intiqamaliyev2

İntiqam Əliyevin həbsinin daha bir səbəbi

Hüquq müdafiəçisinin ofisindən Strasburqa göndərilən sənədlər niyə götürülüb?

Hökumət parlament seçkisindəki saxtakarlıqlarla bağlı Avropa Məhkəməsindəki şikayətlərin siyahıdan çıxarılmasına nail olmaq istəyir

Avqustun 8-də həbs olunan tanınmış vəkil və hüquq müdafiəçisi, Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri Intiqam Əliyev ona qarşı irəli sürülmüş ittihamları qəbul etmir. Intiqam Əliyev bəyan edir ki, həmin ittihamların arxasında hüquqi deyil, siyasi motivlər dayanıb. Başqa sözlə, hüquq müdafiəçisi kimi fəaliyyətinə görə, onu susdurmaq məqsədilə siyasi sifariş əsasında onu həbs ediblər.

Intiqam Əliyev Azərbaycanda vətəndaşların hüquqlarının pozuntusu ilə əlaqədar Avropa Məhkəməsinə göndərilən çoxsaylı şikayətlərin müəllifidir. O, 2010-cu ildə keçirilmiş parlament seçkilərilə bağlı Avropa Məhkəməsinə 40-dan çox şikayət göndərib. Hazırda həmin şikayətlər üzrə Avropa Məhkəməsilə Azərbaycan hökuməti arasında kommunikasiya gedir. Intiqam Əliyevin həbsi həmin seçki işləri üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycana qarşı qərar çıxarılmasının qarşısını almağa xidmət edir. Təsadüfi deyil ki, Intiqam Əliyevin rəhbərlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisində axtarış aparılarkən həmin seçki işlərinə dair bütün sənədlər (vəkil dosyesi) istintaq orqanı tərəfindən qanunsuz olaraq götürülüb. Halbuki, həmin sənədlərin ittihama heç bir aidiyyəti yoxdur. Bu isə o deməkdir ki, Intiqam Əliyevi fiziki olaraq cəmiyyətdən təcrid etməklə, onun Avropa Məhkəməsi qarşısında seçki işlərinin kommunikasiyasını davam etdirməsinə maneçilik törədilməsilə kifayətlənməyiblər. Seçki işlərinin dosyeləri götürülməklə həmin işlərin kommunikasiyasının Hüquq Maarifçiliyi Cəmiyyətinin başqa əməkdaşları və ya şikayətçilərin özləri tərəfinən davam etdirilməsinin də qarşısı alınıb. Avropa Məhkəməsinin prosedur qaydaları baxımından, bu halda, seçki işlərinin “şikayətçinin işin nəticəsinə marağının itməsinə görə” siyahıdan çıxarılması mümkündür.

Nəzərə almaq lazımdır ki, Intiqam Əliyev tərəfindən Avropa Məhkəməsinə təkcə seçki işləri göndərilməyib. Eyni zamanda, mülkiyyət hüququnun pozuntusu, ifadə azadlığı və sərbəst toplaşmaq hüququnun pozuntusu və digər strateji əhəmiyyətli işlərlə bağlı da çoxsaylı şikayətlər göndərilib. Həmin şkayətlərlə bağlı dosyelər də istintaq orqanı tərəfindən qanunsuz olaraq götürülüb.

Bundan əlavə, nəzərə almaq lazımdır ki, indiyədək Avropa Məhkəməsi tərəfindən Azərbaycana qarşı çıxarılan qərarların əksəriyyəti Intiqam Əliyevin vəkillik etdiyi işlər üzrə, yəni, onun tərəfindən göndərilmiş şikayətlər əsasında çıxarılıb.

Bütün bunlar onu deməyə əsas verir ki, Intiqam Əliyevin həbsinin başlıca səbəbi onun tərəfindən Avropa Məhkəməsinə göndərilmiş şikayətlər, xüsusən də 2010-cu ilin parlament seçkilərinin nəticələrinə dair göndərilmiş şikayətlər üzrə Azərbaycana qarşı qərarlar çıxmasının qarşısını almaqdır. Başqa sözlə, hüquq müdafiəçisi Intiqam Əliyevin Avropa Məhkəməsində işlərin aparılmasına yönəlik vəkillik fəaliyyətidir.

Intiqam Əliyevin həbsinin başqa bir səbəbi isə, onun hüquq müdafiəçisi kimi, Avropa Şurası Parlament Assambleyasının ötən ay keçirilən iclasında etdiyi çıxışdır. Həmin çıxışında o, Azərbaycan hakimiyyətinin insan haqları ilə bağlı siyasətini sərt tənqid etmiş, ölkədə siyasi məhbuslar problemindən, müstəqil qeyri-hökumət təşkilatlarına basqılardan, hakimiyyətin tənqidçilərinin saxta ittihamlarla şərlənib tutulmasından, ölkədə insan haqlarının acınacaqlı durumundan, vətəndaşların mülkiyyət hüquqlarının kütləvi pozuntusundan və s. söhbət açmış, hakimiyyəti sərt şəkildə tənqid etmişdi. Bu mənada, onun həbsi həm də ifadə azadlığını pozuntusudur.

Intiqam Əliyev hesab edir ki, onun həbsi həm də ölkədə müstəqil QHT-lərin susudurulması və tamamilə sıradan çıxarılması istiqamətində görülən işlərin tərkib hissəsidir. Təsadüfi deyil ki, son bir neçə ay ərzində xeyli sayda hüquq müdafiəçisi analoji ittihamlarla şərlənərək tutulub, müstəqil QHT-lərin və onların rəhbərlərinin, o cümlədən Hüquq Maarifçiliyi Cəmiyyətinin və şəxsən Intiqam Əliyevin bank hesablarına həbs qoyulub, qrant layihələrinin qeydiyyatına süni maneələr yaradılıb. Bu mənada, onun həbsi həm də birləşmək hüququnun pozuntusudur.

***

Qeyd edək ki, bu barədə bəyanatı Kürdəxanıdakı 1 saylı Bakı istintaq təcridxanasında Intiqam Əliyevlə görüşən vəkil Anar Qasımlı yayıb.

Aytən Məmmədova