Səadət Cahangir
Bu gün səni aramağa
könlüm gəlmədi ana,
bu gün bəlkə də günlərin ən ağırı,
məni hər zaman
havalardan qoruyardın ha,
indi necə deyim dolu kimi
yağmur yağır buralara,
güllə yağmuru…
Bilirsən axı,
mövsüm tanımaz
müharibə qanunları,
savaşın nə istisi, nə qarı, yağışı,
sərhədlərin keçildiyi yer
canların keçildiyi yerdi, gözəl anam,
bu, bir qan davası,
bu, bir ölüm-dirim savaşı…
Sənə necə danışım,
necə deyim, azğın güllələr
mavi göylərdə
ulduzlarımızı vurdu bu gecə,
necə deyim, dörd səngər yoldaşım,
dörd könül dostum
canımdan ayrılıb
sevə-sevə canını torpağa
verdi bu gecə…
Kim bilir,
son gülləni sıxmaq
kimin qismətinə düşər,
nə qədər uzun sürər
bu qanlı gecələr hələ?
kim bilir, bəlkə, mənim də bir
qurşun payım var buralarda,
bəlkə ən gözəli
bu yovşan qoxulu çöllərdə
savaşçı kimi ölməkdi elə…
Məni heç düşünmə,
gözəl ana,
yalnız başım bir az qarışıq havalara,
oğlunu hər zaman
isti-soyuqdan qoruyardın ha,
boş ver, daha mövsümlər də yox,
sadəcə, yağmur yağır buralara…


