Dostlar, bu adamı yaxşı tanımağınızı istəyirəm. Boris Nemtsov hazırda Rusiyanın real müxalifətinin (cib müxalifəti birinci orada meydana gəlib, bizimkilər də oradan öyrənib) nüfuzlu liderlərindən biridir. Uzun illərdir ki, onun fəaliyyətini izləyirəm. Onun haqqında onsuz da yazmaq niyyətim var idi. Amma bugünlərdə Nemtsovdan AXC-nin 25 illiyi münasibəti ilə aldığım təbrik nəzərdə tutduğum yazının sürətlənməsinə səbəb oldu.
Boris Yeltsin prezident olanda Boris Nemtsov gənc yaşlarında Rusiya baş nazirinin müavini vəzifəsində çalışıb. Rusiyada avtoritarizm kök salandan isə Putin hakimiyyətinə qarşı prinsipial müxalifət mövqeyindədir. Həbs də olunub, bütün başqa təzyiq vasitələrini də görüb. Amma bir addım da geri çəkilməyib. Hər gün yazır, müsahibələr verir, müxalifəti birləşdirmək, səfərbər etmək, gücləndirmək üçün əlindən gələni edir və s. Onun “feysbuk” hesabı Rusiya müxalifətinin əsas informasiya resurslarından biridir.
Rusiya Krımı işğal etdikdən, Şərqi Ukraynada separatçıların əli ilə aranı qarışdırdıqdan sonra Rusiyanın demokratik müxalifəti sanki sınağa çəkildi – Rusiya millətçilik eyforiyası yaşadığı, seçicilərin əksəriyyətinin imperiya siyasətinə dəstək verdiyi bir vaxtda müxalifət liderləri öz prinsiplərinə sadiq qala biləcəkdilərmi? Bəli, onlar bu sınaqdan üzüağ çıxdılar. Ukraynaya qarşı aqressiyanı açıq şəkildə pislədilər. Hətta Moskvada Rusiyanın Ukrayna ilə müharibə başlatmasına etiraz mitinqi də keçirdilər. İdeallara sədaqət, əsl demokrat mövqeyi nümayiş etdirdilər.
Rusiyanın demokratik müxalifətinin bu mövqeyi bizim üçün də önəmlidir. Rusiya bizim böyük qonşumuzdur. Tarixi, mədəni, iqtisadi əlaqələrimiz güclüdür. Rusiyada 3 milyon nəfərə yaxın azərbaycanlı yaşayır. Azərbaycan əhalisinin xeyli hissəsi üçün Rusiya ilə yaxşı münasibətlər prioritetdir. Rusiya ilə yaxşı münasibətlər dövlətimizin də strateji maraqlarına uyğundur. Amma təəssüf ki, hazırkı Rusiya hakimiyyəti bütün MDB məkanında, hətta dünyada özünü daha çox avtoritar, anti-xalq hökumətlərin, seçki saxtakarlığının güclü dayağı kimi təqdim edir. Bizim kimi gənc müstəqil dövlətlərin isə üstəlik, müstəqilliyinə də təhlükə yaradır. Xalqımız bilməlidir ki, Rusiyanın indiki hökumətinə real alternativ olan, milyonlarla rusiyalının dəstəklədiyi qüvvələr bizim və bütün qonşuların suverenliyinə, özlərinə demokratik hakimiyyət qurmaq hüququna hörmətlə yanaşır.
Təqdirəlayiq haldır ki, Boris Nemtsov AXCP-yə göndərdiyi təbrik məktubunda “xalqlar həbsxanası” olan SSRİ-yə qarşı mübarizədə AXC-nin rolunu yüksək qiymətləndirmiş, bizim hazırda ölkəmizdə hakimiyyətə qarşı apardığımız prinsipial mübarizəyə də rəğbətini ifadə etmişdir. Təşəkkürlər, Boris Yefimoviç!
Demokratik dövlətlər bir-birilə savaşmırlar, başqaları arasındakı konfliktləri qızışdırmırlar. Azərbaycana da, Cənubi Qafqaza da, keçmiş Sovet məkanına da sülh və inkişaf demokratiya ilə gələcək. Rusiyadakı rejimin Ukrayna səhvi isə bəzilərinizə parodoksal görünə bilər, amma mən əminəm ki, qlobal demokratikləşmə prosesini sürətləndirəcək.
Nemtsovun paylaşdığım fotolarının birində bizim rəhmətlik Elmar Hüseynovun sevdiyi şüar yazılıb: “Sizin və bizim azadlığımız uğrunda!”.