«Əgər Rusiya separatçılara dəstəyi dayandırmasa, tam təcrid olunacaq»
ABŞ kəşfiyyatı Ukraynada Malayziya təyyarəsinin vurulmasında Rusiyanın əli olduğunu sübut edən dəlillər aşkarlayıb
Hollandiyadan Malayziyaya uçan təyyarənin vurulmasında Rusiyanın əli olmasına da xeyli dəlillər aşkarlanıb. Bunu ABŞ Dövlət katibi Con Kerri bəyan edib. Kerri Moskvanı birbaşa ittiham etməsə də, o, ABŞ kəşfiyyatının qiymətləndirməsinə əsaslandığını bildirib.
ABŞ prezidenti Barak Obama da Ukraynadakı situasiya ilə bağlı yeni bəyanatla çıxış edib. Obama çıxışının əsas hissəsini Donetsk yaxınlığında Malayziya təyyarəsinin vurulmasıyla bağlı aparılan təhqiqata həsr edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, hadisə yerində araşdırma aparan beynəlxalq ekspertlərə separatçılar mane olmağa çalışırlar ki, bu da şübhələr yaradır: “Separatçıların qəza yerində hərəkətləri sual doğurur ki, onlar orada nəyi gizlətmək istəyir?”.
Obama Rusiyanı xəbərdar edib ki, əgər separatçılara dəstəyi dayandırmasa, tam təcrid olunacaq: “Bir halda ki, Moskva Ukrayna separatçılarını müdafiə edir, deməli, onların beynəlxalq komissiya ilə əməkdaşlıqdan imtinasına görə məsuliyyət də Rusiyanın üzərindədir”.
ABŞ prezidenti vurğulayıb ki, o, Ukrayna böhranında diplomatik həllin tərəfdarıdır və problemin bu yolla həlli mümkündür.
Aşkarlanan dəlillər
Bu arada, Amerika kəşfiyyatının təyyarə qəzasını qiymətləndirməsinin əsas məqamları Birləşmiş Ştatların Ukraynadakı səfirliyinin internet səhifəsində yerləşdirilib.
ABŞ kəşfiyyatının məlumatları aşağıdakılardan ibarətdir:
– Keçən ay biz Rusiyadan Ukraynaya sərhəddi keçməklə ağır silahların daşındığını qeydə almışıq. Ötən həftəsonu Rusiya separatçılara 150 tank, zirehli maşın, artilleriya, raket qurğularından ibarət karvan göndərdi. Bizdə həmçinin məlumat var ki, Rusiya separatçılara hava hücumundan müdafiə sistemlərində təlim keçir;
– Rusiyapərəst separatçılar son aylar yer-hava növlü raketlərdən istifadədə bacarıqlı olduqlarını nümayiş etdiriblər, onlar 10-larla təyyarə vurublar, o cümlədən 2 böyük nəqliyyat təyyarəsi;
– MH17 təyyarəsi (qəzaya uğrayan Malayziya təyyarəsi) ilə əlaqə itən vaxt biz separtaçıların nəzarətində olan ərazidən SAM yer-hava növlü raketin buraxıldığını qeydə almışıq. Biz düşünürük ki, bu, SA-11 raketi olub;
– Separatçılar arasında danışığı tutan Ukrayna hökumətinin “Youtube” yerləşdirdiyi videoda separataçılar iyulun 14-də Buk (SA-11) sisteminin ötürülməsindən danışır. Onlar bu sistemə malik olduqlarını və yerləşdirdiklərini bildirirlər;
– Sosial mediada yayılan məlumatlar SA-11 sisteminin separtaçıların nəzarətində olan Torez və Snijne şəhərləri boyu daşınmasını göstərir. Bu mövqedən SA-11 sistemi MH17 təyyarəsini vura bilərdi;
– Ukraynanın da SA-11 sistemləri var. Ancaq biz əminik ki, MH17 təyyarəsini vura bilən radiusda Ukraynanın hava hücumundan müdafiə sistemləri olmayıb. Münaqişə dövründə Ukrayna bir dəfə də olsun, yer-hava növlü raket atmayıb;
– Internetdə yayılan danışıqda bir separatçı lider o birisinə deyir ki, təyyarə vurulub, ancaq sonra sərnişin təyyarəsi vurulduğu məlum olanda vurulan təyyarə və Buk sisteminin daşınması haqda məlumat çıxarıldı;
– Sosial mediada yayılan videoda SA-11 raket sisteminin Krasnodondan Rusiyaya geri daşındığı əks olunurdu, burda sistemdə ən azı bir raket yox idi.
“Putin Yeltsinin aqibətini yaşayacaq”
ABŞ-ın “Stratfor” Beynəlxalq Araşdırmalar Mərkəzi Putinin yürütdüyü siyasətin onu məhvə doğru apardığını yazıb.
Mərkəzin ekspertlərinin iddiasına görə, vaxtilə Kosovo problemi gündəmə gələndə keçmiş prezident Boris Yeltsinin hakimiyyətinin sonu olacağı proqnozlaşdırıldı və bu da baş verdi. Eyni taleyi Putin də yaşaya bilər. Belə ki, Kosovo böhranı ərzində rus siyasətçiləri Serbiyada NATO müdaxiləsinə meydan oxumağa başladı, nəticədə isə Boris Yeltsinin özü təcrid olundu və hakimiyyətdən getdi.
Ukrayna böhranı, Putinin Ukrayna müdaxiləsi müəyyən mənada Yeltsinin Kosovo məsələsində yürütdüyü siyasətə bənzəyir. Bu baxımdan, hesab etmək olar ki, Putin Yeltsinin taleyini yaşayacaq.
Ukrayna ordusu hücuma keçdi: separatçılar panikada
Ukrayna Silahlı Qüvvələri və Milli Qvardiyası ölkənin şərqində separatçıların əlində olan Luqansk və Donetsk şəhərlərinə doğru bir neçə istiqamətdən hücuma başlayıb. Ukrayna mediasının, həmçinin hərbi ekspert Dmitri Timçukun yaydığı məlumata görə, anti-terror əməliyyatına cəlb olunmuş qüvvələr Luqansk vilayətinin Rubejnoye şəhərinin bütün perimetrini nəzarətə götürərək, şəhəri separatçılardan təmizləməyə başlayıb. Vilayətin Lisiçansk şəhəri də mühasirəyə alınıb.
Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak özünün “Facebook” səhifəsində ordunun Luqansk vilayətinin Severodonetsk şəhərinə daxil olduğunu və Lisiçansk şəhəri istiqamətində hərbi əməliyyatların davam etdiyini yazıb: “Rusiyalı terrorçuların ətrafında mühasirə həlqəsi daralır, hücum davam edir. Severodonetsk şəhərinə daxil olmuşuq, Lisiçansk, Rubecnoye və Popasnaya şəhərlərində düşmən sıxışdırılır, onlar vacib magistral yollardan təcrid edilib. Terrorçu dəstələrin başçıları panikadadır və bir-biriləri ilə mübahisə edirlər, bir-birini şantaja keçiblər. Onlardan bəziləri qaçmağa çalışsa da, Putin onları Rusiyaya buraxmağı qəti qadağan edib”.
Ukrayna ordusunun tankları Donetsk şəhərindən 44 km məsafədə yerləşən və “Bes” ləqəbli terrorçu Iqor Bezlerin nəzarətində olan Qorlovka şəhərinə bitişik Mayorsk stansiyasına da daxil olub. Şəhərin mərkəzində atəş səsləri eşidilir. Separatçıların “Qrad” qurğularından ordu hissələrinə atəş açdığı xəbər verilir.
Separatçıların “baş komandanı” da Rusiyanı günahlandırır
Qondarma Donetsk Xalq Respublikasının “baş komandanı” olan Strelkov ləqəbli Rusiya vətəndaşı Iqor Girkin Donetsk istiqamətində gedən döyüşlər barədə məlumat verib. APA-nın məlumatına görə, o, hazırda Avdeyevka (Donetsk şəhərindən 18 km aralı), Dzerjinsk (Donetskdən 52 km. aralı), Peski (Donetskdən 15 km. aralı), Karlovka (Donetskdən 30 km. aralı), Debaltsevo (Donetskdən 75 km. aralı), Netaylovo (Donetskdən 27 km. aralı) yaşayış məntəqələrində döyüşlər getdiyini söyləyib: “Düşmən Avdeyevka qəsəbəsinə daxil olaraq oradan Donetsk şəhərinin dəmir yoluna doğru hərəkət etməyə başlayıb. Peski, Karlovka, Netaylovodakı mövqelərimiz eyni anda hücuma məruz qalıb. Düşmən 15 tankla Debaltsevoya soxulub. Dzerjinskdə Milli Qvardiya ilə döyüş gedir”.
I.Girkinin sözlərinə görə, Rusiyanın qəti qərar qəbul etməsinin vaxtı çatıb: “Rusiya nəhayət, qərar verməlidir ki, Donbassdakı rusları müdafiə edəcək, yoxsa onları birdəfəlik satacaq?! Qalan başqa şeylər üçün vaxt itirilib. Üç aylıq fəaliyyətsizlik düşmənin öz qüvvələrini artırmasına və döyüş qabiliyyətli ordu yaratmasına imkan verib”.
Donetsk şəhərindəki 51 saylı orta məktəbin və dəmir yolu vağzalının yaxınlığında baş verən atışma zamanı 4 dinc sakinin öldüyü bildirilir. Donetsk dəmir yolu vağzalındakı “Amstor” ticarət mərkəzi ətrafında mərmi partlayışı nəticəsində də ölənlər olduğu xəbər verilir.
Saakaşvili Avropanı Rusiya neftindən imtina etməyə çağırdı
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Sürixə səfəri zamanı “Rustavi 2″ televiziya kanalına müsahibəsində Avropanın Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalardan danışıb. Saakaşvili Avropanın bu istiqamətdə gələcək addımları ilə bağlı bunları deyib: ”Avropa Rusiyanın Avropa Ittifaqını neftlə təmin edən Rusiyanın “Dostluq” neft kəmərindən neft almağı dayandırmalıdır. Əgər Rusiya bu kəmərdən gələn gəlirdən məhrum olarsa, işləri çox pis gedəcək”.
İnformasiya şöbəsi


