Britaniya toya hazırlaşır

Vəliəhdin toyu Britaniya büdcəsinə 830 milyon gəlir gətirəcək

Toy siyasi qalmaqala da səbəb ola bilər

Böyük Britaniya taxt-tacına ikinci iddialı şəxs sayılan şahzadə Uilyam və onun nişanlısı Keyt Middltonun toy mərasimi hazırda dünyanın diqqət mərkəzindədir. Toy aprelin 29-da Vestminster abbatlığında keçiriləcək. Artıq min ildir ki, kral ailəsi üzvlərinin tacqoyma, nikah və dəfn mərasimləri burada təşkil edilir. Aprelin 29-u Britaniyada qeyri-iş günü elan ediləcək.
Mərasimə 1900 qonaq dəvətlidir. Onların arasında dünyanın tanınmış simaları da yer alıb. Dəvətnamələrdə hətta qonaqların toya geyinəcəyi rəsmi paltar da qeyd edilib. Qonaqlar arasında 40 nəfər Avropa kral ailələrini, 200-dən artıq Birləşmiş Krallıq hökumətini, ölkə parlamentini və diplomatik korpusu təmsil edəcək. Qonaqların böyük hissəsini cütlüyün məktəb və universitet dostları, həmçinin qaynar nöqtələrdə yaralanmış 30 hərbçi var. Eyni zamanda Əfqanıstan müharibəsində həlak olan hərbçilərin qohumları da dəvətlilər arasındadır. Xeyriyə cəmiyyətlərindən 80 nəfər toya dəvətlidir.
Toyda sürücü isə bəyin kiçik qardaşı, üçüncü vəliəhd Harri olacaq. Belə qərara Uilyam özü gəlib. Gəlinin yanında isə onun kiçik bacısı Filippa Şarlotta olacaq.
Toy Britaniya büdcəsinə də əlavə gəlir gətirəcək. Belə ki, bu əlamətdar hadisədən büdcə 830 milyon dollar əldə edəcək. Ümumilikdə ölkədə toyu 6,5 milyon insan qeyd edəcək. Lakin bu toy təxminən 30 il əvvəl Uilyamın valideynləri Çarlz və Diananın toyu qədər təmtəraqlı və gəlirli olmayacaq. O zaman toyun hesabına büdcəyə 3,5 milyard dollar daxil olmuşdu. Ilk dəfədir ki, kral ailəsinin toyuna dəvətlilərin sayı məhduddur və siyasətçilərin sayı olduqca azdır.
Maraqlıdır ki, bəzi dəvətlilərin toyda iştirakı artıq indidən müəyyən dairələrdə narazılıqla qarşılanır. Bunlar Bəhreyn və Svazilend krallarıdır. Hər iki şəxsin ölkəsində insan haqları kobud şəkildə pozulur.
Son məlumatlara görə, artıq Bəhreyn kralı toya gəlməkdən imtina edib. Dəvətdən imtina edən digər monarx isə Kamboca kralıdır. O, işlərinin çoxluğunu bəhanə gətirərək vəliəhdin toyuna gəlməkdən imtina edib.
Kral ailəsindəki əvvəlki toylardan fərqli olaraq bu dəfə gəlin mərasimə faytonla deyil, avtomobillə gələcək. Bu qərarı gəlin özü verib.
Toya dəvət olunmadığına incik qalanlar da az deyil. Bunlar əsasən Britaniya siyasiləridir. Leyboristlər partiyasından keçmiş baş nazirlər Toni Bleyr və Qordon Braun da mərasimə dəvət olunmayıblar. Digər keçmiş baş nazirlər Marqaret Tetçer və Con Meycorsa dəvətlidirlər. Bukkinqhem sarayı bunu onların zadəgan titullu olması ilə izah etsə də, jurnalistlər bunu siyasi jest kimi qiymətləndirir. Çünki 1981-ci ildə Çarlz və Diananın toyuna bütün keçmiş baş nazirlər dəvətli idi.
Dəvətdən kənarda qalanlar arasında ABŞ prezidenti Barak Obama da var. Bununla yanaşı, toy mərasiminə Fransa prezidenti Nikola Sarkozi və onun həyat yoldaşı Karlo Bruninin də qatılacağı ehtimal edilir.

Fizzə