Bizim pul çap etdiyimiz vaxtlar…

Aprelin 2-də guya pəncərə şüşələrinin qırılmasından yaranan 14 min manatlıq ziyan adı ilə 10-a qədər adamı tutan, günlərdir ondan-bundan izahat alan, istintaq aparan hökumətimiz, maraqlıdır ki, Eynulla Fətullayevə bu məbləğdən iki dəfə çox olan təzminatı ödəmək istəmir.

Məhkəmə təzminatı zərərçəkənə bütün hallarda gecikdirilmədən ödənilməlidir, üstəlik, bu pul heç bir borca və rüsuma tutula bilməz. Eynulla Fətullayevə çatacaq təzminat isə bilərəkdən bağlı hesaba köçürülmüşdü ki, onu çıxartmaq mümkün olmasın. Amma buna izahlar istəndikcə, nəhayət, bəhanə də gətirildi. Guya Eynulla Fətullayevin 248 min manat vergi borcu var.

Eynulla Fətullayevin 248 min manatlıq vergi borcu necə yarana bilərdi? Yarana bilərdimi? Ağlı başında olan istənilən adam bilir ki, yayındırılmış vergi bu qədərdirsə, təxminən 3 o qədər də gəlir olmalıydı. Təxminən 750 min manat gəlir! Cəmi 2 il işləməyə imkan tapmayan 2 qəzet bu qədər gəlir əldə edə bilərdimi? Fantastikadır!

Əgər gəlir 750 min manata çatırsa, ən savadsız adam da təsəvvür edir ki, ağır xərclər tələb edən və böyük bazarı olmayan bu işin dövriyyəsi də təxminən 3 dəfə çox olmalıydı – ən azı 2 milyon dollar. Bu əcaib auditdən sonra adama elə gəlir ki, biz o vaxt Eynulla ilə birlikdə qəzet yox, pul çap edirmişik.
Azərbaycan reallığında 2 il işləyən qəzetin bu qədər gəliri və dövriyyəsinin olduğunu kimə desən, sənə gülər. Indi bizim qəzetlər reklamdan heç nə qazanmır. Amma satışdan bu qədər pulu qazanmaq mümkün olsaydı, ölkəmizin neftxudaları da qəzet işinə girişərdi.

Bəs bu rəqəm necə alınıb? Sadə bir hesablama aparaq, görək 20 qəpiyə satılan qəzetlə (o vaxtın qiyməti belə idi) 750 min manat gəliri necə əldə etmək olar. Qəzet satışından hər nüsxənin qiymətinin 10 qəpiyi redaksiyaya çatır, qalanı satanın haqqıdır. 10 qəpiyin ən azı 7 qəpiyi dərhal mətbəəyə kağız və çap pulu üçün gedir. Qalır 3 qəpiyi. Mən digər xərcləri, maaşları nəzərə almıram. Tutaq ki, biz ağac altında oturub armud yeyə-yeyə rahatca qəzet çıxartmışıq. 

Maaşsız-zadsız. Yalnız mətbəəyə pul ödəmişik. Bu halda hər nüsxədən 3 qəpik qazanc qalardı. Gəlin görək 3 qəpik qazancla 750 min manat gəliri əldə etmək üçün biz nə qədər qəzet satmalıydıq? Bunun üçün biz işlədiyimiz 2 ildə 25 milyon nüsxə qəzet satmalıydıq. Yəni 750 min manatı 3 qəpiyə böldüm. Bu isə hər gün 34ÿ700 qəzet satmaq deməkdir. Üstəlik, heç bir əlavə xərc olmadan. Nə maaş verirsən, nə yer xərci ödəyirsən və s. Sanki qəzeti mətbəədə hər gün göydən düşən dəmir falqadan çap edib satırsan. Əlin cibində. Bu halda hər gün 34700 nüsxə qəzet satmalıydıq. Biz bazarı bayrama qatıb 2 il hər gün 34700 qəzet satmışıqmı?

“Gündəlik Azərbaycan”ın ən böyük tirajı 14 min olub. Ayda 20-22 gün nəşr olunmuşuq. Ayda 4 dəfə çıxan “Realnı”nın tirajı 25 mini aşıb. Qəzetlər 3000 tirajdan başlayıb, hər ay bir az artmaqla bu səviyyələrə gəlib. Qayıdışı da nəzərə alsaq, biz ən pik dövrümüzdə günə orta hesabla 10 min qəzet satmışıq. Unutmayaq ki, 2006-cı ilin oktyabrında bağlandıq, iki ay sonra yenidən sıfırdan başladıq, həmin zirvəyə çatmamış qapımız möhürləndi…

Mən yenə ən absurdu götürürəm, tutaq ki, ilk gündən sonacan hər gün 10 min qəzet satmışıq. Bu halda ayda bizim kassaya həmin 3 qəpiklərlə 9000 manat daxil olardı. Indi nəzərə alın ki, bu puldan təkcə 3000 manat ofisin icarəsinə ödəməliydik. Ondan günlük cari xərclər, kommunal ödəmələri və zəhmət haqqı verildikdən sonra gəlir adına nə qalardı?Təbii ki, biz perspektivli bir iş qurmuşduq və sırf iqtisadi amillər baxımından da onun gələcəyi çox böyük idi. Bu mənada, əslində onu ittiham edənlər qəzetlərimizi zorla bağlamaqla Eynulla Fətullayevə milyonlarla ziyan vurdular…

***

Məhkəmə zamanı Eynulla Fətullayev hakimə bir sual verdi:
– Cənab hakim, istintaqda mənə rəsmən sual verilib ki, qəzeti kim maliyyələşdirirdi, amma həm də mənə gəlirləri gizlətməklə bağlı ittiham irəli sürüldü. Siz bunu necə başa düşürsünüz?