Arzulamaq və gözləmək kifayətdirmi?

Nə vaxtsa belə bir dialoq oxumuşdum: “Dəyişikliyi hələ çoxmu gözləyəcəyik?”

Cavab: “Gözləsək – hələ çooox…”

Məsələ burasındadır ki, indi bu “gözləmək” feli Azərbaycandakı mütləq çoxluq üçün mövcudluq formasıdır. Dəyişikliyi ölkədəki bir ovuc hakimiyyət qəsbkarını istisna etməklə, hamı arzulayır. Arzulayır və gözləyir. Vəssalam. Arzulamaq və gözləmək – əksəriyyətin bacardığı yalnız bundan ibarətdir. 

Əlbəttə, heç hamıdan irticaya qarşı dirənişin ön cərgəsində olmağı tələb etmək də olmaz. Bu heç real da deyil.

Amma ilk baxışda xırda detal kimi görünən, əslində isə çox mühüm vətəndaş vəzifələri var və barı bunları unutmamaq, yerinə yetirmək lazımdır. Yaxşı, mitinqə çıxmaqdan qorxur adamlar, ölkəni ağuşuna alıb gedən zülmə, ədalətsiliyə, hüquqsuzluğa, talana, yalana yüksək səslə etiraz etməkdən çəkinir.

Heç olmasa, Əliyev rejiminin kimləri və niyə həbs etdiyini öyrənməyə, bilməyə sözünüz nədir? Bunu niyə yazıram? Son həbslərdən sonra hər dəfə sosial şəbəkədə şəxsən mən “yazmısınız, filankəs həbs olunub, o kimdir, nə işlə məşğul olurdu, bəlkə bir pis əməli var imiş” tipli nə qədər adamın sorğuları ilə üzləşirəm. Ay qardaşlar, ay bacılar, yəni bir insan yaşadığı ölkənin gerçəklərindən bu qədərmi uzaq olar? Ölkəsində nə olub-bitdiyindən bu qədərmi xəbərsiz olar? Yaxşı, sizin haqlarınız uğrunda, sizin azad, firavan bir məmləkətdə yaşamağınız üçün min bir məhrumiyyət, məşəqqətlə mübarizə aparan insanları onlar həbs edildikdən sonra tanıyırsınız, eybi yox, bəs heç olmasa bundan sonra o insanların kimliyini, xidmətlərini araşdırıb-öyrənməyə sözünüz nədir? Bütün günü internetdə bayağı, düşük kliplərin, serialların, xəbərlərin arxasınca qaçınca bir neçə dəqiqə vaxt ayırıb bu dəyərli insanlar, onların misilsiz işləri barədə informasiya toplamağa nə mane olur sizə? 

Dediyim odur ki, ləyaqətli bir həyat yaşamaq üçün onu arzulamaq və gözləmək azdır. Belə bir həyata qovuşmaq üçün ən adi vətəndaşlıq vəzifələrini yerinə yetirmək lazımdır. Ən azı elə etmək lazımdır, hansısa situasiyada çox sadə həqiqətləri sənə uzun-uzadı anlatmaq ehtiyacı yaranmasın. Elə etmək lazımdır ki, çox ağır, çətin şərtlər altında Sistemə qarşı dirəşən insanlar bir yandan da öz vaxtlarını, enerjilərini ən adi gerçəklikləri sizə izah eləmək məcburiyyətində qalmasınlar.

Açığı, son vaxtlar mən “biz informasiya çağında yaşayırıq” sözlərinə gülməyə başlamışam. Bu, gəlişmiş ölkələr üçün keçərli ola bilər. Azərbaycanlılar isə qeybət, dedi-qodu çağından qopmadıqlarını elə bir neçə gün əvvəl “virtual Qarabağ savaşı”nda ortaya qoydular. Biz informasiya texnologiyalarını çox asanlıqla dezinformasiya texnologiyalarına çevirdik. Niyə? Çünki tənbəlik. Bunun üzərinə də artıq kütləviləşmiş ictimai laqeydlik hissini gəlin. Nəticə? Heç kim araşdırmaq istəmir. Heç kim öyrənmək, bilmək, incələmək istəmir. Bu isə həm də bir toplumu irəli götürən, gəlişdirən sorğulamaq, hesab istəmək, tənqidçi və şübhəçi olmaq kimi vərdişlərin oturuşmasını əngəlləyir. 

Azərbaycandakı kimi rejimlərə isə məhz bu lazımdır: xalqı rahat yönləndirə və aldada, istədiyi kimi istiqamətləndirə və idarə edə bilmək üçün. Bir halda ki, ictimai tənbəllik və ictimai laqeydlik kütləvi mövcudluq formasıdır, orada  yağmalamaqdan, talamaqdan, qanunları çeynəyərək, azadlıqları yox edərək, xalqın maraqlarını güdmədən, sadəcə, öz mənfəətlərinə uyğun hökmran olmaqdan asan nə var?

Dediyim odur ki, dəyişikliyi arzulamaq və gözləmək kifayət deyil.

Bəs başqa nə lazımdır?

Yazı boyunca bu sualın cavabını anlada bilmədimsə, mənim qəbahətimdir, sizin deyil.

Üzrlü sayın.