Fransız filosofu Mişel Monten hələ beş yüz il əvvəl dini fanatizmə, cəhalətə qarşı amansız mövqeyi ilə seçilirdi. Onu dövrünün ən öncül sekptiklərindən saymaq olar. Montenin “Ləyaqətli yaşamaq qabiliyyəti haqqında” əsəri səhv etmirəmsə, dilimizə də çevrilib. Tapıb oxumağınızı məsləhət görürəm. Baxmayaraq ki, indiki Azərbaycan reallığında belə bir qabiliyyət sahibi olmaq Sistem üçün arzuedilməz, əksəriyyət üçünsə acından ölməyə bərabərdir.
Həmin bu Mişel Monten deyirdi ki, “ədalətin olmadığı yerdə əxlaq da yoxdur”. Əlbəttə, Azərbaycan kimi əxlaqın lokal anlayışa çevrildiyi, məişət müstəvisindən kənarda təsəvvür edilmədiyi ölkələrdə, əxlaqın sadəcə, mental dəyərlərlə assosiasiya olunduğu toplumlarda bu sözləri top-tüfənglə qarşılayacaqlar. Amma real həyatımız, hər gün ətrafımızda baş verənlər Montenin nə qədər haqlı olduğunu gözlər önünə sərir. Yetər ki, bunu görmək üçün əxlaqın nə qədər geniş, ictimai, siyasi, sosial anlayış olduğu faktını başa düşək, dərk edək.
Bunları niyə yazıram? Təzəlikcə Azərbaycanın yeganə azad, müstəqil teatrı – “ODA” teatrı yarıreklam, yarı da insanlarda teatr sevgisini, marağını yenidən oyatmaq üçün indiyədək rastlamadığımız bir yola əl atdı. Bir xanım teatr üçün soyundu və… qiyamət qopdu. Xoşməramlı bir dəstək aktı çoxluğun dar, lokal əxlaq təəssübkeşliyinin qəzəbinə, nifrətinə düçar oldu.
Halbuki eyni xanım seçkidə donunun altından bir topa bülleten çıxarıb seçki qutusuna doldurmağa çalışsa (hansı ki, biz Azərbaycanda belə səhnələri, mənzərələri hər dəfə müşahidə edirik, görürük), ona qarşı həmin bu aqressiyanın yüzdə birinə belə, şahid olmayacaqdıq. Hətta kimi ona haqq qazandıracaq, “neyləsin, bu da balalarına belə çörək aparır” deyəcəkdi, kimi də “dünyanın hər yerində seçkidə belə şeylər olur” deyib ötüşdürəcəkdi.
Hansısa bu cür aksiyanı uğurlu, yaxud uğursuz hesab etmək olar. Yaxud onun nəticəsi və ya nəticəsizliyi barədə mübahisə eləmək də mümkündür. Amma mənə bir şey maraqlıdır: niyə bizdə hansısa qadının hansısa filmdəki yarıçılpaq görüntüsünə olan qəzəbin, aqressiyanın mində birinin yalana, yaltaqlığa qarşı yönəldiyini müşahidə etmirik? Niyə hansısa yazıçının əsərindəki bir-iki vulqar ifadəyə qarşı püskürülən qəzəbin, aqressiyanın mində biri hansısa hakimin haqsız, sifarişli hökmünə, hansısa icra başçsının harınlığına qarşı yoxdur? Niyə bizim adamların yadına əxlaq hansısa qızın mini yubka geyinməsi, hansısa oğlanın saçlarını uzatması zamanı düşür? Bəs seçkini saxtalaşdırmaq əxlaqdandırmı? Bəs xalqın cibinə girmək, büdcədən oğurlamaq əxlaqlı işdirmi? Niyə kiminsə geyimi, saç düzümü əxlaq müzakirəsinə çevrilir, amma günahsız insanların üzünə durmaq, məsum adamları narkotiklə, dələduzluqla, vətənə xəyanətlə şərləmək yox? Niyə küçədə sevgilisi ilə qol-boyun gəzmək ayıbdır, amma 1000 manat maaşla 200 min manatlıq “inomarka”larda gəzmək fərasət əlaməti sayılır?
Indi bizdə kimi dindirsən dünya birliyinin Azərbaycana ikili standartından gileylənəcək. Demirəm, haqsız fikirdir. Bir çox məsələlərlə bağlı doğrudan da belədir. Amma bəs özümüz niyə daim ikili standartdan çıxış edirik? Niyə insanların davranışlarını sosial statuslarına, cəmiyyətdəki yerlərinə, mövqelərinə görə dəyərləndiririk? Seymur Baycanın sözü olmasın, niyə kasıb geyinmiş adam içəndə alkoqolik olur, yaxşı geyinmiş adam içəndə kefqom? Niyə kasıb geyinmiş adam zarafat edəndə təlxək olur, yaxşı geyinmiş adam zarafat edəndə olur zarafatcıl adam? Niyə kasıb bir dəfə sağa-sola gedəndə olur “sümsük it”, yaxşı geyinmiş adam sağa-sola gədəndə olur “baz kişi”?
Niyə hansısa istedadsız, bayağı müğənni polis rəisinin, prokurorun qarşısında soyunub göbək atanda bu təbii qarşılanır, amma Azərbaycanda unudulub gedən, məhv edilən teatra dəstək məqsədi ilə xoşməramlı bir soyunmaq aktı əxlaqsızlıqla eyniləşdirilir?
Əxlaqa sığmayan nədir: hər cür məhəllə basqısını göz önünə alıb teatrı gündəmə gətirmək naminə cəsurca yarıçılpaq pozalar vermək, yoxsa ömrünü teatr səhnəsində çürüdən bir aktrisanın sonda müalicəsinə pul tapa bilməyib kasıb bir komada ölməsinə bais olmaq?!