Nə qədər qəribə olsa da, terrorun mənim üçün ən dəqiq tərifini Nursultan Nazarbayevin kitabından oxumuşdum. Yazılırdı ki, ixtiyari bir yeri götürsək, orada, məsələn, avtomobil qəzasında ölənlərin sayı terrorda ölənlərdən çoxdu. Buna baxmayaraq, avtomobildən heç kim qorxmur, fəqət, “terror” sözünü eşidəndə belə, insanlar təlatüm yaşayır. Nədir bunun sirri? Nazarbayevə görə, bu, terrorun məchulluğu, qeyri-müəyyənliyi ilə bağlıdır. Yəni, onun necə və hardan, hətta niyə gəldiyi insanlara naməlumdur və bu üzdən insanlar özlərini tam müdafiəsiz hiss edirlər.
Nazarbayev əlavə edir; insanlar gündüz heç bir qorxu-hürküsüz getdikləri yolu zülmətdə gedərkən bəzən xoflanırlar. Çünki ətraf onlar üçün qeyri-müəyyən, məchuldu. Düşünürsən, getdiyin yolun kənarında sənə cuman olacaq, bəlkə yolu Hacıbala qazıb çuxur edib, ayağın burxılacaq və s.
Bunları niyə yazdım? Sizə ümid vermək üçün. Həbslər, hakimiyyətin demokratik düşərgə üzərinə şığıması bəzilərində ümidsizlik yaradır. Hətta Ramil Usubovun qəzetini çıxaranların bəziləri bugünkü durumu “demokratiyanın sonu” kimi qiymətləndirir. Boş və ciddi olmayan təbliğata qurban olmaq lazım deyil.
Birincisi, Azərbaycan əlahiddə, dəmir pərdələrlə örtülən ölkə deyil, burada demokratiyanın inkişafı və təntənəsi təkcə bizim işimiz deyil. Dünyanın mütərəqqi kəsimi həmişə bu ellərdə zülm və zillətin nəfəsini kəsmək üçün çalışacaq. Üstəlik, Azərbaycandakı diktatura rejimi törəmə diktaturadı. Onun can və qan aldığı Rusiya ilə dünya hesablaşandan sonra Ilham Əliyevin buz kimi əriyib suya döndüyünə hamımız heyrət edəcəyik.
Əsas məsələ isə budur: Leyla Yunus, Rəsul Cəfərov, Intiqam Əliyev kimi demokratların həbsi Əliyev rejiminin ömrünü artırmır. Əksinə, bu lap yuxarıda gətirdiyimiz iqtibasda göstərildiyi kimi, müəyyənləşmə prosesidir.
Siz Intiqam Əliyevə bələdsiniz? Bu elə bir şəxsiyyətdir ki, onu çəkinmədən “ləyaqət və mərifət simvolu” adlandıra bilərik. Bu insanı nə qədər tanıyan var, özü də elə-belə adamlar yox. Ziyalılar, ictimai fəallar, tələbələr və s. Azərbaycan hakimiyyətinin bütün mirzələri, nökər-naibləri yığıla, Intiqam Əliyevi tanıyan çevrədə bir nəfəri də inandıra bilməz ki, o, hansısa cinayəti edib!
Işinə sonsuz dərəcədə məsuliyyətli, yüksək mədəniyyətilə, hətta salamlaşanda da adamı təsirləndirən adamı bu ölkədə həbs edirlərsə, bu artıq terror mühitindən çıxış deməkdi.
Rəsul Cəfərov kimi gənc və dürüst insanı günün günorta çağı türməyə salmaq zülmətin ölkədə çökməsi deyil, vəziyyətin aydınlaşmasıdır. Qorxu, xof yaranmır, əksinə onu doğuran səbəblər bilinir, bu isə növbəti mərhələ üçün bol ümidlər yaradır. Insanlar daha çox və daha dərindən inanmağa başlayır ki, belə davam edə bilməz. Heç kim Ilham Əiiyev barədə “yaxşı padşah” obrazı yaratmaqla özünün şərdən sığortalaya bilməz.
Adamlar dərk edir ki, Leyla Yunus kimi dünyada tanınan, yaşı və sağlamlıq problemi olan qadını şərləyib türməyə salan hökumət sabah sənin ətini şişə də taxmaq istəyər.
Ən vacib və güc yaradan faktorlardan biri də bilirsinizmi nədi? Fikir verin, hökumətə qarşı olan hər kəs tutulan kimi günün qəhrəmanı olur. Biz “facebook” və başqa sosial şəbəkələrdə Əliyevin dustaqlarına qarşı böyük sayqı, hörmət görürük. Insanlar özlərinin, övladlarının fotosunu çıxarıb, bu insanların şəkillərilə əvəzləyir. Kimin bu adamlarla birgə fotosu varsa, qiymətli eksponat kimi paylaşır.
Kiçik detaldır, amma çox önəmlidir. Sizdən soruşuram: bu qədər var-dövlət, cah-cəlala, mənsəbə baxmayaraq, Azərbaycanda kim Əli Əhmədovla, Siyavuş Novruzovla, Mübariz Qurbanlı ilə foto çəkdirib “facebook” səhifəsində yayar? Yayar, ancaq orada yazılan şərhlərə çətin tab gətirər. Azərbaycanın sadə insanı bu adamlardan vəbalı xəstələr kimi qaçır, uzaq durmağa çalışır.
Sizə sirrimi də açım, siyavuşnovruzovların ən ləyaqlısı Rəfael Hüseynovla (deputat) bir fotom var. Qorxumdan onu elə gizlətmişəm ki, heç Mərkəzi Kəşfiyyat Idarəsi də tapa bilməz. O fotonu məzə üçün çəkdirmişəm, ancaq narahatam ki, ictimailəşə bilər və heç kimə heç nəyi inandıra bilmərəm.
Xülasə, var ümid gələcəyə, qoy gələcəyini bərbad eləyənlər narahat olsun!