«Repressiyalar böyük bir prosesin qarşısını ala bilməz»
Gültəkin Hacıbəyli: «Hakimiyyət dünyanın diqqətinin Ukraynaya artdığı bir zamanda yaranmış fürsətdən maksimum istifadə etməyə çalışır»
Hakimiyyətin vətəndaş cəmiyyətinin ən parlaq simalarını hədəf seçməsi iqtidarın xarici siyasət kursu ilə bağlı bir sıra suallar yaradır. Çünki Qərbin müdafiə etdiyi dəyərləri Azərbaycanda açıq formada tapdalamaq siyasəti rəsmi Bakının bəzi niyyətlərinin olduğunu deməyə əsas verir. Hakimiyyət son repressiyası ilə əslində hansı siyasi kursa üstünlük verdiyini açıqladı. Hakimiyyətin qənaətincə, Rusiyayönlü xəttə daha çox ağırlıq vermə hazırkı dönəmdə onun maraqlarına cavab verir. Qərbin isə Rusiyanın enerjisinə alternativ kimi məhz Azərbaycanı görməsi hakimiyyətin qənaətincə, onun əl-qolunu bir qədər də “açır”. Çünki belə olan halda vətəndaş cəmiyyətinə hücumlarına Qərbin adekvat reaksiya verməyəcəyi gözlənilir.
Digər tərəfdən, 2015-ci il Azərbaycanın beynəlxalq aləmin diqqətinə gələcəyi ildir. Məhz bu ilə Avropa Birliyi Azərbaycanla bağlı Assosiasiya Sazişini müzakirəyə çıxaracaq. Eyni zamanda onu da vurğulamaq yerinə düşər ki, 2015-ci il Azərbaycanda həm parlament seçkiləri, həm də ilk Avropa Olimpiya oyunlarının keçirildiyi ildir. Hakimiyyət budəfəki seçkinin 2005, 2010-cu il seçkilərinin təkrarı olmayacağını gözəl bilir. Ona görə hələ seçkiyə qədər prosesin total şəkildə saxtalaşdırıldığını deyə biləcək şəxsləri azadlıqdan məhrum edir.
Milli Şuranın Beynəlxalq Əlaqələr Komitəsinin sədri Gültəkin Hacıbəyli bildirdi ki, sağlam məntiqlə hakimiyyətin yürütdüyü repressiyaları əsaslandırmaq mümkün deyil. Hakimiyyətin son addımlarını 2015-ci il parlament seçkilərinə, Avropa Olimpiya Oyunlarına hazırlıq kontekstində nəzərdən keçirməyin tərəfdarı olan G.Hacıbəyli hesab edir ki, hakimiyyət dünyanın Ukraynaya diqqətinin artdığı bir zamanda yaranmış fürsətdən maksimum istifadə etməyə çalışır: “Başqa bir versiyaya görə, hazırda cərəyan edən repressiyalar hakimiyyət daxilində Rusiyapərəst qüvvələrin əzələ nümayişidir. Qərblə olan bütün dayaqları məhv etməklə Azərbaycanı birmənalı şəkildə Rusiya istiqamətinə yönəltmək olar. Bunun üçünsə Qərblə sıx əməkdaşlıq edən vətəndaş cəmiyyətinin təmsilçilərini sıradan çıxarmaq gərəkdir. Bu zaman isə Azərbaycan hakimiyyəti Avrasiya Ittifaqına üzvlük seçimi qarşısında qala bilər. Amma bir şeyi əminliklə söyləmək olar ki, hakimiyyətin atdığı addımlar Azərbaycana fayda gətirən qərarlar deyil. Müəyyən müddət üçün cəmiyyətdə baş verənlərlə bağlı apatiya yarana bilər. Amma nəticə etibarı ilə düşünmürəm ki, bu addımlar böyük bir prosesin qarşısını ala bilər”.
Qərblə Rusiya qarşıdurmasının həlledici fazaya qədəm qoyduğunu deyən G.Hacıbəyli vurğuladı ki, Qərb NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı ciddi qərarlar qəbul edir. Avropa Birliyinin Moldova, Gürcüstan, Ukrayna siyasətində çox israrlı olduğunu deyən G.Hacıbəyli bildirdi ki, eyni yanaşmanın Cənubi Qafqaz siyasətində də sərgiləndiyi hiss olunur: “Nə qədər repressiyalar olsa da, bu proses nəticə etibarı ilə Azərbaycanın Avropanın tərkib hissəsinə çevrilməsi, demokratiya və insan haqları dəyərlərinin bərpa olunması ilə nəticələnəcək. Azərbaycanın inkişafının başqa yolu, istiqaməti də yoxdur”.
Hazırda hakimiyyətin atdığı addımlara sərt beynəlxalq reaksiyanın müşahidə olunduğunu deyən G.Hacıbəyli vurğuladı ki, amma bununla belə hakimiyyət hücum üçün əlverişli zamanı seçib. Çünki hazırda Avropanın, demək olar, bütün siyasi institutları tətildədirlər: “Bu baxımdan belə bir zamanın seçilməsi təsadüfi deyil. Amma buna baxmayaraq biz sərt reaksiyanın şahidiyik. Düşünürəm ki, payızda biz Avropadan ölkədə baş verənlərə daha sərt münasibətin şahidi olacağıq”.
Xəyal


