Vicdan müəllim

“Intiqam Əliyevi də tutdular”. Dünən bu xəbər ildırım sürəti ilə sosial şəbəkələrdə yayılan anda əksəriyyətin ilk təpkisi beş aşağı, beş yuxarı, belə oldu: “Intiqam müəllim kimi adamı da heç tutarlar?!”

Mən belə bir reaksiyanın səbəbi barədə hələ də düşünürəm. Bu nədir – sadəlöhvlük, yoxsa nə?

Axı yaptokratiya Intiqam Əliyev kimi adamları tutmayıb da kimi tutmalıdır? Bəlkə Ziyanı, Kəmaləddini, 1000 manat maaşla 5 milyon manata villa alan, sonra da “almışam, əcəb eləmişəm, artıq-əksik yazan qələt eləyir” deyən Bayram Səfərovu tutmalıdır? Nə tez unuduruq ki, “ədalətsiz cəmiyyətdə vicdanlı insanın yeri elə həbsxanadır” (Henri Devid Toro).

Artıq Azərbaycanda həbsxana deyiləndə gözümüz önündə oğruların, qatillərin, cinayətkarların haqlı cəza çəkdiyi yer canlanmır. Artıq Azərbaycanda həbsxanalar – vicdanlı, ləyaqətli, irəligörüşlü, çağdaş təfəkkürlü, aydın insanların adı ilə assosiasiya olunur. Bütün ədalətsiz, çağdışı, antidemokratik, gücünü zülmdən alan rejimlərdə olduğu kimi. 

***

Səhv etmirəmsə, Balzakın sözləridir: “Biz onu öldürmədikcə vicdanımız səhv etməyən bir hakimdir”.

Intiqam Əliyev isə vicdanın özüdür. Fəxr edirəm ki, onunla eyni ölkədə yaşayır, eyni dəyərləri bölüşürəm. Fəxr edirəm ki, o mənim əlimi sıxıb. Mən ona Intiqam müəllim yox, “Vicdan müəllim” deyirəm. O bunu özü qazanıb – dürüstlüyü, kristallığı, həqiqət və ədalət uğrunda ardıcıl, prinsipial fəaliyyəti ilə. 

Belə insanların isə Əliyevlər Azərbaycanında dəmir barmaqlıqlar ardına göndərilməməsi təəccüblü olardı. Nəinki azadlıqda qalması.

Elə öz həbsi haqqında ən qısa, konkret fikri də Vicdan müəllim özü dedi: “Ölkədə insan hüquqlarını müdafiə edənləri, seçkilərin saxtalaşdırılmasına etiraz edənləri, siyasi məhbusları müdafiə edənləri cinayətkar sayırlar. Mən də o, ”cinayətkar”lardan biriyəm”.

Vəssalam. Əlavə söz yersizdir.

***

Bəs bütün bu olub-bitənlərdən, başımıza gələnlərdən-gətirilənlərdən, tarixin ən repressiv, ən qaranlıq, ən amansız dövrləri ilə müqayisə edə biləcəyimiz bu çətin, məşəqqətli günlərdən, illərdən sonra nə baş verəcək?

Velosipedi yenidən icad etməyə ehtiyac yoxdur, bu suala çoxdan – hardasa 200 il əvvəl məşhur fransız natiqi Mirabo onsuz da cavab verib.

Bizə indi olsa-olsa, həmin cavabı xatırlatmaq qalır: “Ədalət topaldır, yavaş-yavaş yeriyir, amma gedəcəyi yerə gec-tez çatır”.   

***

Yazıya çox sevdiyim, anlayanlar üçün içində nəhəng, misilsiz bir hikmətin yatdığı bir rəvayətlə nöqtə qoyuram. Onu bir neçə dəfə yazılarımda tirajlamışam, amma Azərbaycanda irticanın daha da qəddarlaşdığı, gücləndiyi günlərdə bu rəvayətin anlamının daha böyük olduğunu düşünüb yenidən paylaşmaq istədim. Həm də heç bir şərhsiz. Anlamaq istəyənlər bu rəvayətlə nə demək istədiyimi onsuz da anlayacaqlar. Anlamayanlar isə qoy belə də davam etsinlər. Mənim çoxdandır onlara heç bir sözüm qalmayıb. 

Bu da çox sevdiyim həmin rəvayət:

Bir gün Nəmrud Ibrahim peyğəmbərin odda yandırılmasını əmr edir. Böyük bir tonqal çatılır. Ibrahimi tonqala atırlar. 

Bu vaxt tamaşaya yığılan adamların arasından bir nəfər baxıb görür ki, bir qarışqa dimdiyindəki su damlası ilə tonqala doğru tələsir. Soruşur:

– Qarışqa qardaş, ağlın hardadır, o bir damcı su ilə bu boyda tonqal sönərmi heç? 

Qarışqa cavab verir:

– Doğrudur, bəlkə də sönməyəcək, amma əsas odur ki, mən indi səfimi bəlli edirəm. Göstərirəm ki, Ibrahiminmi yanındayam, yoxsa onu yandıranlarınmı?!.

Qarışqa dimdiyindəki o bir damcı suyu tonqala atarkən bir ilan da dayanmadan tonqalı üfürürmüş ki, daha gur yansın. Ondan niyə belə etdiyini soruşanlara isə belə cavab verirmiş:

– Bu gün bayramdır. Bu gün bir peyğəmbər yanır!