Bin Laden öldürüldü, cəsədi dənizə atıldı

Bir nömrəli terrorçunu ən yaxın adamı ələ verib

 

ABŞ-ın bir nömrəli düşməni, “Əl-Qaidə” terror təşkilatının lideri Üsəma bin Laden öldürülüb. Əməliyyatı Amerikanın Mərkəzi Kəşfiyyat Idarəsi həyata keçirib.

Bin Ladeni necə tutdular?

Pakistanda əvvəlcədən planlaşdırılmış əməliyyat nəticəsində öldürülən Üsəma bin Ladenin yerinin kuryer sayəsində müəyyənləşdirildiyi məlum olub. Amerika kəşfiyyat orqanları bin Ladeni qorumaq üçün bir neçə il əvvəl hazırlanmış evin yerini ötən ilin avqustunda “Əl-Qaidə”yə kuryerlik edən bir nəfəri izləyərək aşkar ediblər.
Amerika Mərkəzi Kəşfiyyat Idarəsi uzun müddət bu şəxsi izləyib və nəticədə onun Pakistanın Abodabad şəhərində yerləşən və mühafizə olunan bu evə girib-çıxdığı təsbit edilib. Bu günə qədər saxlanılan terrorçuların ifadələrindən isə məlum olub ki, Üsəma bin Laden bu kuryerə çox güvənir. Onun hətta bin Ladenlə eyni evdə yaşaya biləcəyi də istisna olunmayıb.
Evə giriş iki qorunan qapıdan mümkün imiş. Həmçinin kəşfiyyatçılar evə telefon və internet naqillərinin çəkilmədiyini aşkar ediblər. Bundan başqa, evin tullantısının heç vaxt yığılmadığı və dərhal yandırıldığı da müəyyənləşdirilib.
Bu məlumatların əldə olunmasından sonra ABŞ prezidenti Barak Obama aprelin 29-da (Britaniya şahzadəsi Uilyamın toyu günü) ətrafı 5,5 metr hündürlükdə tikanlı məftillərlə hörülən evdə əməliyyat təşkil edilməsi və “Əl-Qaidə” liderinin yaxalanması barədə göstəriş verib. ÿÜmumiyyətlə, bu məsələ ilə əlaqədar martın ortalarından bəri Obama Milli Təhlükəsizlik Şurasının beş gizli toplantısını keçirib. Əməliyyat planı birbaşa Barak Obamanın yanında hazırlanıb.
Əməliyyatı Amerika Dəniz Qüvvələrinə məxsus xüsusi seçilmiş “SEAL Team Six” qrupu təşkil edib. Mərkəzi Kəşfiyyat Idarəsinin rəhbəri Leon Panetta, seçmə qrup və bir neçə yüksək vəzifəli Amerika rəsmisinin xəbərdar olduğu bu gizli əməliyyatın detalları hələ də açıqlanmır.

Xəbəri Obama şəxsən yaydı

Bin Ladenin ölüm xəbərini ilk olaraq, ABŞ prezidenti Barak Obama yayıb. Obama deyib ki, qruplaşma liderinin cəsədi artıq onların əlindədir.
Barak Obama hadisə ilə bağlı televiziyada canlı efirdə çıxış edərək bütün dostlarını və müəttəfiqlərini təbrik edib: “Mənim rəhbərliyim altında Pakistan yaxınlığında əməliyyat keçirildi. Dünyanın bir nömrəli terrorçusu Üsəma bin Laden Amerika hərbçiləri tərəfindən məhv edilib. Minlərlə insan, qoca, qadın, uşağın öldürülməsinə görə məsuliyyət daşıyan terrorçu artıq öldürülüb”.

Bin Ladenin cəsədini dənizə atdılar

Bin Ladenin öldürüldüyü elan edildikdən sonra Ağ ev rəsmiləri açıqlama veriblər ki, onun cəsədi ilə Islam qaydalarına uyğun davranılacaq. Lakin “The Washington Post” qəzeti ABŞ rəsmilərindən birinə istinadən xəbər yayıb ki, Obama administrasiyası bin Ladenin məzarının sonradan məbədə çevrilə biləcəyi ehtimalını nəzərə aldığından onun cəsədi dənizə atılacaq. CNN televiziyası isə cəsədin artıq dənizə atıldığını xəbər verib.

Amerikalılar bayram edir

Bütün dünyada “Əl-Qaidə” əleyhdarları bu xəbəri böyük sevinclə qarşılayıblar.ÿ Xəbər yayılandan sonra ABŞ-ın özündə əsl bayram ovqatı yaşanıb. Minlərlə amerikalı Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin dağılmış binalarının qarşısına, Tayms meydanına və Vaşinqtonda Ağ Evin qarşısına yığışıb, bayram ediblər.ÿ Bundan başqa, Obamanın “Əl-Qaidə” liderinin ölümü xəbərini elan etməsindən sonra keçirilən NBA – Milli Basketbol Assosiasiyasının oyunlarında da azarkeşlər uzun müddət bu xəbəri qeyd ediblər.

Dünya liderləri bin Ladenin ölümü haqda

2001-ci ilin 11 sentyabr hücumları zamanı ABŞ-da prezident olan Corc Buş Bin Ladenin ölümünü “əlamətdar nailiyyət” adlandırıb. Sabiq ABŞ prezidenti Bill Klinton da Bin Ladenin öldürülməsi xəbərini mühüm hadisə kimi qiymətləndirib.
Əfqanıstan prezidenti Həmid Kərzai Bin Ladenlə bağlı baş verənləri misal göstərərək, “Taliban”ı olaydan dərs götürməyə və terrorçu fəaliyyətdən çəkinməyə çağırıb.
Hindistanın daxili işlər naziri P.Çidambaram Bin Ladenin öldürülməsilə bağlı münasibət bildirərkən, terrorçuların Pakistanda sığınacaq tapmalarından narahatlığını dilə gətirib.
Britaniyanın baş naziri Devid Kameron “Əl-Qaidə” liderinin öldürülməsi xəbərinin bütün dünyada insanlara rahatlıq gətirdiyini deyib.

Hədəfdə Molla Ömərdir

Italiyanın xarici işlər naziri Franko Frattini “Əl-Qaidə” lideri Üsamə bin Ladinin öldürülmesindən sonra əsas hədəfin “Taliban” lideri Molla Ömər olacağını bəyan edib. Bin Ladenin öldürülməsini “terrorçuluğa qarşı ABŞ-la birlikdə mübarizə aparan hər kəsin zəfəri” kimi qiymətləndirən Frattini deyib ki, “bu, xeyirin şərə, ədalətin qəddarlığa qarşı əldə etdiyi bir zəfərdir”.

“Bin Ladenin qisasını alacağıq”

“Əl Qaidə” təşkilatı Bin Ladenin intiqamını alacaqlarını bəyan edib. Dindarlara məxsus internet saytlarının birində “Əsəd Əl-Cihad” adlı bir nəfər “Islam şeyxinin öldürülməsinin qisasını alacağıq”, – deyə bildirib: “Cihadın sona çatdığını düşünənlər bir az gözləsinlər”.
“Əl-Qaidə”nin yeni liderinin isə Misir əsilli həkim-cərrah Eymen əl-Zəvahiri olacağı gözlənilir. Əl-Zəvahiri Bin Ladenə ən yaxın şəxslərdən biri və əsas terror aktlarının təşkilatçısı olub. Eymen əl-Zəvahiri və Üsəma bin Laden 1980-ci illərin ortalarında Pakistanın şimal-qərbindəki Peşavar şəhərində, Əfqanıstandakı sovet qüvvələrinə qarşı savaşan könüllü döyüşçülərə dəstək vermək üçün bir araya gəlib.
Brayza: “Bin Ladenin ölümü bütün xalqlar üçün böyük qələbədir”
ABŞ-ın Azərbaycandakı səfiriÿ Metyu Brayza da “Əl-Qaidə” liderinin məhv edilməsinə münasibət bildirib: “Bin Ladenin zərərsizləşdirilməsiÿ yalnız ABŞ üçün deyil, sülh və əmin-amanlıq istəyən bütün xalqlar üçün böyük qələbədir. Bu insanın bütün fəaliyyəti dağıtmağa yönəlmişdi. O, dünyanın ən böyük dinlərindən birindən öz məqsədləri üçün istifadə edirdi. Biz çox şadıq ki, o, indi yoxdur. Biz dünyaya sivilizasiyalar arasında toqquşmanın olmadığını sübut edəcəyik. Bu yöndə fəaliyyətimizi daha da gücləndirəcəyik”.

Səfirliklər fəaliyyətini dayandıra bilər

ABŞ-ın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri müvəqqəti olaraq fəaliyyətini dayandıra bilər. APA-nın məlumatına görə, ABŞ Dövlət Departamentinin yaydığı rəsmi məlumatda bildirilir ki, dünyanın hər yerində ABŞ vətəndaşlarının həyatı üçün real təhlükə mövcuddur: “ABŞ Dövlət Departamenti Pakistanda keçirilmiş antiterror əməliyyatı ilə əlaqədar xaricdə yaşayan və xarici ölkələrdə səfərdə olan ABŞ vətəndaşlarına qarşı zorakılıq ehtimalının artması barədə xəbərdarlıq edir. Bütün soydaşlarımızı maksimum dərəcədə ehtiyatlı olmağa çağırırıq. Mövcud situasiyanın qeyri-müəyyən olduğunu nəzərə alaraq vətəndaşlarımıza tövsiyə edirik ki, antiamerikan çıxışları gözlənilən yerlərə səfərlərdən çəkinsinlər, öz evlərindən və qaldıqları otellərdən kənara çıxmasınlar, kütləvi toplantılar olan yerlərdən uzaq dursunlar. Biz soydaşlarımızı xəbərləri diqqətlə izləməyə çağırırıq”.
ABŞ prezidenti Barak Obama da yüksək risk olan bölgələrdə yerləşən səfirliklərin fəaliyyətinin dayandırıla biləcəyini açıqlayıb. O, ABŞ-ın diplomatik nümayəndəliklərinin müvəqqəti olaraq bağlanacağını, təhlükəsizliyi təmin etmək məqsədilə əhaliyə xidmət göstərməyi dayandıracağını istisna etməyib.

Bin Laden kim idi?

Üsəma bin Laden 1957-ci ildə 53-cü uşaq kimi dünyaya göz açıb. Atası Məhəmməd 1968-ci ildə qəzada həyatını itirən zaman övladlarına 11 milyard dollarlıq bir miras qoyub.
Bin Laden gənc yaşlarında “Müsəlman Qardaşları” Hərəkatının ideyalarının təsiri altına düşüb. 1986-cı ildə şəxsi düşərgələrini qurub. Sərvəti, comərdliyi, sadə yaşamı, xarizması, savaşdakı cəsarətilə əlaqədar əfsanələşib. 1988-ci ildən təşkilatlanma işinə başlayıb. Bunun üçün öncə könüllü döyüşçülər haqqında məlumatların toplandığı sistem yaradıb və beləliklə, “Əl-Qaidə” adlı təşkilat ortaya çıxıb. Səudiyyə Ərəbistanının hakim rejimi cihadı hər yerə yaymaq istəyən Üsəma bin Ladendən artıq qorxmağa başlayıb və 1989-cu ildə onun pasportunu əlindən alıb.
ABŞ-ın, ələ keçməsi üçün başına 5 milyon dollar qoyduğu Bin Laden heç bir terror aktı ilə bağlı məsuliyyəti açıq formada üzərinə götürməyib, amma heç bir terror aktını da qınamayıb. Zatən “Əl-Qaidə” lideri etdiyi yox, edəcəyi iddia edilən terror aktları ilə gündəmdə olub.
Bin Laden ilk dəfə 2004-cü ilin oktyabr ayında videogörüntü vasitəsilə 11 sentyabr hadisələrinə görə məsuliyyəti öz üzərinə götürdü. Bin Laden uzun müddət Əfqanıstan-Pakistan sərhədində gizlənərək axtarışlardan yayınmağa müvəffəq olurdu. O, dünyanın 1 nömrəli terrorçusu sayılsa da, əslində o, çox komfortlu həyat sürərək, sülh şəraitində böyümüşdü.

Aqşin