İnsanlıqdan çıxmaq sənəti

Bu polemika harada başlayıb, onu demək çox çətindir. Amma 19-cu əsrdə Fransada elə bir tozanaq qopardı ki, hətta 20-ci əsrin əvvəllərində Osmanlıya da gəlib çıxdı.

“Sənət sənət üçündür, yoxsa cəmiyyət üçün?” – bu mübahisənin arxasında iki gizli niyyət dururdu. Birincisi, “Sənət sənət üçündür” deyənlər idi. Onlar sənətin özəl kriteriyaları arxasında gizlənib, ictimai hadisələrə susqunluqlarına əsas axtarırdılar. Məsələn: “Mən burada ”Məryəmin əzabları” heykəlini yonuram, orada Isanın çarmıxa çəkilməsinə qarışa bilmərəm”.

Müasir Azərbaycanda isə adamlar bunu ya tarixi vətənpərvərlik, ya da yüksək intellektuallıq pərdəsi arxasında edirlər. Yəni, o qədər ağıllıdılar ki, ağılsızların ölkəni talamasına qarşı çıxmırlar. Ya da kimsə bunlara 20 min Oksford məzunu olan mitinqçi tapmalıdır ki, çıxıb qarşısında çıxış eləsinlər, yoxsa bu möhtərəm zatları başa düşən yoxdur. Bu, qorxaqlıqdan “sənət sənət üçündür – səviyyə səviyyə üçündür” deyənlərdir.

Bir də var, tamam sıradan çıxmış bir nəsil. Onlar nə keçmişi yaşaya bilirlər, nə gələcəyi qura bilirlər. Iddia edirlər ki, əsas vəzifələri, ulduzlara baxmaq, Tanrı ilə söhbət etmək (arada onu danlamaq), meşələrin qırılmasına ah çəkib, insanların qırılmasına qəzavü-qədər deməkdir. Bütün hallarda və dövrlərdə “sənət sənət üçündür” deyənlərin məqsədi ictimai proseslərə münasibətdən qaçmaq olub.

Söz isə danışmadan, yazmadan yoxdur. Ona görə də “ürəyi sözlə dolu” olanların ağırlıqdan yıxıldığını görən olmayıb. Söz azadlığı da danışmaq və yazmaq azadlığıdır. “Ürəyinə çoxlu söz yığmaq” azadlığı deyil.

Hər cür sözü dilə gətirmək olarmı? Bu sualın cavabı təbii ki, birmənalı deyil. Amma o söz ki, həyatdan gəlir, onu qadağan etmək, yüngül desək, çevrilmədir. Yəni, riyakarlıq. Bu isə abırlı görünmək, təmkinli duruş sərgiləmək üçün ödəniləcək bədəl deyil. Bu mənada, susmaq heç vaxt ağıllılığın göstəricisi ola bilməz. Çünki ağıllı susmurlar, yazırlar, danışırlar.

Yaradıcı adamlar ictimai məsələlərə münasibətdə susmaq və danışmaq öhdəliyi daşıyırlarmı? Əlbəttə, bu, onların insan kimi, seçimi olmalıdır. Məsələn, biz demokratiya üçün fransız və ya alman ictimaiyyətindən vətəndaş mövqeyi tələb etmirik, onlardan insani münasibət gözləyirik. Bu, məhz gözləntidir. Bu, bizim bizə yaxın düşüncədə olan insanlardan gözləntimizdir.

Bu gözləntiyə cavab verməyənlərə insan deyirlərmi?

Əlbəttə, insandılar, amma bizimlə eyni dəyəri bölüşməyən insan.

Onların yaşamaq və düşünmək haqqı varmı?

Təbii ki, var.

Onlardan tələb edə bilərikmi ki, bizim kimi düşünsünlər?

Yəqin ki, “düşünmək” və “tələb” ifadələrini hansısa məntiqli təsdiq cümləsində işlətməyin çətinliyini hamı dərk edir.

Biz onları düşüncəmizə təhlükə kimi görürükmü?

Görürüksə, bunun cavabını özümüzü daha yaxşı ifadə etməklə verməliyik. Çünki fikrin yox olmasını yalnız ondan daha yaxşı fikir təmin edə bilər.

Sənət adamı özünü qorumaq üçün deyir ki, “sənət sənət üçündür”. Ictimai fəal, siyasi funksioner onu öz sırasında, ideyasının cəbhəsində görmək üçün deyir ki, “sənət cəmiyyət üçündür”. Sizcə, bu dilemmanın həlli mümkündürmü? Məncə, yox, bu dalandan çıxış yoxdur. Çünki cəmiyyət olmadan sənətdən danışmaq absurddur. Çünki yalnız şüurlu toplum qiymətləndirmək imkanındadır. “Hər kasta öz sənətini yaradır” desəniz, o zaman “sənət” nisbi kateqorial anlam daşıyacaq. Yəni, hər kəs öz sənətindən danışacaq. Ona görə də biz bu sualın cavabını verməliyik: Insanın insan olmaqdan başqa sənəti nədir? Çünki insan məhz insanlıqdan çıxanda ondan mövqe bildirmək tələb olunur.

Meydan.tv