Əfv ərizəsi: yazaq, yazmayaq?

Iki gün əvvəl hakimiyyət dələduzluq etdiyinə görə həbs edilən bir nəfərdən – Dəyanət Məmmədovdan əfv ərizəsi alıb. Hakimiyyət Dəyanəti bu ərizəsində AXCP-dən də, “Azərbaycan saatı” proqramından da “çıxarıb”. Əvvəllər yalanla başqa şeyin ömrü 40 gün çəkərdi, indi dövr dəyişib, YAP-ın yalanının ömrü heç 40 dəqiqə də çəkmir. Əfv-bəyanat yayılandan dərhal sonra sənəd-sübutla hər kəsə bəlli oldu ki, nə cəbhədə belə adam var, nə də “Azərbaycan saatı”nda…

Sözüm bunda deyil. Hökumət artıq neçənci dəfədir ki, AXCP-yə aidiyyəti olmayan adamlardan belə istefa ərizələri, bəyanatlar alır. Ümumiyyətlə, son çağlar əfv ərizəsi almaq Azərbaycan hakimiyyəti üçün ölüm-dirim məsələsinə çevrilib.

Diqqət yetirək, bu ərizələri öz təntənəsi kimi yayan hakimiyyət bir qədər əvvəl bu adamlara qarşı ən ağır maddələrlə ittiham verirdi. Bir yandan onları “cinayətkar” elan edir, o biri yandan da belə şəxslərə özünü təriflədir. Təmiz dəlixana!

Mən YAP üzvlərinin sayını itirmişəm, deyəsən, bir azdan ağacların, dağ-daşların da YAP vəsiqəsi daşıdığını deyəcəklər. MSK-nın nəticəsinə görə, guya, Ilham Əliyev son seçkidə 84,55 faiz səs alıb. Aha, belədirsə, bu qədər tərəfdarı, səsverəni olan adam niyə əfv ərizələrində onun böyüklüyü və müdrikliyini təsdiq edən cümlələrdən ötrü sinov gedir? Axı sən niyə uzaqgörən və analoqsuz siyasətinə “orderi” həbsxanadan alırsan? Deməli, bizim hamımızdan daha yaxşı Ilham Əliyev özü dərk edir ki, onun tərəfdarı yoxdu. Ona “yaxşı” deyən hər kəs ən azı, şikəst edilmiş biridir. Ona deyilən hər tərifin arxasında irin-qan yatır. Bu əslində, tərif də deyil, nifrindi.

Biz öz çiyindaşlarına ağır sözlər ünvanlayıb Ilham Əliyev kimi tirandan mərhəmət umanlara çox vaxt qəzəblənirik. Deyim ki, bu heç də qeyri-təbii deyil. Mübarizə evcik-evcik oyunu deyil. Bura girirsənsə, məsuliyyətini dərk eləməlisən. Mininci dəfə Seyid Qütubdan sitat gətirməyə məcburam: “Bizim yol tikanlıdır, ayağını sevənlər gəlməsin”.

Yaxud laçın vaxtlarını Türkiyənin ən qaranlıq zindanlarında keçirən Nazim Hikməti eşidək:

“Düşmesin bizimle yola,

evinde ağlayanların

göz yaşlarını

boynunda ağır bir

zincir gibi taşıyanlar!ÿ

Bıraksın peşimizi

kendi yüreğinin kabuğunda yaşayanlar!”

Həbsxana çətin yerdi, azadlığın məhdudlaşır, əzizlərindən uzaq dayanırsan – bunlar hamısı bəllidir. Heç kimin, eləcə də bu sətirləri yazanın türmələr üçün ürəyi getmir. Ancaq sən ora niyə düşdüyünü dərk edirsənsə, əzabların da sənə doğmalaşacaq. Gəlin, etiraf edək, o əfv ərizələrini heç kimi döyüb yazdırmırlar. Bu məsələdə daha çox psixoloji baxımdan tab gətirməmək rol oynayır.ÿIndi kim o əfv ərizəsini “priyom” adlandırıb fəlsəfə yaratmaq istəyirsə, mən onlara qulaq asmaq istəmirəm, bu, sadəcə, yalandı.

Pis bir praktika da var, Ilham Əliyevə əfv yazıb çölə çıxıb bir nəfərin də qaldığı yerdən davam etdiyini görməmişik. Varsa, mən unuduramsa, bəri başdan üzr istəməyə hazıram.ÿƏfv yazanların sınma məqamı daha çox “bizi tənha buraxdılar, bu toplum üçün bu qədər əzab çəkməyə dəyərmi?” suallarının ağırlığıdı. Zahirən bu, əfv diləmək üçün gözəl stimul sayıla bilər.ÿElə o gün qiymətli insan Intiqam bəyi istintaq məhkəmə yollarında apar-gətir edəndə mən dostlarımda ətrafı müşahidə edirdim. Gənclər, qocalar heç nədən xəbərsiz veyillənir, domino oynayır, hərə öz aləmindəydi. Hətta bu cəhənnəm vadisində xoşbəxt görünənləri də vardı.

Fikirləşirsən ki, biz 37-ci ilin repressiyalarını oxuyanda bəzən hiddətlənər və təəccüblənərdik, deyərdik, axı nə təhər olur, Müşfiqi, Cavidi, Almaz Ildırımı günahsız yerə həbs edəndə, öldürəndə niyə bu cəmiyyətin səsi çıxmayıb?

Günümüzdə bu sual çox yersiz və zəif görünür, çünki 1937-ci ildə bu qədər informasiya mənbəyi olmayıb, üstəlik, dəhşətli və amansız repressiya maşını vardı. Bu gün isə fərqlidir. Hətta Intiqam bəyin müdafiə etdiyi durduğu şəxslər məhkəmə önünə gəlməyi özünə əzab sayır, tənbəllik edir. Leyla Yunusun özünü min bir əclafın hədəfinə gətirərək müdafiə etdiyi eynullafətullayevlər indi ona qarşı səfərbərdi.

Bəli, ağır mənzərədi. Amma bu, təslim olmaq üçün yox, daha inadla mübarizə aparmaq üçün əsas olmalıdır. Cəmiyyət özü-özünə bu günə düşməyib ki… Onu 45 ildir zəlil edən Əliyevçilik adlı bir maşın var. Bu maşını dayandırmaq lazımdı, daha əfv ərizələri ilə onun təkərini qaraltmaq yox!

Söz vaxtına çəkər.ÿ21 avqust, 1966-cı il. Misir diktatorunun sifasişi iləÿSeyid Qütuba məhkəmə edam cəzası kəsdi. Dünyadan gələn təpkilərə görə diktator Camal Əbdül Nasir onu əfv etməyə razılaşmışdı. Tək bir şərti vardı – Seyid Qütub əfv ərizəsi yazsın! O isə əfv ərizəsi yerinə bunları yazdı: “Mən Allah yolunda gördüyüm iş üçün əsla üzr istəmərəm. Namazda Allahın birliyinə şəhadət edən barmağım əsla bir tautun hökmünə yarayacaq tək bir hərf belə yazmayacaq”.

Seyid bu sözlərindən 5 gün sonra dara çəkildi.

Bu, tarixə düşən sözlər və hadisədir. Ancaq nə qədər belə hadisələr olub ki, adamlar, heç adlarının bir hərfi tarixin kitablarına, qəzetlərinə düşmədən, bu barədə umacaqları olmadan qəhrəmanlıq nümunəsi yaradıblar. Keçən əsrin əvvəlində Çar mütləqiyyəti ilə aparılan mübarizə barədə elə bizim ölkəmizdə nə qədər ədəbiyyat çap olunub. Onları oxumaq lazımdı. Minlərlə insan o zibil ərizəni yazmaqdan imtina edib, sürgünü, ölümü üstün tutub. Bütün bunlar ona görədir ki, adamlar məsuliyyətlərini dərindən dərk edib.ÿBu zülmlə savaş təmənnalı iş deyil, biznes deyil. Böyük mənada, fədakarlıqdır. Bilə-bilə ki, sənin zəhmətin layiqli qiymətini almayacaq, sənə “sağ ol” nədir, bəzən bunun əvəzinə lənətlər yağdırılacaq, yenə də doğrunu müdafiə etməkdi, zalıma “zalımsan” deməkdir, bu şanlı dava.

Əfv ərizələri ilə heç kim azad olmur. Belə ərizə əslində, əlində olan azadlıqdan da imtina deməkdir. Bu tip ərizəni yazacaq adamları uca səslə qınaya bilməsək də, onlara qahmar çıxmağın da tərəfdarı deyiləm. Çünki o ərizəni yazmayıb min bir möhnətə tab gətirən insanların haqqını yemiş oluruq.

O ki qaldı bu ərizə yazanların Ilham Əliyev cəbhəsinə adlamasına, bundan narahat olmağa dəyməz. Əksinə, sabah situasiya dəyişəndə bizim birinci işimiz bu qüruru tapdalanan, öz əqidəsindən üz döndərməyə məhkum edilən insanların amansız hücumundan Ilham Əliyev və onun dəstəsini hifz eləmək olacaq. Axı belələrinin intiqamı daha dəhşətli olur! Bunu Ilham Əliyev də gözəl bilir, əfvi diqtə edənlər də…