Texasın “Houston Chronicle” (“Hyuston Xronikası”) qəzeti ABŞ qanunvericilərinin lobbiçilərin maliyyə vəsaitləri hesabına Bakıya səyahət etməsini sərt tənqid edən araşdırma dərc edib. 10 Konqres üzvünün və onların 35 köməkçisinin Azərbaycan paytaxtına səfərini incələyən Vil Taker və Liz Olson baş verənlərdə mümkün qanun pozuntularının qeydə alındığını vurğulayır. Söhbət 2013-cü ilin may ayında Heydər Əliyev Mərkəzində təşkil olunan, sabiq senator Riçard Luqarın da qatıldığı konfransdan gedir. Müəlliflər yazırlar ki, səfərin təşkilinin məqsədi ABŞ qanunvericilərinə çıxış əldə etmək və konkret olaraq Şahdəniz layihəsini İrana qarşı ABŞ sanksiyalarından istisna etmək idi.
“Bakıya səfərdən iki ay sonra, səsverməyə bir gün qalmış Konqresdə sanksiyalarla bağlı təqdim olunan qanun layihəsində Şahdənizi istisna edən müddəa peyda oldu və səsvermədən keçdi. Bu, son anda baş verən dəyişikliyə kimin sponsorluq etdiyi aydın deyil”, – deyə yazıda bildirilir.
Məqalədə hər konqresmenin aldığı vəsait də göstərilir. “Houston Chronicle” qəzeti əməkdaşlarının topladığı dəlillər göstərir ki, Bakıda təşkil olunan “ABŞ-Azərbaycan: gələcək üçün baxış” başlıqlı konfransda lobbiçilər və enerji şirkətləri fəal iştirak ediblər. ABŞ-dakı türk təşkilatlarının hesabına Bakıya yollanan konqresmenlərdən dördü öz həyat yoldaşlarını, yaxud nişanlılarını özləri ilə aparıblar.
Qəzetin yazdığından belə məlum olur ki, ABŞ konqresmenlərinin Bakıya səfərini təşkil etmək üçün Hyuston, Çikaqo, Atlanta, Vaşinqton və Nyu York şəhərlərində yerləşən və Türkiyə ilə bağlı fəaliyyət göstərən beş qurumdan vasitəçi qismində istifadə olunub.
Qalmaqlada adları hallanan ABŞ qanunvericilərinin bəziləri – Stiv Stokman və Şeyla Lee Cackson qəzetin sorğularına cavab verməkdən imtina edib. Ted Poe və Mişel Lujan Qrişamın ofisləri isə onların Azərbaycanda hansısa lobbiçilik fəaliiyyətinə cəlb olunmadıqlarını bildirir.
Ortaya çıxan maraqlı faktlarla bağlı yaranan suallardan biri də konqresmenlərə ödənilən vəsaitin mənbəyi ilə bağlıdır. Çünki bir qayda olaraq Azərbaycan hakimiyyəti təbliğatını aparmaq üçün bu cür addımlardan geniş istifadə edir. Amma belə lahiyələrin hansı vəsait hesabına maliyələşdiyi bilinmir?
Suallarımıza cavab almaq məqsədilə XİN-lə əlaqə saxladıq. Amma çoxsaylı cəhdlərimizə baxmayaraq bizi maraqlandıran suallara cavab ala bilmədik.
Məhəmməd Talıblı: «Lobbiçilik məqsədilə edilən ödənişlər oliqarxların ciblərinin “silkələnməsi” hesabına baş verir»
İqtisadçı ekspert Məhəmməd Talıblı isə hesab edir ki, ümumiyyətlə belə addımlar daha çox güclü bir dövlətin dostluğunu qazanmaqdan daha çox, hökumətin legitimlik məsələsinin həllinə cəhd kimi qiymətləndirilməlidir. M.Talıblının sözlərinə görə, digər tərəfdən bu addımlar parlamentlərarası münasibətləri istiləşdirmək və yeni əməkdaşlıq mexanizmləri tapmaqdan daha çox, separatçılıq fürsətləri qazanmaq, lobbiçilik üçün böyük pullar xərcləməklə böyük gücləri susdurmaq cəhdləridir: «Avropa və ABŞ dairələrində çoxlu sayda tanınmışların ələ alınması və onlar vasitəsilə digər şəxslərə çıxışların edilməsi illər uzunudur ki, davam edir. Açığı əvvəllər belə tanınmış və milyonlarla seçici auditoriyası olan şəxslərin xırda səfər xərcləri qarşısında mövqelərində dəyişikliklər edəcəyini təsəvvür etmirdik. Çünki, onlar həm böyük pullar, həm də böyük fürsətlərdən imtina etmək gücündə olan şəxslər idilər. İndi artıq onların və ailə üzvlərinin səfər xərcləri, bahalı ziyafətlər və buna bənzər digər satınalma formaları həmin şəxslərin timsalında böyük dəyərlər zədələnib. Özlərinin timsalında demokratiya və insan haqları kimi dəyərləri və qlobal tendensiyaları deformasiyaya uğradıblar. Xalqları məyusluq sindromuna yoluxdurublar. Bütün bu kimi addımlardan sonra həmin ölkələrdə, o cümlədən Azərbaycanda Anti-qərb əhval-ruhiyyəsi güclənib».
Konqresmenlər və onların köməkçilərinin səfər və digər xərclərinin haradan maliyyələşməsinə gəlincə isə M.Talıblı bildirdi ki, lobbiçilik məqsədilə edilən ödənişlər büdcə pulları deyil. Bu ölkədə bir neçə maliyyə dairələrinin, o cümlədən oliqarxların ciblərinin “silkələnməsi” hesabına baş verir. Həmin çevrələr üçün edilən böyük əməliyyatlar və onların xərclərini öz üzərinə götürən sponsor qruplarına hakimiyyət dairələri tərəfindən yaşıl işıq yandırılır. Onlar “korrupsiya vergisinə” məruz qalmırlar. Onların təyinatları və funksionallığı belə layihələrə sponsorluqla bağlı olduğu üçün onlarlarla ehtiyatla davranılır».
M.Talıblı onu da qeyd etdi ki, konqresmenləri hər zaman birbaşa satınalması və sponsorluğu gözlə görünən olmur. Burada bir neçə varinatlardan istifadə edilir. Məsələn, hər hansı bir beynəlxalq əlaqələri güclü olan QHT-nin və ya donor təşkilatının hesabına pul köçürülür. Sifarişlər isə həmin şəxslər tərəfindən müəyyənləşdilir. Sonradan görüşün qrafiki, kimlərlə görüşülməsi, görüşün nəticələri haqqında hansı media qurumlarında çıxışlara qədər hamısı qabaqcadan razılaşdırılır. Həmin QHT və donor təşkilatının birgə layihəsi çərçivəsində həyata keçirilən görüş bitərəf mövqe olaraq sərgilənməyə başlanılır. Halbuki, həmin layihənin dirijor “çubuğu” tamamilə başqa yerdədir. «Sonradan bəzi sadəlövh vətəndaşlarda həmin görüşün təsiri altında olaraq dünya gücləri tərəfindən hökumətin legitimlik məsələsini tirajlamaqla beyinləri “yuyur”. Obivateldə inanmağa başlayır ki, görürüsüz, dünyada da bunları müdafiə edir deyə söyləməyə başlayır. Amma digər tərəfdən də diqqət edin, həmin senator və konqresmenlər sonrakı seçkilərdə əməlli-başlı reputasiyalarına ciddi zərbə vurduğunu hiss edirlər. Onların əksəriyyəti növbəti seçimlərdən çıxa bilmirlər. Bu uzun müddətli prosesi izləməyə bizdə həvəs və maraq olmadığı üçün bizə elə gəlir ki, bütün bu maxinasilar izsiz keçir. Əslində, isə bu belə deyildir», deyə M.Talıblı vurğuladı.
Xəyal