Rabitə nazirinin müavini şirkətdə hansısa nasazlıqların aradan qaldırılması yönündə işlərin aparıldığını deyir
Azərbaycanın rabitə operatoru CATEL-in şəbəkəsində fasilələr texniki xarakter daşıyır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə açıqlama verib. Onun sözlərinə görə, şirkət hazırda nasazlıqları aradan qaldırmaq və şəbəkədə işi əvvəlki rejimdə bərpa etmək üçün əlindən gələni edir. Şirkətdən dediklərinə görə, hazırda təşkilatın mütəxəssisləri nasazlıqların aradan qaldırılması ilə məşğuldurlar. Bununla belə, işlərin başa çatma müddətini deməkdə çətinlik çəkiblər.
Şirkətin distribüterlərinin sözlərinə görə, işlər ayın sonunadək davam edəcək və şəbəkə artıq mayın əvvəlindən etibarən əvvəlki rejimdə işləyəcək.
Avadanlıqda yaranan qüsurların nasazlıqlara səbəb olduğu bildirilir. Aprelin əvvəlində CATEL rabitə operatoru şəbəkəsindəki ciddi nasazlıq CDMA standartı üzrə işləyən telefon sahiblərinin (417, 418 və 415 indeksli nömrələr, eləcə də Fonex şəbəkəsi – 040 zona şifrəsi altında başlayan nömrələr) şəbəkədən ayrılmasına gətirib çıxarıb.
Hazırda CATEL şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır, bunun təxminən 60 mini CDMA simsiz rabitə abonentləridir.
Oxucuların diqqətinə çatdıraq ki, CATEL şirkətinin rəhbəri milli təhlükəsizlik nazirinin sabiq müavini Əli Nağıyevin oğludur. Bəzi məlumatlara görə, Əli Nağıyevin işdən çıxarılması da məhz bu şirkətlə bağlıdır. Məlumatlarda deyilir ki, CATEL-i dinləmək mümkün olmayıb. Əli Nağıyev şirkətə dinləyici qurğunun yerləşdirilməsinə icazə verməyib. Bu barədə dövlət başçısı Ilham Əliyevə məruzə edilib. Bundan sonra nazir müavininin işdən çıxarılması gündəmə gəlib. Eyni zamanda şirkətin fəaliyyəti dayandırılıb. Ehtimal olunur ki, şirkətin hazırda fəaliyyətsiz olması orada müəyyən dinləmə qurğularının yerləşdirilməsi ilə bağlıdır.
İnformasiya şöbəsi