İlham Əliyev necə qocaldı?

2003-cü ildə onun hakimiyyətə necə gətirildiyini xatırlayırsınız, yəqin. Hansı bəh-bəhlə… Gənc, perspektivli, ingilis dilində danışan, islahatçı, modernist, və s. Bu təqdimatı elə 2003-cü ildə seçkilərin səhəri günü baş verən meydan qırğını bir balaca laxlatsa da, ona haqq qazandıranların arqumenti hələ güclü görünürdü – “Gənc prezident ölkədəki başıpozuqluğu, rüşvətxorluğu, idarəetmədəki boşluqları yoluna qoyacaq, Azərbaycanın imicini buludlara qaldıracaq, ölkə insanının həyatı sahmana düşəcək”.

Xatırlayırsız yəqin, Ilham Əliyevin hakimiyyətə gəldikdən sonra necə adil bir prezident olacağını, Qarabağı ən qısa müddətdə geri alacağını proqnozlaşdıran politoloqların, şairlərin, müğənnilərin, jurnalistlərin əhval-ruhiyyəsini. Amma daha 10 il əvvələ gedib onun atasının da hakimiyyətə növbəti dəfə gəldiyi zaman proqnozlarını qaldırmağımız gərəkəcək. “O, qisas almaq üçün gəlmir, ömrünün yerdə qalan hissəsini Azərbaycan xalqına sərf etmək, tarixə müsbət obrazla düşmək üçün əlindən gələn xidməti yerinə yetirmək üçün gəlir” deyirdilər. Bunu da xatırlayırsız, şübhəsiz. Atasının 1993-cü ildəki bu təqdimatı həm də o demək idi ki, əvvəlki Sovet zamanındakı hakimiyyəti dönəmində o, Azərbaycana və Azərbaycan xalqına xidmət etmədi. Tarixdə müsbət anlamda xatırladılası heç bir işə qol qoymadı. 1993-cü ildə isə bu səhvlərini aradan qaldırmaq üçün hakimiyyətə gəlməli idi. Bir xalq onun yanlış eksperimentlərini islah etmək üçün “laboratoriya siçanı” rolunu oynamalı idi. Oldu və daha da rəzil günə salındı.

2003-cü ildə isə eynilə 1993-cü ildəki təqdimatdan istifadə etdilər. Oğul Əliyev atasının edə bilmədiklərini etməyə gəlir, onun buna imkanı var, ingilis dilini bilir və gəncdir. Bundan başqa heç bir təqdimat imkanı yox idi. Çünki o, siyasətçi deyildi, heç zaman siyasətdə olmamışdı. Neft şirkətində uğursuz komissarlıqla məşğul idi və onun ciddi və böyük siyasətdə yerini heç kim təsəvvür edə bilmirdi. Buna görə də onu yalnız bu sayaq təqdim etmək mümkün idi. Gəncdir və ingilis dilini bilir. Gəncliyi və ingilis dilində danışa bilməyinin yarada biləcəyi bütün mümkün qiyabi avantajları təşbehlər sırasına düzüb onun üçün təqdimat yazırdılar. Onu ikicə təqdimatla və bir də saysız-hesabsız seçki saxtakarlıqlarıyla prezident etdilər.

Cəmi iki il sonra – 2005-ci ildə verdiyi bir bəyanat onun 70 yaşlı qoca təfəkküründən bəri gəlmədiyini və ingilis dilinin müasir informasiyalara verdiyi çıxış imkanlarından heç nə götürə bilmədiyini sübut etdi. O, polisi başına yığıb elan etdi ki, polis dövlətin deyil və şəxsən onun özünə məxsusdu. “Sizi heç kim cəzalandıra bilməz və mən göstəriş vermişəm ki, heç kim polisi cəzalandırmaq haqqında düşünməsin” – bu, dəhşətli bir bəyanat idi. Prezident dövlətin polisilə qanunun dililə yox, özünün kefinin istədiyi dildə danışırdı.

Bu bəyanat ölkənin hüquq-mühafizə sisteminin bütün mahiyyətini bir qəpiklik etdi. Siyasətlə heç zaman məşğul olmayan, hüququn və siyasətin nə üçün gərəkli olduğunu bilməyən gənc və perspektivli, ingilis dilini yaxşı bilən bir nəfərin ayaqları altına atdı. Müasir dövlətçilik tarixinə bu təfəkkürdən irəli gələn yanaşma əslində, Azərbaycanın hansı böyük bir təhlükənin ağuşuna atıldığını dərk etmək üçün kifayət idi.

Onun prezident olduğu zamana qədər Azərbaycanda rüşvət idarəetmə metodu idi. O, bunu ləğv etdi. Amma əvəzində korrupsiyanı idarəetmə metoduna çevirdi. Əgər ona qədər insanlardan pul alıb onları vəzifəyə qoyurdularsa, o, bu praktikanı arxaik və köhnəlmiş saydığı üçün bundan imtina etdi. Axı o, müasir adam idi. Ingilis dilində danışırdı, hələ üstəlik, alman və fransız dillərinə də bələd idi. Rüşvətlə vəzifəyə adam qoymaq təcrübəsi isə köhnəlmiş metod kimi onu qane etmirdi. Onun vəzifəyə təyin etdiyi adamlar davamlı haqq verməli və korrupsiyanın təşkilatçıları sırasında yer tutmalıdırlar. Əski zamanlar əskidə qalmışdı. Yeni dövrün tələbləri daha sərt olmalıydı. O, dövlət vəzifələrinə təyin etdiyi adamlara öz təsərrüfatının iş icraçıları kimi baxırdı. Hüquq-mühafizə orqanlarına bu münasibəti izah etmək istəyənlər tapıla bilərdi. Bizim “ictimai rəy” deyilən amorf sosial mexanizmimiz mücərrəd dövlətçilik normalarıyla doldurulub axı. Adam dövlətçiliyi möhkəmləndirirmiş. Polis dövlətin rəmzi imiş kimi, təbliğat izahatlarıyla onun bu qanunsuz bəyanatına don biçmək istəyənlər də tapılırdı.

Ancaq sonra başqa şeylər bəlli oldu. Gənc və perspektivli, ingilis dilini bilən prezident dünyanın offşor zonalarının dərinliklərinə baş vurdu. Ilk dəfə soraq Amerikadan gəldi. Həmin Amerikadan ki, hələ 90-cı illərdən onun özünün və atasının adı çəkildiyi Viktor Kojeni adlı çexiyalı bir dələduz biznesmenin verdiyi rüşvət qalmaqalına görə məhkəmə serialları davam edirdi. Deyəsən, hələ də davam edir. Həmin Amerikada qəzetlər yazdılar ki, Azərbaycanın gənc, islahatçı, ingilis dilini mükəmməl bilən prezidenti övladlarına Dubayda 75 milyon dollarlıq mülklər alıb. Bu qədərini, hətta onun təbliğatçıları da gözləmirdilər. Amma qısa müddətdə özlərini toparladılar, toxdatdılar və cavab verməyə cəhd etdilər – “Prezidentin ailə üzvləri bizneslə məşğul ola bilərlər, üstəlik, ölkə xaricində” deyə…

Daha sonra daha böyük perspektivlərin üstü açıldı və hamısı da ingilis dilində. Islahatçı prezident dünyanın ən ucqar bölgələrində, ölkələrində dəyəri yüz milyonlarla ölçülən əmlak və kapital sahibi olurmuş, sən demə, yavaş-yavaş. Amma o qədər də yavaş-yavaş deyil. Gənc, perspektivli, ingilis dilini bilən, hətta alman və fransız dillərinə bir az bələd olan birisi üçün çox sürətlə. Bəlli oldu ki, Azərbaycanda gözə dəyən bütün iri biznes sahələri hakimiyyətə “Qarabağı qaytarmaq, Azərbaycanı inkişaf etdirmək, yeni iş yerləri açmaq, xalqa çörək vermək” üçün gələn bu adamın mülkiyyətinə çevrilib. Neft, qızıl yataqları, pambıq tarlaları, avia və avto şirkətlər, kimya və aqro sənaye sahələri, internet və teleradio, hətta insanların bir-birilə ünsiyyəti də bu ailənin gəlir mənbəyinə çevrilib – mobil telefon operatorlarının ailə biznesinin hüdudları daxilinə alınmasıyla.

Azərbaycanı regionun lider dövləti edə-edə özünü dünyanın lider biznes adamına çevirmək ağrısız olmur. Indi o, 2003-cü ildəki xeyirxahlarının onu müdafiə etmək üçün bütün arqumentlərini əllərindən alıb. Indi onun müdafiəçiləri izahat arqumentləri tapa bilmirlər, Bayram Səfərov kimi danışırlar – “Əcəb eləyir” hökmü ilə.

Bayram Səfərov bilirsinizmi kimdi? Qarabağın Azərbaycanlı icmasının rəhbəri, Şuşa şəhər icra hakimiyyətinin başçısı. Onun Bakıda 4,5 milyon manata villa aldığı üzə çıxdı. O da dedi ki, əcəb eləyib almışam.

Ilham Əliyevin müdafiəçiləri də bu qədər korrupsiya ittihamına qarşı bu arqumenti səsləndirirlər – “əcccəb eləyir, vəssalam”. Sanki oğurluq ayıb deyilmiş kimi…

Onun ölkə xaricində də kürü ilə bəslənən bir sıra müdafiəçiləri vardı. Ilham Əliyevin proqressiv birisi olduğunu danışa-danışa Avropa və Amerika dəhlizlərində vurnuxurdular. Onlar da arqumentsiz qaldılar, deyəsən. Onlar “əcəb eləyir” deyə bilmirlər. Pullarını bir az artıq ödəyəndə, sadəcə olaraq, Ilham Əliyevin yaratdığı qara yenilikləri görməzdən gələrək və 2003-cü ilin arqumentlərini təkrarlayaraq özlərini rüsvay edirlər. Indi həmin o gənc, ingilis dilini bilən, Azərbaycan tarixinin pozitiv səhifələrinə iddialı olan prezidentin nə izi, nə tozu, nə kölgəsi, nə təbliğatı, nə təşviqatı, nə sorağı, nə xəbəri, nə də ətəri qalıb. Indi o, “Mətbuatın yırtıcı düşmənləri” siyahısındakı onluqdadır. Indi o, Aleksandr Lukaşenko, Vladimir Putin, Islam Kərimov kimi diktatorların sırasında özünün haqq etdiyi yeri tutub. O, tarixin tərəqqiliyini xatırladacaq heç bir qeydində xatırlanmır və xatırlanmayacaq da. Baxmayaraq ki, sağa-sola “Tərəqqi” adlı medallar paylamaq özünə məxsus elita yaratmağa cəhd edir. Onun tarix adına “tərəqqi” deyiləcək proseslə heç bir əlaqəsi ola bilməzdi və ola bilmədi. Çünki o, hakimiyyətə başqa, tamam başqa məqsədlər güdərək gəlmişdi. Və tamam başqa məqsədlər güdən insanların dəstəyilə gəlmişdi. Bu dəstə Azərbaycanı mümkün olduqca daha çox soymaq, ölkənin sərvətlərini və insanlarını öz əlləri altına toplamaq, adına millət deyilən sosial fenomeni ram edərək at yerinə minmək və millətin minilmiş, inilmiş, cilovlanmış haqqı üzərində əzəmətli görünmək istəyənlərdən ibarətdi. Bu perspektiv onu daha çox cəlb edirdi və edir. Buna görə də o, tarixin lənətlənmiş səhifələrinə ona qədər yer tutanların sırasına daha bir şəkil əlavə edə bildi. Vəssalam.

O, özünə məxsus olan əmlakın, başqalarından və dövlətdən çırpışdırılan sərvətin, siyasi məhbusların, qara geyimli əsgər analarının, harın və durmadan quduzlaşmaqda olan məmur ordusunun, ölkədən qovulan mühacirlərin, məhv edilmiş talelərin siyahısını böyütməkdən başqa heç nə edə bilməz. Onun tarixə yazdığı və özünün daha heç zaman poza bilməyəcəyi gerçəkliklər bundan ibarətdi!