“Financial Times” Toni Bleyeri Azərbaycana görə “vurdu”

Bakıda bir çıxışa görə 150 min dollar alan keçmiş baş nazir Azərbaycana qaz eksperti kimi qayıdır

Britaniyanın keçmiş baş naziri Toni Bleyer Azərbaycan qazını BP şirkətinin başçılığı altında Avropaya çıxaracaq konsorsiumun məsləhətçisi qismində çıxış edəcək. “Azadlıq” radiosunun məlumatına görə, bu barədə Ingiltərənin “Financial Times” qəzetinin əməkdaşı Guy Chazan yazır.
Konsorsiuma yaxın çevrələrdən alınan məlumatlara görə, Britaniyanın keçmiş baş naziri Almaniyanın keçmiş xarici işlər naziri Hans-Dietrich Genscher və “Goldman Sachs International” şirkətinin başçısı, BP-nin keçmiş rəhbəri Peter Sutherland-lə birlikdə BP tərəfindən qurulan məşvərət palatasına daxil edilib.
BP şirkəti Xəzər dənizində inkişaf etdirilən “Şahdəniz-2″ yataq qazını Türkiyə ərazisi ilə ”Cənub dəhlizi” kimi tanınan TANAP və TAP boru kəmərləri vasitəsilə Yunanıstan, Albaniya və Italiyaya nəql edəcək.
Qəzet yazır ki, Rusiyanın Krımı ilhaq etməsindən sonra 45 milyard dollarlıq Azərbaycan layihəsinin siyasi çəkisi də artıb. Avropa hazırda Rusiyadan yan keçən qaz boru xətlərinin tikintisinə xüsusi diqqət yetirir. Hazırda Avropa Ittifaqının istehlak etdiyi bütün qazın 30 faizini Rusiyanın “Qazprom” şirkəti verir.
BP bildirib ki, “Cənub dəhlizi” Məşvərət Palatası “Şahdəniz-2″, TANAP və TAP layihələrinin erkən istismarı zamanı qarşıya çıxa biləcək ”siyasi, ətraf mühit, reputasiya və ictimai çətinliklərlə” bağlı məsləhətlər verəcək.

Avtoritar rejimlərə müşavir

“Şahdəniz-2″ layihəsinə yaxın şəxslərdən biri bildirib ki, Toni Bleyer bu işə cəlb edilərkən onun Avropa Ittifaqının təsisatları ilə münasibətlərdə biznes və siyasi təcrübəsi nəzərə alınıb.
Şərhçilər bu layihənin həyata keçirilməsində bir sıra ciddi problemlərin üzə çıxacağını təxmin edirlər, çünki layihəyə 7 ölkə daxildir.
BP bildirib ki, məşvərət palatası “Cənub dəhlizi” layihələrinin bütün iştirakçılarının “ BP, ”Statoil”, SOCAR, habelə Türkiyənin “Botaş” və “Fluxys”, “Axpo” və “Eon” şirkətlərinin “könüllü və kollektiv iradəsi” ilə qurulub.
“Financial Times” yazır ki, Toni Bleyer Xəzər regionunun layihələrinə getdikcə daha fəal cəlb olunur. Məsələn, o, 2011-ci ildən ötən ilədək avtoritar Qazaxıstan hökumətinin “islahatlar proqramı” üzrə müşaviri idi.

Sülh səfirinin ticarəti

Qəzet yazır ki, Toni Bleyer, həmçinin, özünə aid “Tony Blair Associates” şirkətinin Yaxın Şərqdəki biznes fəaliyyətini genişləndirmək üçün Abu-Dabidə ofis açmaq niyyətindədir.
Britaniya mətbuatı hazırda BMT, Avropa Ittifaqı, ABŞ və Rusiya kvartetinin Yaxın Şərq üzrə sülh elçisi olan Bleyerin siyasi və biznes maraqlarının toqquşduğuna diqqət çəkir.
Keçmiş baş nazirin “Tony Blair Associates” şirkətinin müştəriləri arasında “CPMorgan Chase” banklar qrupu, Küveyt hökuməti və Abu-Dabidəki “Mübadala” investisiya şəbəkəsi da var.
Yeri gəlmişkən, keçmiş baş nazirin Azərbaycana məsləhətçi olması ilk dəfə baş vermir. 2009-cu ildə Britaniya qəzetləri Toni Bleyerin Bakıda formalaldehid (metanol) zavodunun açılışındakı çıxışından yazırdılar.
O zaman Toni Bleyer “formalaldehid eksperti” kimi 20 dəqiqəlik çıxışı üçün 150 min dollar qonorar almışdı.

Ata məsləhəti

Toni Bleyer çox bahalı çıxışında demişdi: “Düzünü desəm, formalaldehidin istifadə siyahısına baxanadək mənim heç xəbərim yox idi ki, bu şey bizim həyatımızı nə miqyasda idarə edir. Mən evə qayıdanda 9 yaşlı oğluma deyəcəyəm: ”Bütün qalan dərslərin başını burax, yalnız formaldehidlə məşğul ol. Hər işin yaxşı olacaq”.
Yəqin etmək olar ki, çıxışında deməsə də, ata Bleyer oğlu Leoya formalaldehid kimi şeylərlə Azərbaycan kimi yerlərdə məşğul olmağı tapşırıb.
Belə olmasaydı, keçmiş baş nazir Azərbaycana bu dəfə qaz eksperti kimi qayıtmazdı.