Universitetlərə (universitetlərə!) girmək üçün gərəkən bal göstəricisi 200-dən 150-yə endirildi. Əliyevçi Azərbaycan təhsili, göründüyü kimi, dönməz ENDIRIM yolundadır. Apteklərdə, mağazalarda qiymətləri durmadan artıran Əliyevlər ailəsi təhsil-bal göstəriciləri ilə bağlı ENDIRIM siyasətinə toxunulmazlıq qazandırıb. Bu baxımdan Heydər Əliyevi hakimiyətə gətirənlərə, Heydər Əliyevin hakimiyətə gətirilməyində rolu olanların hamısına “təbrik” düşür. Onlar (onu hakimiyətə gətirənlər) uşaq-muşaq deyildilər: Heydər Əliyevi yaxşı tanıyırdılar – agent-əlaltılar olaraq.
Azərbaycanda təhsil sisteminin çöküşü 1969-cu ildən – KQB generalı H.Əliyevin hakimiyətə gəlişindən başladı. O çağlar H.Əliyevin gurultulu, xalqı aldadan çıxışları altında, başçının Moskvaya yarınmaq istəyi ilə respublika bütünlüklə ZƏRBƏÇI ƏMƏK CƏBHƏSINƏ çevrilmişdi – Orta, Ali məktəblər də bağlanıb təhsildən uzaqlaşdırılmaqla. Beləcə, bütün xalq genəl köləlik axarında yarımçıq-yarıtmaz təhsil yoluyla içdən yoxsulluğa-yoxluğa sürüklənirdi. Bu, az-çox xalqa bağlı istənilən başçının tutmayacağı bir yol idi. H.Əliyev belə bir yol tutmuşdu. 1993-də H.Əliyevi hakimiyətə gətirənlər, onun hakimiyətə gətirilməyində rolu olanlar bunu görmüşdülər, bilirdilər. Görüb bilə-bilə də onlar Azərbaycana 70-ci illər keçmişini qaytarmaq kimi bir cinayətə getdilər. Yox, onlar Azərbaycanı 70-ci illərdəkindən qat-qat ötə, qat-qat əzici, öldürücü keçmişə qaytardılar – əliyevçi quldarlıq-hüquqsuzluq keçmişinə!
Sovet dönəmində Azərbaycan xalqının axırına çıxmaq kimi bir sonucdan çəkinən Əliyevlər ailəsi 93 qayıdışından sonra keçmiş ağalığın – Moskvanın yardımı ilə Azərbaycanın, Azərbaycan xalqının axırına çıxmaq yolu tutdu: rüşvət-korrupsiya-oğurluq-soyğunçuluq-monopoliya görsənişlərini DÖVLƏT SIYASƏTINƏ çevirməklə, Təhsil, Sağlamlıq sistemlərini yaman günə qoymaqla!
Təhsil naziri M.Mərdanov 2007-ci ildə demişdi: “Azərbaycanda 1012 məktəbin HEÇ BIR məzunu bu il ali məktəbə girə bilməyib”. Ən azı elə onda “Azərbaycan prezidenti” adını daşıyan I.Əliyev çox yumşaq desək, M.Mərdanovun pişiyini ağaca dırmaşdırmalı idi. Ancaq o çıxışdan sonra da M.Mərdanov bir çox illər təhsil naziri oldu, ta yanlışa yol verərək Azərbaycan müəllimlərinin aşağı aylıq üzündən acınacaqlı durumda olduqlarını deyənədək. Bu elə-belə yanlış deyil, siyasi yanlış idi: Təhsil naziri bilərəkdən, ya bilməyərəkdən Əliyevlər ailəsinin antitəhsil siyasətinə aydınlıq gətirmiş, bu siyasətin antixalq xarakteri daşıdığını göstərmişdi.
Görünür, o bağışlanmaz siyasi yanlışa görə M.Mərdanov tezliklə postunu itirəsi oldu. Onun yerinə gətirilən M.Cabbarov istəsəydi belə, gərəkən köklü dəyişikliyə – reformalara gedə bilməzdi – ölkə bütünlüklə Azərbaycana, Azərbaycan ideallarına yad bir ailənin kontrolu altında olduğuna görə. Burada hər hansı kadr dəyişikliyi ölkənin deyil, ölkəni ələ keçirmiş, IŞĞAL etmiş bəlli ailənin dayaqlarını daha da gücləndirmək üçündür. Ildən ilə ENDIRIM yoluyla 150-yə gəlib çıxan keçid balı əliyevçi rejimin dayaqlarını gücləndirən başlıca faktorlardandır. Bugünlərdə Xızıda olan I.Əliyevlə bağlı xarakterik teleinformasiya yayıldı: “Prezident Xızı rayonunda Heydər Əliyev mərkəzindəki yenidənqurma işləri ilə tanış olmuşdur”. Demək, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı adına” yeyinti-mənimsəmələrin ikinci fazası başlayır – yenidənqurma fazası!
Sözü gedən yalançı “sosial-iqtisadi” proqramın birinci fazasında bütün rayonlarda H.Əliyev mərkəzləri tikildi. Bu mərkəzlər Azərbaycan xalqına bütünlükdə 51 milyarda başa gəldi (yuxarıdan aşağıya yeyinti-mənimsəmə yoluyla). Göründüyü kimi, Proqramın ikinci fazası yenidənqurma yeyinti-mənisəmələrinə yönəldilib. Sosial-iqtisadi Proqramla bağlı pullar beləcəgöyə sovruldu, daha doğrusu, mənimsənildi. Neft fondunun 80%-i çoxdan mənimsənib. Işğalçı-oğru rejimlərə belə “incəliklərdən” baş çıxarmayan biliksiz kütlə gərəkdir…


