Maksim Musayev Siyavuş Novruzovu təhqir etdi
Qocaman YAP-çı Maksim Musayevlə partiyadaşları arasında qalmaqal artıq pik həddə çatıb. Qeyd edək ki, Maksim Musayev bir neçə gün əvvəl partiyadaşları Əli Əhmədovu, Eldar Ibrahimovu və Siyavuş ittiham edib. Qocaman YAP-çı onları, xüsusilə Əli Əhmədovu partiyanı pis vəziyyətə salmaqla suçlamışdı.
Bundan sonra Eldar Ibrahimovdan Maksim Musayevə cavab gəlib. “O şəxsi münasibətlər əsasında belə danışır. Özü də boş-boş danışır. Yəqin ki, yaşı ilə əlaqədardır. Ola bilər ki, hansısa problemləri-zadı var. Ola bilər, insandır. Nə mən, nə adını çəkdiyiniz adamlar ona məhəl qoymuruq. Nə danışır-danışsın. Hamı hamını yaxşı tanıyır…”, – deyə Eldar Ibrahimov vurğulayıb.
Maksim Musayev isə “Azadlıq”a açıqlamasında Əli Əhmədovun onunla polemikadan ehtiyat etdiyini, Eldar Ibrahimovla Siyavuş Novruzovu qabağa verdiyini iddia edib. “Əli Əhmədov çabalaya-çabalaya qalıb. Çünki mən artıq onu ifşa etməyə başlamışam. Özü mənimlə debatdan qorxur, Eldar Ibrahimovla Siyavuş Novruzovu qabağa verib”.
İyulun 17-də isə Siyavuş Novruzov Maksim Musayevin fikirlərinə münasibət bildirib. O, aktual.az-a açıqlamasında deyib: “Maksim Musayev qocalıb. Əsl azərbaycanlılar yaşlandıqca müdrikləşirlər. Bəziləri isə yaşlandıqca ağıllarını itirir. Görünür, Maksim Musayev də müdrikləşənlərdən deyil”.
Siyavuş Novruzov daha sonra bildirib ki, Maksim Musayevin YAP-da heç bir rolu olmayıb. Onun sözlərinə görə, Heydər Əliyevin Ali Sovet sədrliyinə namizədliyi irəli sürüləndə Maksim Musayev ona alternativ olaraq, Etibar Məmmədovun namizədliyini dəstəkləyib: “Indi də gəlib Heydər Əliyevdən danışır. Bütün bunlar Azərbaycan xalqının gözü qarşısında olan proseslərdir. Hətta 1998-ci ildə atası ilə bir yerdə Mehdiabadda təbliğat aparırdı ki, insanlar Etibar Məmmədova səs versin. Mehdiabadda olan qərbi azərbaycanlılar bunu döyüb oradan qovmuşdular. Indi elə bilir ki, bütün bunlar insanların yadından çıxıb”.
Siyavuş Novruzov qeyd edib ki, Maksim Musayevin haqqında danışdığı Eldar Ibrahimov və Əli Əhmədov YAP yaranmamışdan qabaq Heydər Əliyevə müraciət edən insanlardır: “Maksim Musayevin adı o siyahıda yoxdur. Açıqlamasında dünyasını dəyişmiş Fərəməz Maqsudovun, Rəfael Alahverdiyevin və Sirus Təbrizlinin adını çəkir. O insanlar bunu heç adam yerinə saymırdılar. Özünü onların cərgəsinə qoşmasın. Adlarını çəkdiyi insanlar partiyanın yaranmasında xidmətləri olan şəxsiyyətlərdir. Bir nəfər həyatda olan insanın adını çəksin və siz ondan soruşun ki, Maksim Musayevin partiyada rolu nədən ibarət olub?”
Maksim Musayevin isə Siyavuş Novruzova cavabı sərt olub. O, virtualaz.org-a açıqlamasında deyib: “Siyavuş Novruzov kimi yaltaq, yalançı, fırıldaq, şərbaz, savadsız adamlara geniş cavab verməyi özümə layiq bilmirəm. Bu fikirlər ona cavab olaraq kifayətdir. Nə qədər çərənləyirsə çərənləsin”.