Qazan boşalan kimi heç biriniz orada olmayacaqsınız!

Nəhayət yenidən hakimiyyət mirzələri məni yada saldılar. Çoxdandır AzTV, “Xalq qəzeti”, “Azərbaycan qəzeti” məni yaddan çıxarmışdılar. Bu dəfə məni yada salan “Yeni Azərbaycan” qəzeti oldu. Məqsəd bəllidir: ünvanıma səslənən təhqirləri bir daha təkrarlamaqla məni hövsələdən çıxarmaq və mənim əlimlə öz rəqiblərinə növbəti zərbəni endirmək. Nə üçün bunu belə yazıram, çünki sahibləri (Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev) məni yaxşı tanıyır, əqidəmə bələddir. Elə cavabım da onadır. Ancaq burada da bilə-bilə yalan yazırlar ki, guya qarşılıqlı ittihamlar var (şəxsən mən heç kimə qarşı ittiham irəli sürməmişəm və ünvanıma tərqir olsa da susmuşam) və İntiqam Əliyev həbs ediləndən sonra onu ittiham etmişəm (İntiqam Əliyevi heç vaxt qanun pozuntusunda ittiham etməmişəm. Onun adı çəkilən statusu isə həbsindən əvvəl yazmışam). Məhz bu mövzu sizin üçün maraq kəsb etdiyindən və marağınızın məqsədi diqqəti Azərbaycanda fəaliyyət göstərən ictimai sektora elan olunmuş müharibədən yayındırmaq olduğundan bu mövzudan danışmayacam. QHT-çi də deyiləm və heç vaxt qrant almamışam. Özünüzü yormayın, mən siz ağılda deyiləm. Ağlınız olsa “hökumətə satılıb” deyə şüvən qoparanlara arqument vermək üçün əksinə məni tərifləyərdiniz.

Bir şey mənim üçün çox maraqlıdır, doğrudanmı bu günə qədər məni tanımadınız? Axı siz mənim fəaliyyətimdən dəfələrlə yararlanmaq istəmisiniz. Səhiyyə naziri Əli İnsanov həbs olunan kimi, mənim onu vəzifədə olarkən kəskin tənqid etməyimdən istifadə edib, əleyhinə ifadə almaq istəyəndə, bunun üçün mənim şahid kimi ifadə verməməyimə görə məsuliyyət daşıdığımı xatırladaraq hədə-qorxu gələndə, Eynulla Fətullayevlə münasibətlərimizin sərin olduğunu bilərək, o həbsdə ola-ola “başqaları yazıb, ancaq sənin yazın daha sanballlıdır” deyib onun əleyhinə məktub yazdırmaq istəyəndə və digər çoxsaylı oxşar məqamlarda verdiyim cavablar yadınızdan çıxıbmı? Mənə “çömçə” deyirsiniz. Müxalifət bilmir, ancaq axı sizlər bilirsiniz hansı təkliflərinizi rədd etmişəm. Bu ifadə bəlkə ona görədir ki, mitinqdə çıxış zamanı YAP-ı “solyanka” (rus yeməyidir. Artıq qalan ərzaq məhsullarını, növünə baxmadan, bir qazana töküb bişirirlər) adlandırmışdım. Bu gün də o fikirdəyəm. Çünki sizlərin əvvəli cürbəcür partiyalardan, təşkilatlardan başlayıb. YAP-da olmağınızın bir səbəbi var: ora qazandır və hərəniz bir çömçə ilə ətrafına yığışıbsınız. Qazan boşalan kimi heç biriniz orada olmayacaqsınız!

Haqqımda nələr etdiyinizi ömür vəfa etsə ətraflı yazacam. Qısa bir neçə etdiklərinizi sadalayım. 2005-ci ilin sonunda DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində haqqımda cinayət işi qaldırıb məni həbs etməyə hazırlaşdınız. Ehtimal etdiyiniz ittiham az olduğundan məni gözdən salmaq üçün mənimlə yaxın münasibətdə olan bank müdirinə təklif etmişdiniz ki, o tez-tez ABŞ-a, Avropaya gedir, külli miqdarda qrantlar alır, onun hesabını deyin ora xaricdən erməni adından pul köçürək, sən isə arayış ver (tanış üsuldur). Həmin şəxs bildirdikdə ki, heç nədən xəbəri yoxdur və mən bankda hesab açmamışam onu məcbur etmək istədiniz. Alınmadı. Ancaq Azərbaycan Respublikası Prezidentinin müdaxiləsi məni xilas etdi.

Yeganə qazanc yerim olan vəkillikdən iki dəfə xaric etdiniz. Yeri gəlmişkən bu hal mənə daş atanlara çox yaradı. Hər yerdə dedilər və bu gün də deyirlər Aslan İsmayılov siyasi məhbusları nə 2003-cü ildə, nə də ki, bu gün müdafiə etmir. Mənim isə onlara demək həvəsim olmayıb ki, a yazıqlar axı mən 1999-2006-cı il, 2013-cü ildən bu günə vəkillikdən xaric olunduğumdan müdafiədə iştirak edə bilməmişəm. Vəkil olduğum vaxtı isə heç bir təmənna güdmədən müdafiə etdiklərim deməlidir.

İndi isə qısa da olsa mənə yönəlmiş ən ağır ittihamla bağlı – Azərbaycan xalqına qarşı xəyanətdə ittiham edirsiniz.

İllər boyu iştirak etdiyim Sumqayıt hadisəsi ilə bağlı sizə müraciət etdim, susdunuz. Növbəti çıxışımdan sonra 14 mart 2010-cu il tarixdə, var gücü ilə Sumqayıt hadisələrinin ədalətli araşdırılmasını əngəlləyən Ali Məhkəmənin keçmiş hakimi Mənsur Ibayevin imzası ilə “Xalq qəzeti”ndə “Aslan Ismayılov öz günahlarını ört-basdır etmək üçün şantaja əl atır” başlıqlı bir səhifəlik yazı verdiniz. Həmin gün “Xalq qəzeti” və digər nəzarətinizdə olan KİV-lər təkzib, yaxud müsahibə vermək istəyimə rədd cavabı verdi. “Sumqayıt SSRİ-nin süqutunun başlanğıcı” adlı kitab yazdım, www.sumgayit1988.comsaytını yaratdım. Kitabın yayılmasının qarşısını almağa çalışdınız, alınmadı. Kitabı rus, türk, ingilis dillərində öz gücümlə yaymağa başladım. Oğlum Vaqifin köməyi ilə kitab yenidən işlənildi və amerikalı professorlar Tomas Qolts, Daniyel Bruks, David Svedman, Djudis Qanderson və Rob Ralstonun redaktəsi ilə yeni “SUMGAYIT: An Armenian Agitator And The Beginning of the Collapse Of The USSR” adlı kitab çap olundu, elektron versiyası internetdə yerləşdirildi.

Kitabın həddindən artıq maraq doğurduğundan Azərbaycan Respublikası Baş prokurorluğu Baş prokuror Zakir Qaralovun adından Sumqayıt hadisələri ilə bağlı cinayət işinin təzələnməsini, istintaq qrupunun yaradılmasını elan etdi. Tələm-tələsik iki dəfə cüzi fərqlərlə eyni adlı, eyni məzmunlu kitab buraxdınız, milyonlar xərclədiniz və o kitabları heç özünüz də oxumamısınız. Eyni adlı saytın təqdimatını keçirdiniz, içindəki materialları isə bizim saytdan götürdünüz. Heç bu barədə danışmadım da, çünki mənim üçün vacib olanı o həqiqətlərin dünyaya yayılması idi.

Hər seriyası 1 saat 20 dəqiqədən ibarət 3 seriyalı, Sumqayıt hadisələri ilə bağlı çəkilmiş sənədli filmdə mənə 1 dəqiqədən az vaxt ayrıldı. Onun da ayrılması bir səbəblə bağlı idi ki, tamaşaçılar Sumqayıt işində prokurorun kim olduğunu bilsinlər. Bu da bəd niyyətdən doğmuşdu, çünki, o filmi çəkdirənlər gözəl bilirlər ki, Azərbaycan tamaşaçıları ədalətsiz baxılmış istənilən cinayət işində günahı prokurorda görürlər.

Əvəzində bu illər ərzində Sumqayıt hadisələrinin ört-basdır edilməsində xüsusi rolu olan hakim Mansur Ibayev “Şöhrət”ordeni, Prezident təqaüdü ilə mükafatlandınız, mənimlə bağlı isə olmazın hoqqalarından çıxdınız.

P.S. İnandığım bir şey var: hələ ki, yer üzünü tutub duran yoxdur, biz də öləcəyik. Ancaq bizim balalar etdiklərimizə görə cavab verəcəklər, necə ki, bu gün bir çoxlarının balaları 30-cu illərdəki hərəkətlərə görə cavab verirlər. Heç olmasa bu barədə düşünün.

Aslan İsmayılov