
Vəfa Quluzadə: «Qarabağ probleminin həlli müqabilində Azərbaycan və Ermənistandan tələb oluna bilər ki, Avrasiya İttifaqına üzv olsunlar»
Azərbaycan və Ermənistan prezidentləri Soçidə görüşəcək. Belə bir açıqlamanı Ermənistanın baş naziri Ovik Abramyan verib.
Onun sözlərinə görə, Soçidə avqust ayının 8-i və ya 9-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar aparmaq üçün Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutacaq: “Ümid edirik ki, görüşdə olduqca mühüm olan razılaşmalar əldə ediləcək”.
Qeyd edək ki, son 2 iki gündə cəbhə xəttində gərginlik hökm sürür. Ermənistan ordusunun həyata keçirdiyi diversiya nəticəsində hər iki tərəf onlarla itki verib.
Ermənistanla Azərbaycan arasındakı cəbhə xəttinə məhz Rusiyanın nəzarət etdiyini deyən politoloq Vəfa Quluzadə bildirdi ki, cəbhə xəttini rahat buraxmamaq Rusiyanın yürütdüyü məqsədyönlü siyasətdir. Cəbhədə atəşkəsin tam formada 99-cu ildə, İstanbul sammiti ərəfəsində təmin olunduğunu söyləyən V.Quluzadə qeyd etdi ki, o zaman tərəflər cəbhədə hətta snaperlərin fəaliyyətini dayandırmaqla bağlı razılığa gəlmişdilər: «Bu razılaşma Rusiyanın böyük narazılığına səbəb oldu. Nəticədə Ermənistan parlamentində güllələnmə baş verdi. Soçidə görüşün keçirilməsi də təsadüfi deyil. Çünki Rusiya münaqişnin həlli istiqamətində Qərbin aktivləşməsindən narahatdır. Ona görə Rusiya təşəbbüsü ələ almağa çalışır».
Soçidəki görüşün mümkün nəticələrinə gəlincə isə V.Quluzadə hesab edir ki, görüşdə qaldırılan məsələlər Azərbaycan üçün təhlükəli ola bilər: «Dövlət başçılarının Soçidəki görüşü olduqca təhlükəli olacaq. Çünki Rusiya tərəflərə deyəcək ki, artıq münaqişənin həlli yetişib. Rusiya münaqişənin tam həllinə zəmanət verir. Erməni qoşunları Azərbaycanın işğal altındakı ərazilərdən çıxarılır, Qarabağa isə ölkəmizin tərkibində status verilir. Amma bütün bunların müqabilində Azərbaycan və Ermənistan Avrasiya İttifaqına üzv olmalıdırlar. Azərbaycan isə belə bir təklifə razılaşa bilməz»,
V.Quluzad’ hesab edir ki, Rusiya Soçidə uğur qazanarsa bir neçə məqsədə nail olmuş olacaq: “Rusiya Azərbaycanı Avrasiya İttifaqına üzv qəbul etməklə ölkəmizin iqtisadiyyatını əlinə almış olacaq. Bu isə Avropanın alternativ enerji lahiyələrinin sonu deməkdir. Bundan başqa Ukraynada aqressiv imic qazanan Putin Qarabağ problemini həll etməklə imicuini yaxşılaşdıracaq. Bu isə hazırkı dönəmdə Putinə gərəklidir”.
Xəyal


