Cümşüd Nuriyev yaxın çevrəsinə daxil olduğu Kəmaləddin Heydərovu dövlətin əleyhinə işləməkdə suçladı
Politoloq Cümşüd Nuriyev ABŞ-ın Cənubi Qafqaz ölkələrindəki səfirlərinin Tbilisidə keçiriləcək görüşünə münasibət bildirərkən maraqlı açıqlamalar verib. Cümşüd Nuriyev “Şərq”ə deyib ki, bu görüşün arxasında gizli məqamlar var:
“ABŞ-ın strateji bir proqramı var ki, həmin proqram 2007-ci ilin avqust ayında Amerikanın hərbi jurnallarında çap olunub: ”Həmin proqrama görə, Qafqazın Rusiyanın nüfuz dairəsindən çıxarılıb ABŞ-ın nüfuz dairəsinə salınması öz əksini tapıb. Son illərdə Amerikanın, xüsusilə Qafqazın açar dövləti olan Azərbaycana qarşı yürütdüyü ikili standartlı siyasətinin arxasında da bu amil dayanır. Əslində ABŞ Azərbaycanı bir növ məcbur etmək istəyir ki, Amerikanın oyun qaydaları ilə oynasın. Səfirlərin Tbilisidə toplanmasının arxasında da hesab edirəm ki, gizli məqamlar var”.
Politoloq daha sonra ABŞ-ın ölkəmizdəki səfiri Metyu Brayzanın Azərbaycanda keçirdiyi görüşlərə toxunub. “Brayza Bakıya gələndən bu yana Azərbaycan dövlətinin əleyhinə kimlər nə iş aparmağı bacarırsa, onlarla görüşür. Lakin ölkəmizin çiçəklənməsini, dövlətimizin güclənməsini istəyən insanları Brayza nə qəbul edir, nə də görmək istəyir. Bu da azmış kimi, Azərbaycanın anklavı olan Naxçıvana səfər edib, oranı qarışdırmaq istəyir. Sözüm ondadır ki, bütün bunların arxasında Amerikanın maraqları dayanır”,- deyə Cümşüd Nuriyev bildirib.
Politoloq bu açıqlaması ilə yaxın çevrəsinə daxil olduğu fövqəladə hallar naziri Kəmaləddin Heydərovu da pis vəziyyətdə qoyub. Çünki Metyu Brayzanın görüşdüyü şəxslərdən biri də məhz “fövqəlnazir” olub. Özü də bu görüş hakimiyyət düşərgəsində də birmənalı qarşılanmayıb. Məsələn, məlumatlara görə, Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Brayzanın Kəmaləddin Heydərovla görüşündən hiddətlənib. PA rəhbəri hesab edir ki, hakimiyyətin indiki ağır anlarında bu görüş çox təhlükəlidir. Belə bir vəziyyətdə Cümşüd Nuriyev də Brayzanın Azərbaycanın əleyhinə işləyən şəxslərlə görüşdüyünü iddia edir. Politoloq əslində bu açıqlamasında müxalifəti nəzərdə tutub. Lakin özü də bilmədən ciddi səhvə yol verib. Kəmaləddin Heydərovun Brayza ilə görüşünü unudub.
Başqa versiya da var. Mümkündür ki, Cümşüd Nuriyev bu fikri elə Kəmaləddin Heydərovun sifarişi ilə səsləndirib. Nəzərə alsaq ki, “fövqəlnazir”lə Brayzanın görüşü xeyli müzakirələrə səbəb oldu və hələ də gündəmin əsas mövzularından biri kimi qalır, onda Kəmaləddin Heydərovun bu açıqlama ilə vəziyyətdən çıxmağa çalışmasını düşünmək olar. Yəni, “fövqəlnazir” sözçüsünün dililə demək istəyir ki, Brayza ilə görüşündə hakimiyyət əleyhinə hansısa müzakirələr aparılmayıb və belə müzakirələr Azərbaycanın əleyhinə işləyənlərlə aparılır. Lakin hər bir halda Cümşüd Nuriyevin bu açıqlaması yerinə düşmür.
Analitik informasiya şöbəsi



