Heydər Əliyevin senzuranın ləğvi ilə bağlı fərmanı mətbuata hansı azadlığı verdi?
Azərbaycanda mətbuatın, televiziyanın acınacaqlı vəziyyəti heç kimə sirr deyil. Hətta bu hakimiyyətin siyasətini dəstəkləyənlər də zaman-zaman bunu etiraf ediblər. Yəni Azərbaycanda mətbuatla bağlı məsələ o qədər çılpaqdır ki, özünə hörmət edən adam bunun əksini sübut etməyə çalışmaz. Ancaq hökumət öz ənənəsinə sadiq qalaraq, başqa sahələrdə olduğu kimi bu sahədə də inkişafın fontan vurduğunu iddia edir.
Artıq hökumət qəzetləri Heydər Əliyevin senzuranı ləğv etdiyini və azad mətbuata yol açdığını tirajlamaqdadılar.
“Yeni Azərbaycan” qəzeti isə daha da irəliyə gedib və “AXC-Müsavat” hakimiyyətini müstəqil mətbuatı boğmaqda ittiham edib.
Qəzetin yazdığına görə, 16 il bundan əvvəl Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman imzalanıb və bundan sonra Azərbaycan mətbuatı uzun, şərəfli bir yol keçib. “Kimsəyə sirr deyil ki, Azərbaycanda milli mətbuatın inkişaf tarixi, peşəkar medianın yaranması, söz azadlığının genişlənməsi Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Çünki, 1969-cu ilin 14 iyulunda Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan KP MK-nın birinci katibi seçilməsi mətbuatın inkişafında əsaslı dönüş yaratdı. Bu inkişafda başlıca amillərdən biri də Ulu öndərin Azərbaycan dilinə xüsusi diqqət və qayğı ilə yanaşması oldu. Heydər Əliyev milli mətbuatımızın azad və demokratik inkişafının təminatçısına çevrildi”- deyə qəzet yazır.
Bəli, Heydər Əliyev hakimiyyəti dövründə azad mətbuat o qədər inkişaf etdi ki, insanların etimad göstərə biləcəyi 5 qəzet qalmadı. Qəzetlər də AzTV-ləşməyə başladı və insanlar qəzet oxumaqdan da imtina etdi. Sonrakı mərhələdə isə, qəzetlərin, jurnalların müxtəlif məmurlara məxsusluğu ortaya çıxdı. Bu gün də ictimai-siyasi proseslərdən xəbərdar olan adamlar, hansı qəzetin kimə məxsus olduğunu gözəl bilir. Ölkədə öz müstəqilliyini qoruyan, hakimiyyətin diktəsi ilə fəaliyyət göstərməyən bir-neçə qəzet qaldı ki, hakimiyyət bu gün də həmin qəzetlərlə düşmənçilik edir. Məhz YAP hakimiyyəti dövründə jurnalistin öldürülməsi, döyülməsi, bıçaqlanması hadisəsi baş verdi. Bu hakimiyyətin dövründə qəzetlərin özünü maliyyələşdirməsi mümkünsüz oldu, qəzetlər reklam bazarından məhrum edildi, KIVDF sifariş əsasında qəzetləri maliyyələşdirdi.
Yəni Heydər Əliyevin senzuranı ləğv etməsi, qəzetlərin müstəqilləşməsinə yox, daha böyük senzuraya məruz qalmasına xidmət etdi. Əslində hakimiyyət müstəqil mətbuatın 16 illiyini deyil, bu illər ərzində bütün müstəqil mətbuatın susdurulmasını qeyd edir.
Qəzet daha sonra yazır: “AXC-Müsavat” hakimiyyətinin 1992-ci ildə yaratdığı hərbi senzura söz azadlığına qarşı repressiya idi. Təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində yaşanan xaos və anarxiya mətbuatımıza da öz mənfi təsirini göstərdi. Ölkədə qeyri-sabit vəziyyətin yaranması təbii olaraq mətbuatın da inkişafına maneələr törədirdi. Bəhs edilən dövrdə çətinliklə nəşr edilən qəzetlərə yaradılan bürokratik əngəllər əsl həqiqətin xalqa çatdırılmasına mane olurdu. “AXC-Müsavat” hakimiyyətinin jurnalistikaya, jurnalistlərə münasibəti bu cütlüyün təmsilçilərinin hakimiyyətdə təmsil olunma səviyyələri ilə adekvat idi”.
Hitlerin təbliğat naziri Göbbels deyirdi ki, yalanı o qədər ağ danışmaq lazımdır ki, insanlar bunun həqiqət olduğuna inansın.
Indi hökumət qəzetlərinin AXC hakimiyyətinə qarşı məhz bu səpkili ittihamları yalanın nə qədər ağ olmasını göstərir.
Yaxşı olar ki, bu məqaləni yazan adamlar AXC dövründə nəşr olunan qəzetlərə nəzər salsınlar və hakimiyyəti tənqid etməyin nə qədər təhlükəsiz olduğunun şahidi olsunlar. Həmin dövrdə hətta hakimiyyətliyönlü hesab edilən qəzetlər də tənqidlərdən çəkinmirdilər. Əliyev hakimiyyətindən fərqli olaraq AXC hakimiyyəti dövründə onlarla jurnalist həbs olunmamışdı, jurnalistin evinə silah-sursat atıb şərləmirdilər, məmurlar qəzetləri məhkəməyə verib müflisləşdirmirdi. Bu gün mətbuat adına iddia edən yüzlərlə qəzet Ilham və Heydər Əliyevin fotosessiyası ilə məşğul olur.
Sual meydana çıxır. Əgər Əliyevlər hakimiyyəti dövründə mətbuat inkişaf edibsə, niyə hökumətyönlü qəzetləri oxuyan yoxdur, niyə bu qəzetlərin elektron variantlarında bu inkişafla bağlı yazılar dəstəklənmir?
Mətbuatı bu qədər şikəst vəziyyətə salıb, həqiqi qələm sahiblərini məhrumiyyətlərə düçar edib sonra müstəqil mətbuatın uğurundan danışmaq mətbuata xəyanətdir.
Onu da qeyd edək ki, bu gün cəmiyyətdə sayılıb-seçilən xeyli jurnalist var ki, AXC dövrünün yetirməsidir və müstəqil mətbuatla bağlı təsəvvürləri o dövrlə bağlıdır.
Yəni əsl jurnalist üçün də, həqiqi oxucu üçün də tərif, yaltaqlıq müstəqil mətbuatın göstəricisi sayılmır.
Akif


