AFFA-loqo-yeni

Azərbaycan futbolu – “çirkli” pulları yumaq oyunu

Futbol idman növlərinin həm də ona görə şahı sayılmalıdır ki, bura pul axını daha böyükdür. Uzağa getməyək, Azərbaycandan danışaq. Bizim ölkədə futbolu elə bir hadisəyə çeviriblər ki, bəzən milli komandanın uğursuzluğu Qarabağın işğalını da yaddan çıxarır. Hər hansı məğlubiyyətdən sonra idman mətbuatını oxuyursan, bu qərara gəlirsən ki, daha dünyanın axırıdır, futbol bu gündədirsə, azərbaycanlılar heç vaxt xoşbəxt olmayacaq. Halbuki, voleybolçular ölkənin bayrağını daha çox yüksəyə qaldırır. Amma qiymətlərə baxın. Yaxşı xatırlayırıq, Yelena Şabovtanı Türkiyə klubuna neçəyə satmışdılar – 8 min dollara! Təsəvvür edirsiniz?! “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov Oqtay Dərəlioğlunu “Xəzər Lənkəran”a 1 milyon dollara gətirmişdi. Həmin pula ən azı 100 Şabovta almaq mümkün idi. Nəticəsi nədir? “Azərreyl” Şabovta ilə ?Top-komanda? kubokunu aldı, Dərəlioğlu isə heç milli çempionatda özünü göstərə bilmirdi.

Niyə futbola bu qədər pul xərcləyirlər?

Suala cavab tapmaq istəyirsiz? Onda əvvəlcə başqa suala cavab verin: niyə asfalta, mənasız keçid-körpü layihələrinə bu qədər pul xərcləyirlər? Çünki ortada böyük yeyinti var. Voleybolda dövlət büdcəsini futbolda olduğu qədər talamaq olmur. Səviyyəli voleybolçu lazımdır? 40-50 min dollara kimi onu ölkəyə gətirmək mümkündür. Futbolda isə bu mümkün deyil. 40-50 min dollar bizim beynəlxalq oyunlarda dizi əsən ortabab futbolçunun aylıq qazancıdır. Hökumət buna görə əl-ayağa düşüb. Futbolu ölkənin ən zəngin məmurlarından olan Rövnəq Abdullayevə tapşırıblar. 2005-ci ildə dövlət proqramı qəbul olunub. Bir həngamə qoparıblar ki, gəl görəsən. Pulu sağa-sola xərcləyirlər. Ortada isə nəticə yoxdur. Milli komanda beynəlxalq arenada yenə qapazaltıdır. Gənclərdən ibarət komandada isə vəziyyət lap ağırdır. Ruslarla oyunda 0:8 hesablı məğlubiyyət bütün suallara cavab verir.

Müxalifətsiz ölkə futbolu

Məmurlar ölkəni necə idarə edirlərsə, futbola da o cür yanaşırlar. Yerlibazlıq, rüşvət, ədalətsizlik ən populyar idman növünün də iliyinə işləyib. AFFA rəhbərliyi bütün gücü ilə çalışır ki, çempion “Neftçi” olsun. Nə var-nə var, klubun prezidenti Sadıq Sadıqov Rövnəq Abdullayevin qohumudur. “Neftçi” ilə oyunda başqa klubları yıxıb-sürüyürlər. “Inter”lə görüşü “Azadlıq”ın əməkdaşı tribunadan izləmişdi. Sadəcə, biabırçılıq idi! “Neftçi” uduzurdu, AFFA-nın bütün rütbəli adamları ayağa düşmüşdü ki, komandanın çempionluğu əldən çıxır. Stadionda isə fərqli ab-hava hökm sürürdü. Az qala, hamı əmin idi ki, indicə baş hakim Əfqan Həmzəyev “Inter”in qapısına penalti təyin edəcək. Elə də oldu! 86-cı dəqiqədə “Inter”in qapısına penalti təyin olundu və “Neftçi” məğlubiyyətdən yaxa qurtardı. Beləcə, AFFA rəhbərliyi çempionatın taleyini də istədiyi kimi həll edir. Bir növ pul bir cibdən çıxıb o birisinə daxil olur. Sadıq Sadıqov pul xərcləyir ki, Rövnəq Abdullayevin işləri qaydasında getsin.
AFFA büdcə xərclərini açıqlayanda adamın yadına dövlət büdcəsi düşür. O qədər qeyri-müəyyən məqamlar var orda. Kimdir AFFA-nı yoxlayan? Neft şirkətini kim yoxlayır ki, AFFA-nı da yoxlasınlar? Istədiyi müddəaları yazırlar. Məbləğlər də göz oxşayır. Özü də fikriniz siyasi auraya getməsin. Azərbaycanda bütün hallarda müxalifət var. Ölkə futbolunda isə müxalif tərəfin yoxluğu işini görür. Heç kim etriraz etmir, heç kim əks mövqe ortaya qoymur. Çünki hər mütəxəssis potensial AFFA məmurudur.

Transfer fırıldaqları

Azərbaycanda nə qədər adam yoxsulluq içində yaşayır. Çoxdur, heç bir statistikaya nəzər salmadan əhalinin ən azı yarısının belə vəziyyətdə olduğunu deyə bilərik. Ölkədə hər iki adamdan biri acından ölürsə, legionerə 2 milyon avro xərcləməyə dəyərmi? Iş orasındadır ki, “Neftçi”nin Emil Mpenzanın transferinə bu qədər xərclədiyi deyilir. Keçidi birbaşa klubun vitse-prezidenti Tahir Süleymanov həyata keçirib, yəqin bundan prezident Sadıq Sadıqovun da xəbəri var. Deyilənə görə, burada da yeyintiyə yol verilib. Gətirib göstərsinlər, baxaq görək ki, həmin 2 milyon avro hansı sənəddə əksini tapıb. Heç bir sənəddə! Heç buna görə vergi də verilmir. Sadəcə, futbola vəsait qoyanlara “yaşıl işıq” yandırılıb. Beləcə, “çirkli” pulları Azərbaycan futbolunun sayəsində yuyurlar.
Klubların transfer fırılqaqlarına ayrıca yazı həsr etmək lazımdır. Məsələn, hər hansı klub yay transfer dövründə bir “vaqon” legioner gətirir, qışda məlum olur ki, futbolçular işə yaramır… Beləydisə, niyə gətirirdiniz? Gətirəndə baxmırdız ki, kimi transfer edirsiniz? Əlbəttə, baxırdılar. Sadəcə, bu, pul yemək üçün vasitədir. Altı aydan bir transfer edirlər, ortada isə milyonlar gedir.
Transfer fırıldağıyla təkcə klublar məşğul olmur. AFFA-da da çox qaranlıq işlər görülür. Götürək milli komandanın baş məşqçisi Berti Foqtsun transferini. AFFA bununla bağlı futbol ictimaiyyətinə heç bir məlumat vermir. Jurnalistlər ordan-burdan öyrənir ki, Foqtsa ayda 150 min avro məvacib verirlər. Dünya çempionatının seçmə mərhələsində alman məşqçinin maaşı 95 min avro idi. Sonradan məvacibi qaldırdılar, mətbuat konfranslarında bu haqda suallara da cavab verilmir.

Paşayevləri futbol biznesi

Premyer Liqada mübarizə aparan klubların çoxu hökumət komandasıdır. “Neftçi”ni yazdıq, “Inter”lə “Simurq”u  Beynəlxalq Bankın idarə heyətinin sədri Cahangir Hacıyev, “Bakı”nı nəqliyyat naziri Ziya Məmmədodovun oğlu Anar Məmmədovla dostu Hafiz Məmmədov, AZAL-ı eyniadlı şirkətin rəhbəri Cahangir Əsgərov, “Qəbələ”ni fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Taleh Heydərov, “Turan”ı Dövlət Yol Polisi idarəsinin rəhbəri Ramiz Zeynalov maliyyələşdirir. Belə klubların sırasına biri də qoşulur. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bacısı Nərgiz Paşayevanın maliyyələşdirdiyi bildirilən “Abşeron” artıq Premyer Liqaya vəsiqə qazanıb. Düzdür, klub rəhbərliyi mümkün qədər çalışır ki, Paşayevlərin adı hallanmasın. Formal prezident Yaşar Rüstəmov bu yaxınlarda açıqlama vermişdi ki, “Abşeron” heç də ölkə rəhbərliyinə yaxın klub deyil. Amma insanları belə nağıllarla aldatmaq artıq çox çətindir. Futbol ictimaiyyətində hamı bilir ki, yüksək liqaya məhz hökumət komandası vəsiqə qazanır. “Abşeron” ölkənin furbol səhnəsinə niyə gəlib? Əmin ola bilərsiz, məqsəd futbolun inkişafına töhfə vermək deyil.

“Turan”ın antikorrupsiya bəlası

Hökumətin antikorrupsiya kampaniyası klubların arasında ən çox “Turan”a zərbə vurub. Yuxarıda yazmışıq, Tovuz təmsilçisini Dövlət Yol Polisi idarəsi maliyyələşdirir. Ramiz Zeynalov ayrı-ayrı rayon şöbələrinin üzərinə konkret haqq qoymuşdu. Kampaniya başlayandan sonra isə vəziyyət dəyişib. Pul yığılmır, buna görə də Ramiz Zeynalov “Turan”ı maliyyələşdirməkdən boyun qaçırıb. Üstəlik, Dövlət Dəmiryol Idarəsinin rəisi Arif Əsgərov da əvvəlki kimi komandaya kömək edə bilməyəcəyini deyib. Bir sözlə, antikorrupsiya kampaniyası “Turan”ı maliyyə problemləri ilə üz-üzə qoyub. Maaşlar gecikir, qələbələrə görə nəzərdə tutulan mükafatlar verilmir. Bunu müsahibələrinin birində “Turan”ın baş məşqçisi Naci Şensoy da etiraf etmişdi. Yəqin ki, Azərbaycan futbolununu “çirkli” pulları yimaq üçün vasitə olduğunu göstərmək üçün başqa fakta ehtiyac yoxdur.