İnsanlar niyə pensiyaya çıxmaq istəmir?

Məhəmməd Talıblı: «Gəlirləri az olduğu üçün vətəndaşlar pensiyaya həvəsli deyil»

Prezident Ilham Əliyev gənclərlə görüşündə pensiya yaşı çatanların öz vəzifələrindən getmək istəmədiyini deyərək onların gənc nəslə yol açmalı olduğuna eyham vurmuşdu. Ölkə başçısı hesab edir ki, insanlar yaşlandıqca işləməkdən daha çox istirahətə meylli olmalıdırlar. Ölkənin ikinci-üçüncü adamlarının, yüksək vəzifə sahiblərinin pensiya yaşına çatdığı, lakin heç birinin könüllü şəkildə öz postundan getmək istəmədiyi hər kəsə bəllidir. Amma əsas problem ondadır ki, pensiyaların məbləğinin çox aşağı olması ən az maaş alan insanı belə, pensiyaya çıxmaqdansa, işində qalmağa vadar edir. 
Iqtisadçı Məhəmməd Talıblı deyir ki, bu gün ölkədə pensiya vaxtı çatsa da, işinə davam edənlər heç də yüksək vəzifəli şəxslər deyil: “Bu, həqiqətən də ciddi məqamdır. Onların arasında xeyli sayda adi vəzifə tutan vətəndaşlar var. Pensiya yaşları çatsa da, işlərinə davam etmək istəyirlər. Bu adamların növbəti illərdə karyera perspektivləri də yoxdur. Demək, onları orada saxlayan minimum istehlak səbətini təmin edə bilməkdir. Şübhəsiz ki, gəlirləri normal olsaydı, pensiyaya çıxıb rahat həyat sürərdilər”.
M.Talıblının fikrincə, bütün bunlar ölkədə pensiya islahatlarının həyata keçirilməsinin vacibliyini ortaya qoyur: “Bu sahədə ciddi islahatlara ehtiyac var. Özü də bu zaman insanların orta ömür müddəti, həmçinin orta aylıq əməkhaqqının səviyyəsi nəzərə alınmalıdır. Əks halda heç nə dəyişməyəcək. Əməkhaqqı siyasəti düzgün həyata keçirilməsə, heç nəyin faydası olmayacaq. Azərbaycanda gəlirlilik səviyyəsi yüksək olmadığı üçün ölkə vətəndaşları pensiyaya həvəsli deyillər”.

Gültəkin