Pessimizmin YAP-a keçməsi

YAP-ın şou-biznesini də gördük. Hakim partiya bir qrup gənc müğənninin öz sıralarına keçməsi haqda xəbər yayıb. Onlara partbileti ən yüksək heyət təqdim edib. Amma yaxın dövrə qədər YAP-çılar tez-tez bu cür adamların hərəkətlərini qınayan bəyanatlar verirdi. Nə bilim, Nizami Cəfərov şou-biznes əhlinin ətəyini uzatmağın vacibliyi haqda fikirlər deyir, didaktika təəssübkeşli iqtidarçılardan kimsə onların hərəkətlərindəki qeyri-sağlam elementləri tənqid edir, müqəddəs və fenomenal mentalitetimizi onlardan qorumağa çağırırdı.  Ramiz Mehdiyev lap dərinə getmişdi. Bu adamların TV-lərin efirini zəbt etməsindən yazmış, məhz onların üzündən əhalinin böyük qisminin yerli kanallardan imtina edib xarici TV-lərin tamaşaçısına çevrilməsini söyləmişdi. Amma indi onların YAP-a gəlişi hakim partiyanın uğuru kimi təqdim edilir. Bir neçə şou-biznes adamının eyni vaxtda hakim partiyaya üz tutması göstərir ki, bu, üzərində işlənilmiş bir siyasi kampaniyadır. Yəni ehtiyacdan doğan bir kampaniyadır.

Oxuyur  YAP-çı Natəvan Həbibi…

Qoy indi Nizami Cəfərov bu adamların timsalında bəzi YAP-çıların  açıq-saçıq geyinməsindən danışmaq barədə düşünsün, biz isə işin ictimai-siyasi məqamlarına toxunaq. Açıq görünür ki, YAP özünü uğurlu göstərmək üçün bütün resursları işə salıb. YAP-dakılar anlayır ki, vaxt vardı ora gələnləri minnətlə qəbul edirdilər, amma indi adamları minnətlə də olsa partiyada saxlamaq lazımdır. Üstəlik kimlərinsə partiyaya gəlişini şouya çevirməyə də ehtiyac var.  Artıq YAP-çı mitinqə çıxır, IP-ə (yəni Ictimai Palataya) keçir.

Düzdür, YAP-a keçənlər də var. Demirəm, yoxdur. Amma məsələ ondadır ki, cəmiyyətin digər qismində olan pessimizm ovqatı artıq YAP-a keçib. Azərbaycan iqtidarının xoşbəxt təntənəsi çox-çox arxada qalıb. Cəmi iki il öncə onlar özlərini təkcə Azərbaycanın deyil, dünyanın üstün adamları sayırdılar. Onlar özlərini elə aparırdı ki, sanki Sarkozi, Ərdoğan, Buş kimi zati-aliləri də YAP üzvüdür. Onlar elə danışırdılar ki, elə bil bütün dünya ölkələri Azərbaycana möhtacdır və Ilham Əliyevin xoş münasibəti üçün hamı növbəyə durub. Zahid Orucun ağzından od tökülürdü. Hakim komanda üzvləri “möhtərəm” kəlməsini elə deyirdilər ki, elə bil Yer kürəsi iki cırılacaqdı. Inkişafdan danışıb yorulmur, bahalı restoranlarda ədəbiyyat hissi ilə yeyib-içirdilər. Bir sözlə, təntənə göylərində uçurdular…

YAP-çı kolxoz sədrinin əmisi oğlu

Indi görün o cür iqtidar kimə möhtac qalıb. Görün təzə YAP-çı müğənni Nazim Məmmədov AzadlıqRadiosuna müsahibəsində qohumbazlıq və yerlibazlığa necə haqq qazandırıb: «Bu bir faktordur, kim lider gəlirsə, elə mən misal üçün hansısa kolxoza sədr gedirəmsə, yanıma məni istəyən adamı, əmim oğlunu götürəcəm də. Burda nə var ki?» 

Burada bilirsinizmi nə var? YAP pessimizmə qədəm qoyub. YAP-a keçən müğənnilər şən ola bilər, amma pessimizm özü artıq YAP-a keçib. Hər şey bir yana, bəzən boz havada insanın kefi necə pozulursa, müasir dünyada əsən ictimai küləklərdən də YAP-ın kefinə soğan doğranıb. Həm də təkcə bundan olsaydı nə vardı…

Seymur Baycanın qırdığı pessimizm

YAP-a birbaşa aidiyyəti yoxdur bunun. Amma YAP-a yaltaqlanan yazarlara dəxli var. Gənc müstəqil yazarların uğuru sübut edir ki, mənəvi-ictimai geriliyin, irticanın təmsilçisi olan bir partiyaya baş əyənlərin istedadı da heç nəyə yaramır. Yalana bulaşmağın nəticəsi başqa cür ola da bilməz. Əsl ədəbiyyatı təmsil edən yazıçı Seymur Baycanın “Quqark” romanının ikinci nəşri mənə bu sevinci bəxş etdi. Biz düz yoldayıq. Biz xalqımıza düz danışırıq. Baxışlarımız yanlış deyil. Hətta yaxşı ədəbi zövqümüz də var…
Hələ kitab çıxmamışdan biz müəllifə əsərinin uğur qazanacağını demişdik. Tələsirdi, tələsdirirdi, küsürdü, rahat redaktəyə də imkan vermirdi. Mənsə deyirdim ki, tələsmə bu əsər böyük uğur qazanacaq. Artıq kitabın növbəti 1000 tirajı çap olundu. Bu uğur çətin durumda olan, ağır şərtlər altında yaşayan, işləyən mütərəqqi kəsimə son illər hakim kəsilmiş pessimizmi qıran bir haldır.