«Hansı vasitə ilə olur olsun, texniki baxımdan nasaz olan, standartlara uyğun gəlməyən avtomobillərin də hamısı texniki baxışdan keçir»
Azərbaycanda sürücülərinin məcburi əməl etməli olduğu qaydalardan biri də ildə bir dəfə avtomobili texniki baxışdan keçirmələridir. Ölkədə bir milyondan artıq avtomobil var və hər bir maşının texniki baxışı sürücüyə 50-60 manata başa gəlir. Daha doğrusu baxışdan keçdiyini sübut edən kağızı almaq üçün bu məbləğ lazım olur. Əslində isə proses formal xarakter daşıyır və göstərilən məbləği ödəyən hətta nasaz maşınlar da sənədi əldə edə bilir. Əslində isə ölkədəki texniki baza bir milyon avtomobilin qısa müddətdə texniki baxışdan keçməsinə imkan vermir. Onu da qeyd edək ki, artıq bir neçə ölkə bu proseduru ləğv edib. Gürcüstanda artıq bir neçə ildir avtomobillər texniki baxışdan keçirilmir. Ukrayna da eyni addımı atmaq niyyətindədir. Rusiya prezidenti Dmitri Medvedev isə texniki baxışdan keçdiyini təsdiq edən sənədi mənasız kağız parçası adlandırıb. Belə olan halda Azərbaycanda avtomobillərin texniki baxışdan keçməsinə ehtiyac varmı?
Iqtisadçı-ekspert Qubad Ibadoğlu bir sıra prosedurların aradan qaldırılmasının vacibliyini qeyd etdi. Sığorta sisteminin inkişafı da buna imkan yaradır:”Sığorta sistemi inkişaf edib. Maşınların əksəriyyəti sığorta olunur və bu məcburi xarakter daşıyır. Hər hansı qəza olarsa, sığorta ödənişləri həyata keçirilir. Digər tərəfdən ölkədə maşınların ekoloji fəsadları ilə bağlı patrul xidməti fəaliyyət göstərir. Texniki nasazlığı olan maşınla yola çıxmaq mümkün deyil”.
Ekspertin fikrincə, maşınların ildə bir dəfə texniki baxışdan keçməsi ilə onun texniki vəziyyətində heç bir dəyişiklik müşahidə olunmur: “Indiyə qədər texniki baxışdan keçməyən maşınların statistikası ilə rastlaşmamışam. Bu o deməkdir ki, hansı vasitə ilə olur olsun, texniki baxımdan nasaz olan, standartlara uyğun gəlməyən avtomobillərin də hamısı texniki baxışdan keçir. Bu baxımdan avtomobillərə nəzarət etmək üçün texniki baxışa ehtiyac yoxdur”.
Fizzə