fəhlələr dayandırıb: “Pulları vaxtlı-vaxtında verilmədiyi üçün onlar işləməkdən boyun qaçırıblar”.
Uzun axtarışdan sonra tikintiyə başçılıq edən ustanı tapırıq. Özünü Cahangir Isgəndərov kimi təqdim edən şəxs sakinlərin bizə verdikləri məlumatı təkzib edir: “Elə bir şey yoxdur. Sabahdan (bu gündən – red.) işə başlayacağıq. Pullarımız vaxtlı-vaxtında ödənilir. Heç kəsin narazılığı yoxdur. Sadəcə olaraq bu gün həkimə getdiyimdən işi dayandırmışam. Hər şey normaldır, tezliklə işə başlayacağıq”.
Usta Cahangirdən “burada nə tikildiyini” soruşduqda “dəqiq deyə bilmirəm. Eşitdiyimə görə, təqaüdçülərə istirahət evi tikilir” cavabını verir.
Cəmiyyəti aldatmaq üçün…
Adının çəkilməsini istəməyən başqa bir yaşlı sakindən tikili barədə məlumat almaq istədik. Kimliyimizi biləndən sonra obyektin sahibinin “Qara Bayram” olduğunu deyir: “Qara Bayram” Şuşanın icra başçısıdır, qəsəbə sakinləri ona bu ləqəbi veriblər”. Tikilinin nədən dayandırılmasını ondan da soruşuruq. Amma o da başqa sakinlər kimi eyni cavabı verir. Usta Cahangirin həkimə getdiyi üçün tikintini dayandırdığını onun diqqətinə çatdırdıqda qəhqəhə çəkir: “Hamıya gün kimi aydındır ki, bir ustanın həkimə getməsi ilə iş dayandırıla bilməz. Ikincisi, burada bir usta yox, bir neçə baş usta işləyir. Işin dayandırılmasının bir səbəbi var. O da pulun verilməməsidir. Deyilən başqa şeylərin hamısı cəfəngiyatdır”.
Sakinlər deyirlər ki, Bayram Səfərov tikdirdiyi obyekti əyləncə mərkəzi kimi istifadəyə verəcək. Yəni ustanın səsləndirdiyi təqaüdçülər üçün istirahət evi məsələsi ictimaiyyəti çaşdırmaq üçün buraxılan şayiədir.
Məsələyə aydınlıq gətirmək üçün mədəniyyət və istirahət parkının müdirinin otağına baş çəkdik. Saat 12 olmasına baxmayaraq müdiri iş yerində tapa bilmədik. Bildirdilər ki, nahara gedib və saat 15-dən sonra gələcək…
Müdirin 3 saatlıq naharını gözləməyə səbrimiz çatmadı və parkı tərk etdik.
Ramin DEKO