Qərbin kralları, Şərqin prezidentləri…

 

Bəli, kral toyunu da gördük! Mən ingilislərə həmişə qibtə etmişəm, bu dəfə isə lap çox qibtə etdim. Bilirsiniz niyə? Bu adamların kralı var, ona müəyyən səlahiyyət və sərvət veriblər, o da öz əziz həmvətənlilərinin müəyyən etdiyi çərçivədən kənara çıxmır. Biri də var ki, ölkəyə daxil olan hər bir adam hiss edir ki, bəli, bura krallıqdır, amma bu, etiraf olunmur, heç bir məhdudiyyət-filan da yoxdur. Bax, dərd budur! B.Əsəd kimi prezidentin olmaqdansa elə Yelizaveta kimi kraliçan olsa daha yaxşıdır! Mən bunu bütün əsl krallara aid edirəm – Norveç, Isveç, nə bilim, Danimarka…

Bəli, bu insanlar xoşbəxtdir. On əsr bundan əvvəl başa düşüblər ki, mütləqiyyət heç də yaxşı bir iş deyil və başlayıblar onu məhdudlaşdırmağa, axırda da gəlib indiki simvolik kral institutları alınıb. Insanlar indi kralı qiymətləndirir, kral da öz cəmiyyətini və heç bir problem də yaranmır. Buna deyirlər xalis həmrəylik. Hə, elə millətlər də var ki, ömürlərinə həmrəylik axtarmaq yazılıb, axtarırlar, axtarırlar, amma tapa bilmirlər ki, bilmirlər! Ingilisdən soruşanda ki, ziyalı olmaq üçün axı nə lazımdır, o, çox lakonik cavab verir: bunun üçün üç diplomunuz olmalıdır və babanız, atanız, bir də özünüz də diplomlu olmalısınız! Bəli, hər şey konkret müəyyən edilib. Elə əsl kralın da “diplomu” olmalıdır. Amma az qala bütün dünyanı “diplomsuz” krallar bürüyüb. Xüsusən də Şərq ölkələrində. Normal ölkədə belə hal olmur. Amma qoca Şərqi normal hesab etmək olarmı? Bəli, Şərq individual kamilləşmə yolunda addımlayarkən kamil quruluş axtaran, onu tapan Qərb gəlib onu keçdi. Indi aramızdakı tərəqqi məsafəsi o qədər  böyükdür ki, yəqin hətta ən optimist futuroloq belə bu məsafənin azalacağı haqda hər hansa mülahizə söyləyə bilməz.

Mən şəxsən inanmıram ki, həmin məsafə nə vaxtsa azala bilər. Çətin məsələdir. Düzdür, Çin daban-dabana ABŞ-ın özünü təqib edir. Amma ABŞ da elmin və sənayenin elə sferalarına baş vurur ki, Çin üçün bunlar hələ əlçatmaz arzulardır. Səbəb? Sadədir. Adi bir misal. Proton kollayderi üçün bir neçə  milyard dollar tələb olunur. Sadə bir Şərq despotunun şəxsi hesabında bundan qat-qat çox pul var. Amma o nə fikirləşir? Xiqs bozonunu kəşf etmək və yaxud da zəif və elektormaqnit qarşılıqlı təsirlərinin vahid nəzəriyyəsini yoxlamaq üçün bu qədər pul sərf etmək olarmı? Amma onlar səhv edirlər. Bu qlobal təcrübələr son nəticədə texnologiyanın yüksək inkişafına səbəb olur. Bir vaxt nüvə fizikası ekzotik elm təsiri bağışlayırdı. Amma nüvə fizikasının inkişafı texnologiyada hansı sıçrayışa gətirib çıxardı? Bax, məsələ də bundadır! Texnologiyanı ancaq bir buruq kimi təsəvvür edən neftlə zəngin Şərq ölkələrinin despotlarına bunları necə başa salasan?! Əslində onlara despot, ya kral demək də düzgün deyil, onlar sadəcə neft alverçiləridir. Neftin və əlverişli iqlimin Şərq ölkələrini nə qədər geri atması isə hələ bundan sonra dərk olunacaq! Buruq hələ ki qalxıb-enir, dayanandan sonra şərqlilər də düşünməyə başlayacaq!Bu ölkədə risksiz peşə varmı?

Yox, yoxdur. Jurnalistika başdan-ayağa riskdir. Bəlkə biznes riskli deyil? Inanmıram. Siyasət də aydındır. Bəli, bunlar belə hesab edirdi ki, artıq peşə kimi siyasətin axırına çıxıblar. Bir jurnalistika qalıb, onu da gah təqib etmək, gah da “başını sığallamaqla” birtəhər yola vermək olar. Amma birdən aydın oldu ki, əcəba, heç də belə deyil! Siyasət hələ var. Hələ də qalıb. Indi yenə siyasətin üstünə düşüblər. Amma jurnalistika da yadlarından çıxmır. Olsun! Bunlar elə bir məsələnin həllinə girişiblər ki, onun həlli yoxdur! Riyaziyyat elmində qeyri-korrekt məsələlər var. Hətta onların da həlli var! Amma bu hakimiyyətin həll etmək istədiyi məsələnin həlli yoxdur. Siyasət də olacaq, jurnalistika da, biznes də! Bəs nə olmayacaq? Əbədi hakimiyyət! Bax, bunu yüz faiz əminliklə demək olar. Indi hər şey asan görünür. Amma zahiri, özü də səthi bir təəssüratdır. Hə, Qərbdə kralların yüz il bundan əvvəl anladığını şərqli prezidentlər hələ başa düşməyib! Fərq elə bundadır!