Yaxşı kişinin ölümü

Yaxud NAMUS haqqında elegiya

Janna Darkın bakirəliyini yoxlayanda heç kim İsanın nə dediyini xatırlamırdı. Amma hamı “xristian namusu”nun qarovulçusu idi. Fəqət…
İsa elə beləcə də demişdi: “Qoy, ilk daşı aranızdan ən günahsızı atsın”.
Gəl ki, Jannanı mühakimə və test edənlər İsa naminə İsanı ayaqları altına almışdılar.
Bugünlərdə bir video olayı da yaşadıq. Kəmalə Bənənyarlıya qarşı istifadə olunmuşdu. Nədənsə, eyni səhnəni xatırladım – “namus məhkəməsi”.
Bəli, biz min dördyüzüncü illərdəyik…
Çox həyəcanlanmayın, dünya dəmir kürələrin hərəkət dinamikası ilə işləyir və irəliləyir. Hər kəs gəlib eyni yerdən keçməlidir. Bizə də bu qatarın arxa vaqonları düşüb. Amma qəti narahat olmayın, qatarın arxa vaqonları da Qazaxa gedir, yəni, üzü Qərbə. O Qərbə ki, indi orada kişilər qadınların, elə kişilərin də yataq otağını güdmürlər. Hamı başa düşür ki, insanın qapalı yerdə özü üçün elədiyi nəyəsə görə başqası qarşısında məsuliyyəti yoxdur. Başqasının pulunu oğurlamayıbsa, torpağını əlindən almayıbsa, evini başına uçurmaq planı qurmursa, heysiyyətinə toxunmursa, bunun adı şəxsi həyatdır. Və şəxsi həyat da şəxsi namus qaydaları ilə qurulur. Bunu mühakimə etmək ibtidai şüurdur, ya da sadəcə, tozanaq qoparmaqdır.

İqtisadiyyatın gücü

Bir qadına qarşı bu cür əməliyyat quran hökumətdən hələ də “Qarabağ əməliyyatı” gözləyənlər var bəlkə də. Amma bir az ayıq olmaq lazımdır ki, öz hökumətinin başının nəyə qarışdığını, harda itdiyini görəsən. Kəlbəcərə ov tüfəngi ilə gedib, girov düşən Dilqəm müəllim iqtisadiyyatı güclü olan ölkəsinin xüsusi xidmət orqanlarından yardım gözləyərkən hardan görsün ki, onun dövləti nəyə qadirdir, xəfiyyələrinin başı mühüm əməliyyata qarışıb.
Olsun, İlham Əliyev də bu cür vətənpərvərdir. Onsuz da bu ölkədə başımıza gəlməyən bircə ölmək qalıb, heç nəyə təəccüblənmək olmur artıq.

“Kişilər”

Baş verənlər bir qadının başına gəlsə də, əslində, KİŞİLİYin  dramıdır. Bu olayı sifariş verən kişilər, onu icra edən kişilər, onda iştirak edən kişilər…
Ona görə də məşhur bir deyim hər zaman mənim beynimdə tərsi düz olmayan teorem kimi fırlanır, çevrilir.
Deyirlər, hər güclü kişinin arxasında mütləq bir güclü qadın var. Bunun belə olub-olmadığını sübut eləyə bilməsəm də, bir məsələni dəqiq bilirəm ki, hər əzilmiş qadının dosyesində  mütləq bir neçə kişinin adı var – atadan ərə kimi, dövlət məmurundan, toplumun ayrı-ayrı subyektlərinə, özünü hakim, namus mütəxəssisi elan edənlərə kimi…
Erik From xristianlığın bir sevgi olduğunu aşılamağa  çalışan “Sevmək sənəti” adlı əsərində hər şeyin yaxşısını  sevginin yaratdığını sübut eləməyə çalışır. Dostun, qardaşın, atanın… Məsələn, o inanır ki, sevgilərin başında ana sevgisi durur. Buna inanmamaq olmur. Çünki bir toplumun da ən gözəlini və bərbadını sevgi və sevgisizlik yarada bilər. Vətəndaşa olan münasibət o toplum haqqında dövlətin, hökumətin planıdır. Bizim cəmiyyət isə bu rejimin bizə olan nifrətinin bir şəklidir.

***

Bu yazını necə qurtaracağıma dair çətinlik çəkirəm, ona görə də elə buradaca dayanıb sonuncu cümləni yazıram: yaxşı kişilər nəinki başqa qadının yatağına, heç öz qadınının çantasına baxmayan kişilərdir!