Ceyms Uorlik: “Rusiyanın artıq öz sərhədləri daxilində böyük problemləri var…”
“Rusiyanın artıq öz sərhədləri daxilində böyük problemləri var və o, yeni toqquşmaları qızışdırmalı deyil”. Bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib.
Erməni mətbuatı bunu ABŞ-ın Rusiyaya xəbərdarlığı kimi şərh edib. “Amerikalı diplomat Moskvaya işarə vurur ki o, Qarabağda vəziyyəti gərginləşdirməyə çalışarsa, yeni problemlərlə üzləşəcək və onları həll edə bilməyəcək. Ukraynanı əlində saxlamaq üçün Qafqaza od vuran Moskva hər ikisini itirəcək”, – deyə erməni şərhçi Akop Badalyan bildirib (ans).
Heç kim üçün sirr deyil ki, Dağlıq Qarabağ problemini yaradan və bu vaxta qədər onu həllinə imkan verməyən ölkə məhz Rusiyadır. Rusiya bu konfliktdən həmişə hər iki ölkəni özündən asılı vəziyyətdə saxlamaq üçün istifadə edir. Cəbhə xəttində baş vermiş gərginlik və insan itkiləri Rusiyaya bir daha imkan verdi ki, dərhal “Soçi görüşü”nü təşkil edib özünü problemin həllinə təsir edən başlıca ölkə kimi təqdim etsin. Bu açıq şəkildə konfliktin nizamlanması ilə məşğul olan Minsk Qrupunun formal xarakter daşıdığını, Rusiyanın isə həlledici amil olduğunu dünyaya nümayiş etdirmək idi. ABŞ hökumətinin təmsilçisinin belə sərt açıqlaması göstərir ki, onlar Rusiyanın bu münaqişə məsələsində necə neqativ rol oynamasını, Ukraynada uduzan Putinin Qarabağ məsələsində hətta qan tökülməsindən çəkinmək niyyətində olmadığını yaxşı. Bu açıqlama ilə Rusiyanın problemin həllini tormozlayan başlıca qüvvə olduğunu bütün dünyaya nümayiş etdirilir. ABŞ tərəfinin Rusiyanı açıq şəkildə ittiham etməsi Kremlə çox sərt xəbərdarlıq kimi qiymətləndirilməlidir. Vaşinqton bununla bildirmək istəyir ki, bizim sizin qara niyyətlərinizdən xəbərimiz var və bunun həyata keçməsinə qarşı zəruri addımların atılmasından çəkinməyəcəyik.
azadlıq.info