amerika

ABŞ Əliyevə təzyiqlərə başlayıb

Rəsmi Bakının Vaşinqtonla «birgə hərbi təlimlər»dən imtinası prosesi sürətləndirdi

 

ABŞ-Azərbaycan münasibətlərində yeni bir aktivləşmə müşahidə olunur. Bu fəallığın ilk təkanı isə Azərbaycan və ABŞ hərbi strukturlarının birgə keçirməli olduqları təlimlərin birtərəfli qaydada təxirə salınması oldu. Rəsmi Bakı bu hadisədən bir neçə gün öncə Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun dili ilə “ABŞ bizimlə ortaq layihələrdə maraqlı deyil” bəyanatını verdi. Sonra isə birgə hərbi təlimlərdən imtina etdi. Əslində, Novruz Məmmədov bəyanatı ilə ikinci addımı əvvəlcədən kompensasiya etmək, yəni, hesabı bərabərləşdirməyə cəhd etdi. Buna baxmayaraq, ABŞ Azərbaycan hakimiyyətinin bu qərarına sərt münasibət bildirmədi. Sadəcə, bu imtina Bakıya ABŞ rəsmilərinin səfərlərini artırdı.
Bu səfərlərin hər biri ayrı bir addım olsa da, sistemli bir siyasətin tərkib hissəsi kimi diqqəti cəlb edir. Ilham Əliyevin ABŞ-la hərbi əməkdaşlıqdan imtina etməsi əslində, bu ölkə ilə bütün bağları kəsmək niyyətinin ifadəsi idi. Amma hadisələrin onun gözləmədiyi istiqamətdə cərəyan etməsi onu deməyə əsas verir ki, Vaşinqton üçün bu vəziyyət gözlənilənmiş və heç vaxt itirmədən “B planı” işə düşüb. Azərbaycan hakimiyyəti isə belə yarıyuxulu aqressiyadan ayılandan sonra özündən çox daha iri və təhlükəli rəqibə sataşdığını anlamaqla şok yaşayıb. Güman ki, hakimiyyəti ayıldan da diplomat yağışı olub. Amma yenə də vəziyyət baş yuxuyozandan asılı olacaq. Yəni Ramiz Mehdiyevin bu olayları necə şərh edəcəyi proseslərə istiqamət verəcək.

 

Siyasətdən siyasi qaçış…

Ilham Əliyev ABŞ-la əməkdaşlıq qərarından ona görə imtina edir ki, bu ölkə ilə münasibətlər qarşılıqlı düşmənçilik həddinə çatsın. Məsələn, Belarusla ABŞ münasibətləri kimi. Yeri gəlmişkən bir sonrakı sayımızda özünü dünyadan təcrid etmiş Belarus hökumətinin və xalqının nələrlə üzləşdiyini və Azərbaycan hakimiyyətinin dövləti hara sürüklədiyini şərh edəcəyik. Amma Azərbaycanın bir çox layihələrdə artıq mövcud olması və Qərblə qopması mümkün olmayan bağlarla bağlanması Əliyev hökumətinin özünü Lukaşenko kimi aparmasına imkan vermir. Ona görə də Ilham Əliyev bir müddət əvvəl telekanallarda təhqir etdirdiyi ABŞ rəsmisi Tina Kaydenaunu qəbul etməyə məcbur oldu.
Bu səfərin ilk mesajı o idi ki, Azərbaycan hökuməti ABŞ-la münasibətləri kəsmək məsələsində müstəqil deyil. Üstəlik, bu, daha çox ABŞ hökumətinin imkanları daxilindədir. Beləliklə, diplomatik qaynaqlardan sızan məlumatlarda da deyilir ki, Ilham Əliyevlə ABŞ diplomatının görüşü çox gərgin keçib və bu gərginlik rəsmi Bakının öncədən düşündüyü “gərginlik planına” uyğun olmayıb. Bir sözlə, ölkələr qarşılıqlı imkanlarını müzakirə ediblər. Yəni, kim bu kontekstdə nə edə bilər?

Konqresmenlərin açıq mesajı və meyarı

ABŞ konqresmenlərinin Bakıya səfəri isə daha maraqlı oldu. Səfər öncəsi nümayəndə heyətinin başçısı Bill Şuster demişdi ki, “ABŞ və Azərbaycan münasibətlərində başlıca meyar demokratik təsisatların işləməsidir və biz bunu Ilham Əliyevlə müzakirə edəcəyik”. Bu açıqlamadan sonra hakimiyyət dairələrinin görüş barədə çox ehtiyatlı və ümumi məlumat yaymasının əsas səbəbi odur ki, Ilham Əliyevlə ABŞ nümayəndə heyətinin görüşü çox gərgin keçib. ABŞ Ilham Əliyevə prezident və dövlət katibi səviyyəsində mesajlarını çatdırsa da, heç bir irəliləyiş olmadı. Indi isə biz aşağıdan təzyiqin nəticələrini görürük. Bu mənada təzyiq prosesinin hələ indi başladığını deyə bilərik. Halbuki, rəsmi Bakı bir addımla bunu yekunlaşdırmaq istəyirdi.

Seymur Həziyev