Leyla Yunusa ölüm!

Eldəniz Quliyev 

Həqiqətən, hər  sonun  bir əvvəli  olduğu kimi, hər  əvvəlin də bir  sonu  olurmuş.  Nəhayyət  ki,  ölkəmizin  rəzil  günə düşməsinin  baiskarı   tapıldı!  Sən  demə, hər  şeyin   günahkarı  şəxsən  Leyla Yunus  imiş!  Gör  bu qadın  necə maskalanıb-qrimlənibmiş  ki,  heç  kimin  ağlına  da  gəlməyib  ki,  günü-gündən  çiçəklənən  korrupsiyanın, məmur özbaşınalığının   və məkrli  dələduzluqların  ideya  müəllifi  məhz  Leyla  Yunus  imiş!   Ölkənin  nemətlərini – neftıni  su qiymətinə, qazını  keçi  qiymətinə satıb-satdıranların   da başında   Leyla  Yunus  özü  dayanırmış!.. Yaltaqlıq, yalaqlıq, yalançılıq  və  işverənlik  virusunu  da, sən  demə   ölkəyə  Leyla  Yunus  yayırmış. Vallahi, adamın lap matı-qutu quruyur;  yatıb  heç  yuxuda  da  görə  bilməzdik  ki, “Sülh  və  Demokratiya “ deyən bu  cılız  əndamlı  hüquq mqdafiəçisi  ölkədə  keçirilən  seçkilərin  total  saxtalaşdırılmasında  baş  rollardan  birini  oynayırmış.

Hələ  bunlar  nədir  ki?..  Deməyəsən, Azərbaycanın  narkotika  tranzit  ölkəsinə  çevrilməsinin,  tonlarla  narkotikin,  az qala  rəsmi  şəkildə,  ölkədə  saflaşdırılıb-qablaşdırılıb   rahat- lukum  təki  sərhəddən  digər  ölkəyə  keçirilməsi əməliyyatının  konsepsiyasını, strategiya  və taktikasını   Yunus  hazırlayıbmış. Sən  bir  bu  qadında  hünərə, cəsarətə bax!.. Məlum  olmuşdur  ki,  dünən  tikilən  binaların  bu  gün  uçmasına,  bu  gün  salınan  yolların sabah  dağılmasına, büdcəni   dədə malı  kimi  talayan   təpəgöz   məmurların  gülməşəkər   balalaları üçün  avtoşluq-qudurğanlıq  dərsi keçirilməsinə  rəvac  verən  Leyla  Yunusun  özü  imiş!  Sən  demə, o, bəzi-bəzi  sadəlövh  adamları  məxvi əməkdaşlığa  cəlb  edərək  mandat  bazarlığı  yapmaq  və bundan küllü  miqdarda-milyonlarla  ölçülən- gəlir  əldə etmək  işinə  rəhbərlik  edirmiş. Və  bütün  bu  hiyləgər  əməllərini  vergidən  yayınaraq  həyata  keçirirmiş! Bunlar  azmış  kimi, L.Yunus  bəzi-bəzi  beynəlxalq  təıkilatlarla  separat  danışıqlara  getmiş  və ölkəmizin  imicinə, müvafiq  olaraq, dövlətimizin   beynəlxalq  münasibətlər  sisteminə  inteqrasiyasına  ağır  zərbələr  vuran  pozucu   fəaliyyətlə  məşğul olmuşdur.   Onun  məhz  bu  sayaq  konsperativ   fəaliyyəti  nəticəsində,  hakimiyyətin  ən  ümdə  arzusu  və   ən  ülvi istəyi  olan  “avtoritarizmdən  demokratiyaya  keçid    siyasəti”nə   ciddi  əngəllər  törənmişdir.

Leyla  Yunus  ölkənin  demokratikləşməsi  məsələsinə  də  kifayət  qədər manelər  yaratmağa  müvəffəq  ola  bilmişdir. Belə ki, o, söz, vicdan, fikir, əqidə  azadlığı,  şəxsiyyətin toxunulmazlığı,  ləyaqətin  qorunması  və  s. məsələlərdə bacardığı –bacarmadığı   ziyanəvərliklər  etmiş, hakimiyyətə  hüquqi  və  demokratik  islahatlar  keçirməyə  imkan verməmişdir. Bu  eynəkil, sarışın, cılız əndamlı,  bəzən  dəlisov, bəzənsə  yazıq  (yazıq  ilan  vursun onu!) qadın, sən demə,  ətrafına  qara niyyətli  qüvvələri  toplayaraq  azad  düşüncəli  insanları – “demokratiya “ deyən  müxalifətçiləri, “bissimillah”  deyən  dindarları,  “ədalət”  deyən  aydınları  və  haqqını  tələb  edən  sadə  insanları  şərləyib-şəbədələyib  həbs  etdirirmiş. Sözünə-söhbətinə, yazısına-pozusuna və  siyasi-dini  mənsubiyyətinə  görə  neçə-neçə adama  neçə-neçə  və  necə-necə (!)  işlər  kəsdiribmiş!..  Sən  demə, məhkəmə  hakimlərinin  rüşvət  və  sifarişlə hökm  çıxarmaları, polislərin sabitliyi  qorumaq  əvəzinə,    fərqli  düşünən  müxalif  mövqeyli  vətəndaşların  cibinə narkotik  atmaları  birbaşa  Leyla  Yunusun  şəxsi   göstərişi,  tapşırığı  ilə  reallaşırmış! 

Sən  demə, 20 ildən artıq müddətdə  Qarabağ  düyününün  açılmaması, bu illər ərzində  1 metr   belə  olsa  torpağımızın azad  edilməməsi,  danışıqların  dalana  dirənməsi, atəşkəs  dövründə  saysız-hesabsız  şəhid  verməyimiz, qaçqın-köçkünlərimizin  acınacaqlı  psixoloji  durumda  yaşamaları  və  sair  və  ilaxır – bütün  bunların  səbəbkarı, baiskarı , üstəlik   günahkarı  məhz  Leyla  Yunus  imiş!

Sən  demə  o,  həyat  yoldaşı  Arif  Yunusla  bir  yasdığa  baş  qoyanda  ancaq və ancaq  dövlətə   təxribat  etmək və badalaq   vurmaq   haqda  müxtəlif  planlar   cızırmışlar,- yəni  necə  eləyək  ki, bu  hakimiyyət  öz  siyasətini  dəyişsin, habelə  necə  eləyək ki, öz  siyasətini  dəyişmək  istəməyən  bu  inadkar  hakimiyyətin  özünü  dəyişə  bilək?.. 

Xülasə, Leyla  Yunusun  iştəklərinin  sayını sonsuzluğa  qədər  uzatmaq  olar, amma  nə  xeyri?! Elə  bu sadaladıqlarım  da  bəsdir ki, o,  daş-qalaq  olunsun,boynu  vurulsun, dar  ağacından  asılsın, güllələnsin

P.S. Sözün  doğrusu,  bütün  bu  məsələlərdə  iki  şey  mənə  qaranlıq  qalır: birinci, necə olur  ki, bu  qədər  xəyanət etmiş  birisi   on-on  beş   yaltaq-yultağın   nifrətini,   milyonların   isə  sevgisini  qazanır?   Yəqin  bu, bir  sirri-Xudadır. İkincisi, Leyla  Yunusun  əməlləri  doğrudanmı  vətənə  xəyanət  kimi  tövsür  olunmalıdır?  Axı  inkarolunmaz  bir  fakt var: dövlətin  yüyəni  yalnız  qudurğan  dövlətlilərin  əlində  olanda   –   Dövlətçiliyin  başına  daş  düşər!  Bu  belədirsə, yəni  bu  dövlətin  başına   həqiqətən daş  düşübsə,  onda  deməli  dövlət  yox  kimi  bir  şeydir.  Yox  kimi  olan  bir şeyə  isə  xəyanət  etmək  qeyri -mümkün  işdir. Yəni, sözümün  canı  budur  ki,  Biz  Leyla  Yunusu  bəşəriyyətə , dünyaya,  nəhayyət  yer  kürəsinə,  lap  belə   kainata, qalaktikaya  xəyanətdə  suçlaya  bilərik, – amma  dövlətə xəyanətdə  yox!