Bu gün günorta saat 14.40 radələrində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun N.Nərimanov 125 ünvanında yerləşən evinin həyətinə içində iki nəfər idmançı görkəmli şəxsin olduğu 10 FZ 120 nömrəli «Niva» markalı avtomobil gələrək evi izləməyə başlayıb. Bu barədə «Azadlıq»a L.Yunus məlumat verib. Məlumata görə, bu şəxslərdən biri maşında oturur, digəri isə həyətdə gəzişir. Hüquq müdafiəçisinin həyat yoldaşı Arif Yunus dükana ərzaq almağa gedəndə maşın onu izləyib.
L.Yunusun sözlərinə görə, əgər bu günə qədər izləmə gizlin idisə, bu gündən artıq bunu açıq şəkildə həyata keçirirlər. «Arifi güdən maşın hazırda evin həyətində yox, arxasında dayanıb. İçində isə iki nəfər – biri ağ, biri isə göy köynəkdə olan idmançı görkəmli şəxslər oturub. Arifin ardınca gedən maşında da məhz bu adamlar oturmuşdu», – deyə hüquq müdafiəçisi bildirib.
Bundan əlavə, həyətə bina sakinlərinə məxsus olmayan (həyət mühafizə olunur) iki maşın gəlib və ordan 5 nəfər çıxıb.
L.Yunus evinin pəncərəsindən maşının şəklini də çəkə bilib.
azadlıq.info