«Rusiya Ermənistandan üz döndərə bilməz»
“Dağlıq Qarabağ konfliktinin həlli regional oyunçulara görə uzanır”. Bu açıqlamanı Stratfor Analitik Agentliyi yayıb.
Stratfor Ukraynada Qərblə Rusiya arasında yaranmış gərginliyin Qafqazda da yaranması üçün hər cür şəraitin olduğunu bildirib: “Gürcüstan Qərbə, Ermənistan Rusiyaya inteqrasiya edir. Azərbaycan isə bu tərəflər arasında balansı qorumağa çalışır. Bununla bərabər, onun öz mövqeyini möhkəmlətmək üçün konflikti həll etməsi mütləqdir. Bu ölkə Avropanı enerji ilə təmin etmək baxımından ciddi alternativdir. Bundan əlavə isə onun Türkiyə, İsrail və ABŞ-la sıx iqtisadi və siyasi əlaqələri var. Məhz belə siyasətinə görə Bakı Moskva ilə danışıqlarda daha çox rıçaqlara sahib olub. Bu səbəbdən Ermənistanı Qarabağ məsələsində müdafiə edən Rusiyanın öz mövqeyini dəyişməsi istisna edilmir. Bu yalnız o zaman olacaq ki, Azərbaycan Rusiya üçün tam həyati əhəmiyyət daşıyacaq və Moskva Ermənistanı satacaq. Hazırda isə bu, o qədər də yaxın perspektiv kimi görünmür. Qarabağın həlli təkcə Rusiyadan da asılı deyil. Burada o qədər güclü olmayan, amma ABŞ-ın gücündən istifadə edən Türkiyə də var. ABŞ Türkiyə və Azərbaycanın arxasında qəti şəkildə dayansa, bu, konfliktin siyasi həllinə şərait yaradar”.
Stratfor-un bu açıqlaması birmənalı qarşılanmır.
Politoloq Vəfa Quluzadə deyilənləri tamamilə qeyri-real məsələ hesab edir. Çünki Rusiya Ermənistandan üz döndərə bilməz. Ermənistan Rusiyanın artıq bir hissəsidir. Regionda Rusiyanın əsas dayağıdır. Ermənistanda Rusiyanın hərbi bazaları yerləşir və Ermənistan tamamilə Moskvadan idarə olunur. Belə olan halda Moskva özü özünə xəyanət edə bilməz.
Ekspertin sözlərinə görə, Rusiyanın Azərbaycana münasibəti yalnız bir halda dəyişə bilər. Əgər Azərbaycan öz müstəqilliyindən imtina etsə və Rusiyaya tabe olsa, bütün sərvətlərini Rusiyaya təhvil versə, o zaman Rusiya Azərbaycanı da Ermənistanın gününə salıb udar. Bu cür variant mümkündür.
Ekspert Stratfor Agentliyində belə məlumatların Rusiyanın maliyyələşdirdiyi adamlar tərəfindən yayıldığını da qeyd etdi: «Ümumiyyətlə, Rusiya öz ideyalarını yaymaq üçün Amerikada çoxlu lobbi saxlayır. Bu məlumat da ordan qaynaqlanır. Azərbaycanı ideoloji baxımdan bir qədər bişirmək istəyirlər ki, Rusiya artıq Azərbaycanı sevə bilər, Ermənistandan üz döndərə bilər. Bu gülünc bir ideyadır. Rusiya Azərbaycanı da, Gürcüstanı da udmaq istəyərdi. Cənubi Qafqazı tamamilə özünə tabe etmək istəyər. Ona görə Rusiyanın Azərbaycana münasibətinin dəyişməsi tamamilə absurddur».
Fizzə


