İŞİD SOCAR-ın maşınını ələ keçirdiyini deyir FOTO

Suriyada silahlılar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) – SOCAR-ın daha bir avtomobilini ələ keçirdikləri barədə məlumat yayıblar. İraq Şam İslam Dövləti (İŞİD) silahlı qruplaşmasının üzvləri ələ keçirdiklərini iddia etdikləri avtomobilin fotosunu da yayıblar.

ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev isə “APA-Economics”ə açıqlamasında bildirib ki, bu məlumat həqiqətəuyğun deyil. “ARDNŞ qəti şəkildə bəyan edir ki, Suriyada heç bir yanacaqdoldurma şəbəkəsi mövcud deyil. Fotoda əks olunan avtomobilin də SOCAR-a heç bir aidiyyəti yoxdur. Maşının nömrə nişanı da şübhəlidir. Belə hallar əvvəllər də olub. O vaxt da bildirilmişdi ki, ayrı-ayrı qruplaşmalar zaman-zaman öz məqsədləri üçün tanınmış şirkətlərin, o cümlədən, SOCAR-ın brendlərindən istifadə edirlər. Son fotoların yayılması da növbəti belə cəhdlərdən biri kimi qiymətləndirilməlidir”, – deyə N. Quliyev vurğulayıb.

Xatırladaq ki, bir neçə ay əvvəl də Suriyada vuruşan silahlılar üzərinə “SOCAR” yazılmış avtomobili ələ keçirdikləri barədə məlumat yaymışdılar. ARDNŞ-in mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev həmin vaxt da avtomobilin üzərindəki “SOCAR” loqotipinin saxta olduğunu bildirmişdi.

Neft Araşdırmaları Mərkəzinin direktoru İlham Şaban dünyanın heç yerində neftin avtomobillə daşınmadığını deyir. Benzin, dizel yanacağı ixrac etməyən Azərbaycanın yanacaq daşıyan avtomobilinin saxlanılması məntiqə sığmır: «Azərbaycan ötən il faktiki olaraq benzin ixrac etməyib. Gürcüstana dizel yanacağı ixrac edir. Türkiyə ərazisində ARDNŞ-nin yanacaq doldurma məntəqəsi də yoxdur ki, deyəsən ordan götürüblər. Başqa heç cür ola bilməz».
Ekspert bu hadisənin Azərbaycana qarşı təxribat olacağını da istisna etmir: «Suriyada döyüşən azərbaycanlılara qarşı olan qüvvələr də var. Maşının üzərinə şəkil də yapışdıra bilərlər. Bu elə çətin deyil».
Ekspert bu kimi hallardan siyasi məqsədlər üçün istifadə edildiyini də istisna etmir: «Türkiyədə daxili siyasi mübarizədə SOCAR amilindən istifadə etdilər. İstənilən anda bu siyasi məqsədlər üçün bir hədəf kimi stifadə edilib və müəyyən qrup üçün aldadıcı ola bilər».