Putin “saman çöpü”ndən yapışır

Azər Mehtiyev: «Bu ölkələr sabit inkişaf tempinə sahib deyil və yeni yaradılacaq bankın uğur qazanacağı real görünmür»

Dünyada yeni güc mərkəzi yaratmaq istəyən BRICS ölkələri qlobal iqtisadiyyatda Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna (BVF) güclü rəqib olacaq “Inkişaf Bankı” yaratmaq üçün razılığa gəlib.

Braziliyanın Fortelaza şəhərində reallaşan imza mərasimində Rusiya prezidenti Vladimir Putin və BRICS ölkə liderləri iştirak edib. Tədbirdə liderlər dünya siyasətində yaşanan problemləri və ticarət, investisiya, maliyyə və iqtisadi əlaqələrin inkişaf perspektivlərini müzakirə edib.

Tədbirdə çıxış edən Braziliya prezidenti Dilma Rousseff bankın quruluşunun qlobal maliyyə vəziyyətinin inkişafı üçün əhəmiyyətli addım olduğunu deyib. O, yeni bankın mərkəzinin Şanxay şəhərində olacağını elan edib.

Qeyd edək ki, razılaşmanı Rusiya tərəfdən imzalayan Maliyyə naziri Anton Siluanov 100 milyard dollarlıq bankın sərmayəsinin 50 milyard dollar olacağını açıqlamışdı. Lakin imza mərasimindən sonra Çinin 41 milyard dollarla paya sahib olacağı, Rusiya, Braziliya və Hindistanın hər birinin 18 milyard dollar və Cənubi Afrikanın isə 5 milyard dollarlıq sərmayə qoyacağı məlum olub.

Idarəçiliyə gəlincə isə, bankı birinci il Hindistan idarə edəcək. Bankın idarəçilik strukturuna hər ölkənin Maliyyə naziri və ya Mərkəz Bankının başçıları daxil edilib.

Bank əhatəsini genişləndirərək BRICS ölkələrindən başqa Meksika, Argentina və Indoneziya kimi sürətlə inkişaf etməkdə olan ölkələrin üzvlüyünə də açıq olacaq.

Görünür, Ukrayna hadisələrindən sonra Rusiyaya qarşı sanksiyaların tətbiqi Putini belə bir addım atmağa məcbur edib. Bəzi məlumatlara görə, son hadisələrdən sonra investorlar Rusiyanı tərk edir və Rusiyanın bugünə qədər olan itkiləri milyardlarla ölçülür. Bütün bunlardan sonra sanksiyaların vuracağı ziyanı kompensasiya etmək üçün Rusiya BRICS ölkələri ilə “Inkişaf Bank”ı təsis etmək qərarına gəlib.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyaların yeni dalğasına start verilir. Belə bir məqamda reallıqda “Inkişaf Bank”ı “saman çöpü”ndən yapışmaq deyil ki? Bu yeni layihə Dünya Bankına rəqib ola biləcəkmi?

Iqtisadçı ekspert Azər Mehtiyev hesab edir ki, yeni yaradılacaq “Inkişaf Bank”ının özünü doğruldacağı real görünmür: “Uzun illərdir müxtəlif ölkələr alternativlər yaratmağa çalışırlar. Ancaq hələ ki, buna nail ola bilməyiblər. Hətta Asiya Inkişaf Bankı yaradılanda BFV ilə rəqabət aparacağı bildirilirdi. Ümumiyyətlə, dünyada siyasi proseslərin gərginləşməsi Rusiya, Iran kimi ölkələrin belə təşəbbüslərə əl atmasını zəruri edir. Ancaq 7-8 il öncə bildirilirdi ki, Rusiya özünün neft büdcəsini təsis edəcək.

Bugünə qədər bu iddia özünü doğrultmayıb. Ona görə də yeni bankın yaradılmasının anonsunu vermək, hələ bu bankın uğurlu fəaliyyət göstərməsi demək deyil. Bu layihənin uğuru ölkələr marasında uzunmüddətli münasibətlərdən də asılıdır. Bu ölkələr isə sabit inkişaf tempinə sahib ölkələr deyil. Ona görə də bu ölkələrin həmişə eyni məsələdə razılığa gələ biləcəkləri real görünmür”.

Akif