Elxan Şahinoğlu: «Ərdoğan çalışacaq ki, parlament seçkilərində daha çox səs qazanıb, prezidentin səlahiyyətlərinin artırılmasına nail olsun»
Avqustun 10-da Türkiyədə prezident seçkiləri keçirildi və ilk dəfə olaraq prezidenti xalq seçdi. Prezident seçkisində 3 namizəd yarışırdı: Hakim Ədalət və Inkişaf Partiyasıdan baş nazir Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının 12 partiya ilə birgə irəli sürdüyü Islam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmələddin Ihsanoğlu və keçmiş Sülh və Demokratiya Partiyasının (BDP) hazırkı “Xalqların Demokrat Partiyası” (HDP) sədri Səlahəddin Dəmirtaş. Seçki nəticələri elan edildi və Rəcəb Tayyib Ərdoğan 52 faiz səslə Türkiyənin yeni prezidenti seçildi.
Əksər ekspertlərin proqnozu da belə idi ki, Ərdoğan seçkilərdə qalib gələcək. Çünki, Ərdoğanın siyasi bacarığı, xarizması, seçicini ələ almaq məharəti digər namizədlərdən üstün qiymətləndirilirdi.
Indi Türkiyədə yeni bir dönəm başlayır. Bəs, Ərdoğanın prezidentliyi Türkiyəyə nə vəd edir? Dövlət idarəetməsində hansı dəyişikliklər olacaq, baş nazir postuna daha çox ehtimal edilən kimdir?
Siyasi ekspert Elxan Şahinoğlu hesab edir ki, Ərdoğanın növbəti mərhələdə əsas məqsədi prezidentin səlahiyyətlərinin artırılması olacaq: “Türkiyənin qarşısında yeni səhifə açıldı. Bu o deməkdir ki, Türkiyə cəmiyyətində prezidentin rolu artacaq. Ərdoğan ilk növəbədə çalışacaq ki, partiya sədri və baş nazir postuna layiq bildiyi adamlar gəlsin. Çünki o, partiyanın bundan sonra da qələbələri təkrar etməsini istəyir. Ona görə çalışacaq elə adamlar bu postlara gətirilsin ki, digər rəqiblərlə üstün mübarizə apara bilsin. Daha sonra qarşıdan gələn parlament seçkilərinə güc qoyulacaq. Ərdoğan çalışacaq ki, parlament seçkilərində daha çox səs toplamaqla, prezidentin səlahiyyətlərinin artırılması ilə bağlı referenduma nail olsun. Əsas hədəf isə 2 müddət prezident kürsüsündə qalmaqdır. 2023-cü il Cümhuriyyətin yaradılmasının 100 illiyidir və Ərdoğanın bununla bağlı da planları var”.
Ekspert onu da əlavə etdi ki, müxalifət bu seçkidə zəif təsir bağışladı: “Müxalifətin ortaq namizədi kifayət etmədi ki, seçki ikinci tura keçirilsin. Hesab edirəm ki, CHP və MHP başqanları seçkiyə qatılsaydı seçkini ikinci tura keçirmək olardı. Çünki, Ərdoğan 52 faiz səs yığdı. Ciddi mübarizə olsaydı, seçkini daha gərgin rəqabət şəraitində keçirmək olardı. Bu illər ərzində müxalifət zəifləməkdə davam edib. Bu artıq Ərdoğanın 9-cu qələbəsi oldu. Müxalifətin daxilində ciddi dəyişiklik olmasa, Ərdoğanla mübarizə çətin olacaq”.
Akif


