“Ovsunlanmış” xalq və analoqu olmayan idarəçilik

Bir anlığa «ovsundan» – hipnozdan çıxaq…

Professor Tofiq Şahtaxtinski

Yaşadığımız vətənin insan həyatına layiq bir ölkəyə çevrilməsi, gözlərimizin içinə hələ ki, ümid dolu nəzərlərlə baxan körpə övladlarımız və nəvə-nəticələrimizin gələcəyi naminə biz açıq-aydın, qərəzsiz, vicdanla həqiqəti danışıb, reallıqları üzə çıxarmalıyıq. Bunun üçün gəlin bir anlığa “ovsunlanmış” – hipnoz vəziyyətindən çıxıb başımızı qaldıraq və ətrafımıza nəzər salaq. Ictimai, iqtisadi, siyasi həyat fəaliyyətimizin elə sahəsi yoxdur ki, orada rüşvət, yalan, yaltaqlıq və satqınlıq hökm sürməsin…
Büdcədən maliyyələşən təşkilatlarda çəkdiyi zəhmətinə görə verilən maaşla yaşaya bilən adam tapmaq mümkünsüzdür. Odur ki, insanlar əlavə – qanunsuz yollara əl ataraq öz minimum həyat şəraitini təmin etməyə məcbur olurlar: həkim xəstəyə əl açır, müəllim şagird və tələbənin istəyinə uyğun olaraq “işini aşırıb” əlmuzdu alır, polis və məhkəmə orqanları əməkdaşları rüşvət alaraq cinayəti ört-basdır edir, gömrük işçiləri qaçaqmalçılıqla məşğul olur, rüşvət alır, müfəttişlər oğurluğa göz yumur. Özəl sektorda da həmin vəziyyətdir. Burada da işıq, qaz, su oğurluqları geniş miqyas alıb. Hamı bilərəkdən gözükölgəli edilib. Bir sözlə, saymaqla qurtarmaq olmaz, bu gün ölkəmizdə əhalinin böyük əksəriyyəti acından ölməyib sağdırsa, vətəndən didərgin düşməyibsə, deməli, haradasa əyri yollarla əldə etdiyi əlavə gəlir hesabına dolanır. Təhkim olduqları obyektlərdən öz “dolyalarını” alan, üstəlik, hər ayın axırında səliqə ilə zərfə qoyulmuş əlavə (yəqin ki, məlum fonddan) “prezident maaşları” çatdırılan  yüksək eşelon məmurları və YAP-ın “məşhur” dayaqları bütün bu gördüklərinə göz yumur, bilib-eşitdiklərini də danırlar. Çünki onlar özləri bütün bu cinayətlərin bilavasitə təşkilatçıları və iştirakçılarıdırlar.

“Fatı dur!”, “Fatı otur!”

Sual olunur, bizi belə cinayətkar şəkildə yaşamağa vadar edən nədir? Birmənalı olaraq cavab vermək olar ki, bugünkü iqtidarın dünyada sözün tam mənasında analoqu olmayan idarəçilik siyasəti! Görün belə cəmiyyəti necə asan idarə etmək olur: yaşamaq, ailəsini dolandırmaq naminə məcburiyyət qarşısında öz “cinayətkar çax-çuxunu” edən xalq, hər an “ifşa” oluna bilmək qorxusu qarşısında başını aşağı salaraq ətrafında baş verənlərə – dövlət səviyyəsindəki korrupsiyaya, neft, qaz və digər təbii sərvətlərimizi bir qrupun mənimsəməsinə, icra başçıları, məhkəmə və polis orqanlarının haqsızlıq və ədalətsizliklərinə göz yumur, səsini belə çıxarmır. Hamı hökumət “Fatı dur!” deyəndə durur, “Fatı otur!” deyəndə oturur.
Məhz bu idarəçiliyin “bəhrəsidir” ki, xalq kütləvi şəkildə küçələrə axışıb öz etirazını bildirə bilmir. Cəmiyyətin hər bir üzvünün həyat fəaliyyəti sahəsində dolanmaq üçün etdiyi xırda cinayətlərə hökumət bilərəkdən “göz yumur”. Onları daim qorxu içərisində yaşatmaq və istənilən vaxt “dolaşdıra bilmək” siyasəti respublikamızda hələ sovetlər dövründən, keçən əsrin 70-ci illərindən tətbiq olunmağa başlamışdı. Nəticəsi qabaqcadan məlum olan saxta seçkilərin keçirilməsi, “pripiska” adlanan, şişirdilmiş nailiyyətlər – bugünkü dildə desək, “dünyada analoqu olmayan nailiyyətlərin” də əsas ideyalarını həmin illərdə respublika rəhbərliyi işləyib hazırlamış və hətta bu, bütün Ittifaq məkanına ayaq açmışdı. Həmin illərin ruhunda yetişdirilənlər respublikamıza eyni üsullarla rəhbərlik edərək bizi yenə də naməlum “işıqlı gələcəyə” aparırlar…

Pay deyilən şey nə yaman şirin olarmış?

Ölkəyə neft-qaz dollarlarının axdığı gündən etibarən hakimiyyəti bir məsələ çox düşündürürdü: öz qələmi, fırçası, aktyorluq talantı və ya elmi ilə qazanıb, ZIYALI adlandırdığımız şəxsləri nə yolla ram edək ki, bizim işlərə qarışmasınlar. Yol çox asan tapıldı “görün onlar necə kasıb, yoxsuldurlar”. Bəli, hamımız tezliklə şahid olduq ki, onlara təzə tikilən göydələnlərdə mənzillər, bahalı maşınlar hədiyyə verildi, övladları yuxarı eşelonlara bağlı yerlərdə “yağlı” işlərə qoyuldu və s…
Bu pay deyilən şey nə yaman şirin olarmış. Artıq ziyalılarımızın gözləri örtülüb hakimiyyətin əməllərini görmür, qulaqları heç nə eşitmir, nitqləri kəsilib. Krallığın ənamından kənarda qalan və ölkəmizdə əməklərinə qiymət verilməyən yüzlərlə talantlı müəllim, həkim və alimlərimiz isə bu gün vətəndən didərgin düşərək xarici ölkələrdə işləyirlər.
Əzizlərim, indi özünüz deyin, ölkəni bu şəkildə idarə etməyə nə var ki, ancaq… nə qədər? Ovsun və hipnoz vəziyyətinə salınmış xalq nə qədər bu vəziyyətdə qalacaq? Ayılmayacaq?