Əsədin çöküşü Tehranı pis vəziyyətdə qoyacaq

Vəfa Quluzadə: «Suriyada Qərbyönlü hakimiyyətin iqtidara gəlməsi Iran ətrafında halqanı daha da daraldacaq»

Bir çox ekspertlərin fikrincə, Suriyada Bəşər Əsədin vəzifəsindən uzaqlaşdırılması Irana ciddi zərbə olacaq. Ancaq B.Əsədin xalqına qarşı zor tətbiqində Iranın da əlinin olduğu istisna edilmir. Çünki Suriyada Qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsi, Iranla bağlı məsələnin kifayət qədər asanlaşması deməkdir. Bu üzdən Qərblə Iran arasında ilk qarşıdurmanın məhz Suriyada başladığını söyləmək olar.
Bu ərəfədə yayılan daha bir məlumat maraq doğurmaya bilməz. “The Guardian” qəzetinin yaydığı məlumata görə, deputatlar prezident Mahmud Əhmədinejad və Iranın ali dini lideri Əli Xamneyi arasında yaranan fikir ayrılığından istifadə edərək dövlət başçısını postundan uzaqlaşdırmaq niyyətindədirlər. Ekspertlər bu xəbəri artıq Qərbin Irana qarşı hərəkətə keçdiyi anlamına gəlməsi kimi yozurlar.
Politoloq Vəfa Qulazədə bildirdi ki, Suriyada hazırda cərəyan edən proseslərin Irana birbaşa təsiri var və bu ölkədə Qərbyönlü qüvvələrin hakimiyyətə gəlməsi Tehran rejiminə böyük zərbə ola bilər. Iran, Suriya və Hizbullahın şeytan üçbucağı olduğunu deyən V.Quluzadə vurğuladı ki, Suriyanın sıradan çıxmasından sonra Iran zəifləyəcək. Yaranmış situasiyada isə Israil arxasız qalan Hizbullahı asanlıqla məhv etmək şansı əldə edəcək: “Iranın dəstəyi olmadan Suriyanın ayaqda durması, Suriyanın isə mövcudluğu olmadan Iranın ona yönəlik təzyiqlərə duruş gətirməsi çətin olacaq. Ona görə də Suriyada Qərbyönlü hakimiyyətin iqtidara gəlməsi Iranı çətin vəziyyətdə qoyacaq”.
Barak Obamanın hakimiyyətə gəldiyi ərəfədə elan etdiyi vədlərə sadiq qaldığını deyən V.Quluzadə vurğuladı ki, göründüyü kimi müsəlman dünyası Qərbin köməyi ilə diktatorlardan azad olur. “Hazırda məhz Qərbin dəstəyi nəticəsində xalq diktator Qəzzafiyə qarşı dirəniş göstərir”, – deyə V.Quluzadə vurğuladı.
Iran prezidentinə impiçment məsələsinin yenidən gündəmə gəlməsinə gəlincə, V.Quluzadə vurğuladı ki, Qərb Iran problemini həll etməkdən hələ əl çəkməyib. Ona görə Iranın nüvə proqramının davam etdirilməsinə hələ də göz yumulur. Hazırda Iranın dövlət başçısının vəzifəsindən gedəcəyi ilə bağlı konkret fikir söyləmək çətin olsa da, bu olayın nə vaxtsa baş verəcəyi istisna edilmir.

Xəyal