“Hər şey bitdi” deyənlərə yeni məktub

“Vəziyyət daha da ağırlaşır” – indi ölkənin dəyişməsi üçün çalışan dostlarımız söhbətlərdə tez-tez belə deməyə başlayıb. Çünki həbslər davam edir, çox faydalı rolu olan müstəqil QHT-lərə basqılar son mərhələyə keçib, hesablar bağlanır, qeydə alınmamaq adı ilə layihələrə qadağa qoyulur. Ictimai-siyasi fəallıq da nisbi sakitlik dövrünü yaşayır və xeyli öləziyib, həm də təkcə yayın təsiri ilə deyil.

Bütün bu səbəblər danılmazdır. Amma dostlara yüngülcə etiraz edirəm. Vəziyyət elə əvvəlkidir, yəni çoxdan ağırdır. Eyni talan, eyni qəddarlıq davam edir. Əvvəlki Azərbaycandır.

Odur ki, “hər şeyin bitməsi” möhürü vurmağa çalışmaq və ya  “hər şey bitmişdir” ovqatına yuvarlanmaq gərək deyil. Biz bu mübarizəni udacağıq, udana qədər də davam etməliyik. Qoy kim buna görə dodaq büzürsə, büzsün. Bu mübarizənin illərlə uzanmasına görə məyusuq, vəziyyətin bu qədər ağır olmasının fərqindəyik, durumu dəyişə bilmədiyimizə görə təəssüf hissi keçiririk. Hətta özümüzün fəaliyyətimizə sağlam və yanaraq edilən tənqidə açığıq. Amma buna görə utanmırıq. Utanmaq lazımdırsa, bu vəziyyəti yaradanlar və kənarda durub “hər şeyin bitdiyini” deyənlər utanmalıdır.

Hər şey bitsəydi, həbsdə bu qədər adam olmazdı, son illərdə yeni nəsil mübarizəyə gəlməzdi, NIDA yaranmazdı, hakimiyyətin çox böyük oğurluq əməlləri və gizlinləri təkzibedilməz faktlarla ifşa edilməzdi. Biz Əliyevlərin adı ilə tənqidə tabu yaradılmasının qarşısını aldıq. Onların əbədilik təntənəsini dağıtdıq. Amma bütün bu zamanlar ərzində də kimlərsə kənardan deyirdi: “Əşi, hər şey bitib!”

Amma bitmədi, bitməyəcək də…

Biz gözəl bilirik ki, repressiyalar, basqılar, bunun nəticəsində yaradılan qorxu mühiti ən vacib məqamlarda bizi geniş xalq kütləsinin dəstəyindən məhrum edir. Bunu illərdir bizim zəifliyimiz kimi yozanlar öz daxili qorxularına, zəifliklərinə, köləliklərinə haqq qazandırmaq istəyənlərdir. Demokratik cinahda olan təşkilatların və ayrı-ayrı fərdlərin də mümkün qüsurları bu məsələdə kiməsə dəlil ola bilməz. “Əsgər ölümlərinə son!” aksiyaları bunu sübut etdi. Müxalifət təşkilatçı deyildi, hakimiyyət davası da aparılmırdı, şüarlar da siyasi deyildi. Problem də ən dəhşətlisi idi. Sizin övladlarınız, qardaşlarınız ölür, döyülür, şikəst edilir orduda. Bəs niyə böyük çoxluq gənclərin çağırış etdiyi həmin aksiyaya gəlmədi? Müxalifət zəif olduğu üçün, bizə inanmadıqları üçün, yazılarımızın çeynənmiş olmasına görə? Bu dəfə həmin bəhanələrə yer vardımı?

Halbuki orada çox yox, 50-cə min adam toplaşsaydı, indi tamam başqa Azərbaycan vardı, indi başqa ovqat hökm sürürdü. Bəlkə də hakimiyyət dəyişmişdi, demokratik seçki də keçirilmişdi. Hətta az adamla başa tutan həmin aksiya bütün hallarda bir uğura çevrildi. Həm model olaraq, həm də sonuc olaraq. Təbii ki, oğru siyasi sistem qaldığı üçün köklü dəyişikliklər ola da bilməz, amma müdafiə naziri dəyişdi, hər halda əsgərə münasibət də dəyişib, orduya həssaslıq da dəyişib. 

Başlıca səbəb hələ sındıra bilmədiyimiz qorxu mühitidir. Çoxları bu qorxunun özünün daxilinə çökməsini müxtəlif yollar və bəhanələrlə gizlətməyə çalışsa da, bu qorxu amili güclüdür cəmiyyətdə.

Amma Azərbaycan xalqı öz qorxusuna qalib gələcək. Azərbaycan hakimiyyəti isə nə edir etsin, öz sonunun qabağını ala bilməyəcək. Gürcüstanda tutulan 3 ton heroini heç bir QHT, jurnalist və siyasi partiya aşkara çıxarmayıb. Amma yenə də bu qədər narkotik hakimiyyətin cibindən çıxdı və onu gizlətmək olmadı. Özü ciblərə narkotik qoyub fəalları tutsa da, fəallığı bu cür idbar yollarla yatırtmaq istəsə də, hakimiyyət özünü bu ifşadan qoruya bilmədi. Bu sistem o qədər əyilib ki, özü-özünü dolaşdırmaqda davam edəcək və biz də mübarizəmizi bütün hallarda davam etdirəcəyik. Çünki vəziyyət çox ağırdır.