qenimetzahid-yeni

Facebook müharibəsi və ya «Lazım» haradan qayıtdı?

Yarımçıq mərhələnin yekunlarına sözardı

Qənimət Zahid

Müdafiə Nazirliyi rəsmi bəyanat yayıb döyüş əməliyyatlarına son verildiyini açıqladı. Bu, bir mərhələnin bitdiyini göstərir və buna görə də bu mərhələyə şərh verməyə dəyər. Beləliklə, avqustun ilk günlərində cəbhə xəttində nə baş verdi və baş verənlərin hansı nəticələri oldu?

Şəhidlərlə açılan bir səhər

Birdən-birə bəlli oldu ki, ermənilərlə təmas xəttində atəşkəsin pozulması nəticəsində 8 əsgərimiz şəhid olub. Az sonra 8 deyil, 11 nəfərin şəhid olduğu dəqiqləşdi. Dünən isə təmas xəttində mövqe atışmaları şiddətləndiyinə görə daha 5 nəfər şəhid oldu. Adi hesablamaya görə iki gündə 16 şəhid verdiyimizi demək olar, amma rəsmi məlumatlar bu barədə heç bir rəqəmin üzərində dayanmır. Bütün rəqəmlər hansısa xəbər portallarında, sosial şəbəkələrdə yayılır və hamı da mənbəyi bəlli olmayan xəbərlərə istinad edir. Atəşkəsin pozulduğu və itkilərin olduğu barədə xəbərlər ciddiləşdikdən sonra müdafiə nazirinin Bodrumda istirahətini kəsib vəzifə başına döndüyü bildirilir. Ali baş komandan hadisələrin əvvəlindən ölkədə yoxdur və axıra qədər də ölkəyə qayıtmır. Türkiyənin xarici işlər naziri, prezidenti, daha sonra isə baş naziri şəhidlərlə bağlı baş sağlığı verir, amma bu baş sağılığını qəbul edəcək kimsə yoxdur. Prezident baş sağlığı verir, amma bəlli olur ki, bu, şəhidlərin valideynlərinə yox, hansısa qoca futbolçunun ölümü ilə bağlı verilən başsağlığıdır. Prezidentin harada istirahət etdiyi bəlli deyil. Bəlli olan budur ki, ya onun ölkədə baş verənlərdən xəbəri olmadı, ya itkilər barədə dürüst məlumat almadı, ya da proseslər barədə xəbər tutdu, amma adekvat reaksiya barədə düşünmədi. 8 əsgərimizin şəhid olmasından qəzəblənən Müdafiə Nazirliyi qisas alınacağı barədə bəyanat verdi. Bundan sonra yenə də xəbər portallarında və sosial şəbəkədə yayılan məlumatlara görə hərbi təyyarələr havaya qaldırıldı, ağır hərbi texnika cəbhə xəttinə yeridildi. Onların havada və quruda nə etdikləri barədə heç bir dürüst xəbər olmadı. Havaya qaldırılan ( maraqlıdır ki, təyyarələrin qaldırıla biləcəyi başqa bir məkan da yoxdur) təyyarələrin hava hücumunun nəticələri barədə bilgi yoxdur. Açıqlanmır. Ağır texnikanın təmas xəttinə doğru hərəkətinin də məqsədi bəlli deyil. Əgər, bu, mövqe atışmasıdırsa və hücum nəzərdə tutulmursa, o zaman texnikanın hərəkət trayektoriyası barədə məlumatları, ümumiyyətlə, nə üçün yayırdılar, bu da bəlli olmadı. Fakt budur ki, nə hərbi təyyarələrin, nə də ağır texnikanın hərəkətinin bizim və düşmənin mövqe dəyişmələrinə səbəb olmadığı bəllidir.

Başıpozuq informasiya siyasəti

İctimaiyyətə xəsisliklə də olsa, dürüst məlumat vermək barədə kimsə düşünmədi. Əvəzində hakimiyyətə yaxın informasiya mənbələrində ciddi panikaya səbəb olan dezinformasiya prosesi getdi. Hətta bəzi müstəqil informasiya vasitələri də hakimiyyətyönlü xəbər portallarının dezinformasiya basqısının təsiri altına düşdü. Məsələn, avqustun 1-də gecə hücumu zamanı əsgərlərimizi Rusiyadan gətirilən snayperlərin öldürdüyü barədə xəbər aşkar dezinformasiya idi. Məsələ ondan ibarət deyil ki, ruslar bunu edə bilmz. Ruslar bundan qat-qat artıq yaramazlıqları da edə bilər. Amma bu rus snayperlər söhbətinin kim tərəfindən, hansı məqsədlə, hansı mənbəyə əsasən ortalığa atıldığı bəlli deyildi. Bir jurnalist öz xəyallarına əsasən bu cür informasiyanı yaya bilməz. Bu, şərh deyil, konkret informasiyadır. Tam bir gün ərzində ölkənin ictimai rəyində müharibə panikası yaşandı və bu panikanın aradan qaldırılması, buna əsas olmaması barədə heç bir rəsmi izahat olmadı. Bu, olduqca pisdir. O deməkdir ki, doğrudan-doğruya, müharibə başlasa, ictimai rəylə rəsmi siyasət arasında kəskin uyğunsuzluq döyüş əməliyyatlarından daha artıq zərər vura bilər. Əslində isə sanki ciddi heç nə baş vermirdi. İctimai rəyi vəziyyətin ciddiliyinə inandıracaq heç bir tədbir yox idi. Bunu ölkə ərazisində yayınlanan telekanalların proqramları da təsdiq edirdi. Sosial şəbəkələrdə tv-lərin müharibə ilə bağlı süjetləri, xəbərləri göstərməməsinə irad tutanların bolluğu telekanalların ölkənin informasiya məkanına daxil olmadığı qənaətini yaradırdı. Amma işin mahiyyəti başqadır. Məsələ burasındadır ki, müxtəlif xəbər portallarından fərqli olaraq, teleməkanın hər bir saniyəsi sərt senzura altındadır. Əgər telekanallar hərbi ritorikaya keçmirlərsə, deməli, atəşkəsin pozulmasının səbəbləri və motivləri ölkə rəhbərliyinə bəllidir. Yəni, bu, idarə olunan toqquşmadır. Əgər bunun əksidirsə, deyək ki, ölkədə baş verənlər telekanalların vecinə də deyilsə, deməli, oralarda tam deqradasiyadır və hakimiyyət teleinformasiya üzərində kontrolu itirib. Hərçənd, altından xətt çəkərək deyirəm, bu, belə deyil və teleməkanın hər bir millimetri sərt nəzarət altındadır. Erməni saytlarına saxta istinadlar isə saysız-hesabsız oldu. Birdəfəlik nəzərə almaq lazımdır ki, Ermənistanda medya azadlıqları Azərbaycana nisbətən daha yaxşı vəziyyətdədir və əgər düşmən tərəfdən böyük itkilər olsa, bunu ikinici-üçüncü dərəcəli saytlarda yox, bütün erməni KİV-lərində görmək olardı. Hətta hansısa olmayan erməni tvitter hesabları yaradıb orada dezinformasiyalar yerləşdirməklə də heç nəyə nail olmaq mümkün deyil.

Mülki «səhra məhkəmələri»nin ölüm hökmü

Şıdırğı hərbi toqquşma xəbərlərinin altında vətənpərvərlik dərsləri də keçirilirdi. Heç bir mənbəyə istinad olunmayan xəbərləri şübhə altına alanları Vətənə xəyanətdə ittiham edənlərin xüsusi çəkisi birə beş artmışdı. Sanki bu da idarə olunan bir panika idi. Provakatorların vətənpərvərlik dərsi. Məqsəd nə idi və ya nədir?

Bir kurortdan o birinə getmək üçün

Əgər adi hesablamaya inansaq, iki gündə 16 nəfərin şəhid olması ölkənin müdafiəsinə cavabdeh olanların məsuliyyətini yaratmalıdır. Bu 16 nəfər nəyə görə şəhid olmalıdır? Tamam. Müharibədir, Vətən uğrunda döyüşlər gedir və qələbə qubanlar tələb edir. Hətta daha böyük qurbanlar! Amma müharibə gedirmi? Müdafiə Nazirliyi bəyanat verir ki, 3 gündür ermənilər təmas xəttində atəşkəsi pozurlar və nəticədə 8 nəfər şəhid olub. Amma müdafiə naziri 8 nəfərin şəhid olması xəbəri KİV-də yayılandan sonra Bodrum istirahətini kəsib ölkəyə qayıdır. Ali baş komandan isə ümumiyyətlə, ölkəyə gəlmir və proseslər tamam-kamal səngiyəndən sonra onun adı ilk dəfə hallanır. «Avqustun 8-də Soçidə Ermənistan prezidenti ilə görüşəcək». Vəssəlam. Bu görüşü kim təşkil edir, kimin ideyasıdır, Rusiyamı, ATƏT-mi, Jirinovskimi, Putinmi, hansı məqsədlə görüşürlər? Ukraynada müharibə ocağını sönməyə qoymayan Rusiyanın Azərbaycanda sülh təşəbbüsləri nə qədər səmimi ola bilər? İndi hansısa «azərbaycanpərəst» ruslar peyda olublar ki, Putinin azərbaycanpərəst sülh missiyası barədə əfsanələr quraşdırırlar. Əgər bu qırğınlar, havaya qaldırılan təyyarələr, təmas xəttinə yeridilən ağır texnika Putinin ssenarisinin tərkib hissəsidirsə, onda vay bizim halımıza!

Kurortlar arasında gicələk qalan «Lazım»

Amma başqa bir qaranlıq versiya da var ki, bütün bu qalmaqal Azərbaycanda gündəmi dəyişmək üçün tərtib edilib. Ölkədə hüquq müdafiəçilərinə divan tutulur, siyasi həbslər tüğyan edir və birdən-birə Qarabağda atəşkəs pozulur. Bütün gün ərzində sosial şəbəkələrdə və hakimiyyət yönlü mediada müharibə təbliğatı qədər və ya ondan daha artıq həbs edilən hüquq müdafiəçisi Leyla Yunusun əleyhinə təbliğat aparılır. Məhz, bu gündə başqa bir hüquq müdafiəçisi həbs edilir, facebook fəallarına divan tutulur… Gündəmi dəyişmək lazım gəlir.
Bir qədər əvvəl qeyd etdim ki, atəşkəsin genişmiqyaslı pozulmasının nəticələri bunun idarə olunan xaos olmadığına şübhə yaradır. Birincisi, erməni tərəfi hücum etmişdisə, onun itkiləri daha böyük olmalı idi. Və bütün gün ərzində Azərbaycandakı şübhəli media elementləri dəridən-qabıqdan çıxaraq, məhz, bunu sübut etməyə çalışıblar. İkincisi, erməni tərəfi hücum edibsə və bizim itkilərimiz daha çox olubsa, deməli müdafiə sistemi bərbad vəziyyətdədir və bütün bu illər ərzində orduya ayrılan milyardlarla pulun hansı məqsədlərlə sərf edildiyinin hesabatını vermək lazımdır. Üçüncüsü, əgər Ermənistan ordusu sadəcə, kefi istədiyinə görə atəşkəsi pozur və genişmiqyaslı əməliyyat keçirməyə cəsarət edirsə, deməli, bizim ordumuzdan qorxmur. Amma məntiqlə milyardlar hesabına gücləndirilən ordunun zəhmindən qorxmalı idi. Nəhayət, erməniıər atəşkəsi pozublarsa və Azərbaycan ordusu böyük itkilər veribsə, ölkə və ordu rəhbərliyi bu faktdan niyə istifadə etmir? Bundan ən azı iki istiqamətdə yararlanmaq mümkün idi. Birincisi, illərdir ki, axtarılan həmin o «Lazım»ı təmas xəttindən o tərəf atmaq olardı. İkincisi isə ermənilərin atəşkəsi pozması faktını təbliğat-informasiya savaşında onların əleyhinə çevirmək olardı. Nə birinci, nə də ikinci baş verdi. «Lazım» haradasa, yarı yolda geri döndü. Atəşkəsin pozulduğu xəbərini Azərbaycan Müdafiə Nazirliyinin əvəzinə Ermənistan Müdafiə Nazirliyi yaydı və bunu məhz, Azərbaycan tərəfin etdiyini bildirdi.

Kim cavab verəcəksə, əlini qaldırsın

Nəhayət, bütün bunlar nəyə lazım idi? Kimdəsə ağlabatan və dolğun bir cavab varmı? Bu sualların heş birinə cavab verilməyib. Yalnız hərbi ekspert Üzeyir Cəfərovun nisbətən daha geniş reaksiyası olub:
“Biz dəfələrlə bu cür hallarla üzləşmişik. Komandanlar gözəl bilməli idi ki, istənilən halda ermənilər bizə fiziki və mənəvi zərbə vurmağa hazırlaşır. Bu faciənin baş verməsində ermənilərin diversiyası ilə yanaşı bizim səhvi də qeyd etmək lazımdır. Bildiyim qədər ilə 24 saat ərzində düşmənin bütün hərəkət traektoriyasını izləyir. Bizim kəşfiyyat bilməli idi ki, düşmən bizə yaxınlaşır. Vaxtında müvafiq, qabaqlayıcı addımlar atılmalı idi”. Şübhəsiz ki, bir daha belə itkilərin olmaması üçün daha ciddi işlər aparılmalıdır. Necə olur ki, hücum edən tərəfin itkiləri azdır. Müharibə qaydalarına görə, hücum edən tərəf daha çox itkilərə məruz qalır. Bu məsələr nəzərə alınaraq çox ciddi nəticələr çıxarılmalıdır. Gələcəkdə belə faciələrin baş verməməsi üçün konkret addımlar atılmalıdır. Düşmən bizim torpaqlarda işğalçı siyasətini yenə də davam etdirir. Biz çalışmalıyıq ki, qarşı tərəf daha çox itki versin, nəinki biz”.
Hərbi ekspertin bu şərhi isə sualları daha da artırır…