Fəridə bacıdan general Rövşən Əkbərova dərs

Müharibələr nə qədər ağrılı-acılı olsa da, lətifələrdən yan keçmir. Belə ki, tarixin ən qanlı savaşları haqda saysız-hesabsız lətifələr mövcuddur. Müharibə iştirakçılarının bir qismi qəhrəmanlıq nümunəsi yaradır, o biri qismi isə şifahi xalq ədəbiyyatının bəhs etdiyimiz sahəsinə də töhfələr verir. 

Son günlər torpaqlarımız uğrunda gedən döyüşlər bunu bir daha sübut etdi. Gözünü qırpmadan Vətən uğrunda şəhid olan qəhrəman şəhidlərimiz və… 

Ikincilərin siyahısı çox uzundur. Kimlər yoxdur burada? Hər gün bir neçə yaşayış məntəqəmizin düşməndən geri alınması haqda dezinformasiya verən jurnalistlər, prezidentin “əmrini” gözləyən şou-biznes əhli, Ağdama “tələsən” məmurlar, fürsətdən(!) istifadə edib müxalifətə saldıran naxələflər və s. 

Hətta çörəyi qadın müğənnilərin saçyoldusundan çıxan Tolik adlı birisi də “fürsət”dən istifadə edib əzəli rəqiblərinə zərbələr endirməyə başlamışdı. Prodüsseri olduğu xanım müğənnisinin “düşmən”lərini Vətəni sevməməkdə ittiham edirdi. 

Əlqərəz, Azərbaycan əsgərindən başqa, hamı cəbhə bölgəsində yaranmış vəziyyətdən öz şəxsi maraqları üçün istifadə etməyə çalışırdı. Nə isə, keçək əsas məsələyə. 

Son olaylar göstərdi ki, biz müharibə yumoru mövzusunda yaranmış boşluğu da doldurmağa qadirik. Bu sahənin qəbul olunmuş şedevrləri “Çapayev-Petka-pulemyotçu Anka”, “Ştirlits və rabitəçi Katya”, eləcə də digər mövzularla rəqabət apara biləcək potesialımız var. Düzdür, xaricilər bu yumoru anlamaqda öncə bir az çətinlik çəkəcəklər, amma mən inanıram ki, bu hal müvəqqətidir. 

Heç şübhəsiz, lətifələrin böyük əksəriyyəti bizim generallarla bağlı olacaq. Götürək elə son “erməni diversant”ı ilə bağlı hadisələri. Onun ordu komandiri general Rövşən Əkbərovun kabinetinə gətirilməsi və dindirilməsini göstərən videogörüntülərın ardınca həqiqətlərin aşkara çıxmasını. Elə görüntü yaradıldı ki, guya bu “diversant” əməliyyat zamanı məhv edilən kəşfiyyat-təxribat dəstəsinin sağ ələ keçirilmiş yeganə üzvüdür. Sonradan məlum oldu ki, əməliyyat-filan olmayıb, bu ermənini Tovuz rayonunun Ağbulaq kənd sakini Fəridə adlı qadın tutub. Erməni çay içmək istəyirmiş.., üstündə də nümayiş etdirildiyi kimi heç bir silah-filan olmayıb. Qadın yeniyetmə oğlunun köməyi ilə onu kənd çayxanasına gətirir. Sakinlər onu NZS pivəsinə qonaq edirlər və təhvil verilər… “uçastkovıya”, yəni sahə müvəkkilinə…

Azərbaycanda artıq formalaşmış və hər kəsin qəbul etdiyi  bir “uçastkovı” standartı var. Yəni bu o deməkdir ki, bu erməni onun üçün maraqsız bir obyektdir. Nə dalınca gələcək qohum-əqrəbası var, cibi boşdur, üstəlik, heç kimin toyuğuna daş atmayıb. Ən əsası isə, onu kənd sakinləri təhvil veriblər, özü tutmayıb. Odur ki, vaxt itirmədən onu hərbçilərə təhvil verib. Nəzərinizə çatdırım ki, bu vaxta qədər onun nə qolunda qandal, nə də əynində kamufulyaj olub. Hərbiçilər isə, ona hərbi çəkmə və gödəkcə geyindirərək, qandallayıb diversant şəklində generalın hüzuruna gətirirlər. General və diversantın dialoqu dövriyyəyə buraxılır. Hamı generalın paqonunda bir ulduzun artacağını düşünsə də, əsərin baş qəhrəmanı, Daşbulaq kənd sakini Fəridə bacı və həmkəndliləri başqa fikirdə olurlar. Onlar sonradan təhlükəli diversanta çevrilmiş erməninin heç bir əməliyyat keçirmədən yaxalanma anını və onunla profilaktik söhbətin videoyazısını ortaya qoyurlar…

Indi isə, özünüz düşünün, “general Rövşən Əkbərov və Fəridə bacı” mövzusunda lətifələr nədən olmasın? Bu iki şəxsin dialoqunu xəyalınızda istənilən formada canlandırsanız, dodağınıza təbəssüm qonacaq. Bir az məsələyə ciddi baxaq… 

Fəridə bacının yaxaladığı erməni ilə general Rövşən Əkbərovun dialoqunu əks etdirən kadrlardan fərqli olaraq, kənd əhalisinin iştirakı ilə çəkilən video bir-birindən tamamilə fərqlənir. Birincidən qorxunc erməni qatili obrazı “boylanır”, elə görünür ki, iki kommandosumuz onu hətta əlibağlı vəziyyətdə zorla saxlayır. Adam istər-istəməz fikirləşə bilər ki, ay dad, erməninin çəlimsizi bu qədər təhlükəlidirsə, gör o biriləri necədir. Nə yaxşı ki, kənd sakinlərinin çəkdikləri kadrlar var imiş. Onlar erməninin bizim “spetsnaz”dan fərqli olaraq, heç onun əl-qolunu da bağlamağı da lazım bilmədilər. Bununla da, göstərirlər ki, ermənidən qorxmaq çəkinmək lazım deyil. Hətta azərbaycanlı qadın belə erməni kişisini tərksilah etmək gücündədir…  

Indi özünüz deyin, kim daha professionaldır, Fəridə bacı, yoxsa general Rövşən Əkbərov?..