Bir sıra ekspertlərin fikrincə, Yaxın Şərqdə baş verən proseslərin sonda Kürdüstan dövlətinin yaradılması ilə bitəcək. Öz müstəqil dövlətlərini yaratmaq istəyən kürdlər İraqda "İraq və Şam İslam Dövləti"nin (İŞİD) fəaliyyəti fonunda artıq bu istəklərini reallaşdırmağa hazırlaşır. Bunu İraqın şimalında Kürdüstan Müxtariyyətinin xarici işlər naziri Fələh Mustafa Bakirin açıqlamaları da təsdiq edir.
Sözdə yeni dövlətin əskinaslarının dövriyyəyə buraxılmasına da ciddi hazırlıq görülür. Əslində bu pulların layihəsi 2011-ci ildən cızılıb. Sözdə "yeni dövlət"ə məxsus əskinasların üzərində Şeyx Mahmud Bərzənci, Molla Mustafa Bərzani, Qazi Məhəmməd kimi kürd siyasi liderlərinin rəsmləri və kürd motivləri yer alıb. Kağız pullar "dırav" adlanır və üzərində "Kürdistan Mərkəz Bankı" yazısı var. Ən düşündürücü məqam isə 200-lük dırav əskinasının üzərindəki xəritədir. Xəritədə Güney Azərbaycan və Türkiyənin bir çox bölgəsi, Naxçıvan Muxtar Respublikasının isə bütövü Kürdüstan ərazisi kimi göstərilib. Qeyd edək ki, Türkiyə, Güney və Quzey Azərbaycan ərazilərinin Kürdüstan xəritəsi içərisində göstərilməsi yeni fakt sayılmır. Bundan öncə də dəfələrlə belə faktlar olub və deyilənlərə görə, Məsud Bərzani həmin xəritələrdən birini öz kabinetinin divarına vurub.
Bəs yaranmış situasiyada Azərbaycan hansı addımları ata bilər? Bu tip addımlar Kürdüstan dövlətinin yaradılması perspektivi baxımından nə və edir?
Ekspertlər hesab edir ki, Azərbaycan tərəfi bu təxribata ciddi yanaşmalıdır və ölkəmizin ərazi bütövlüyününün pozulmaz olmasını xatırlatmalıdır. Hələlik Kürdüstan dövlətinin yaranmasının real olmadığı da nəzərə alınmalıdır. Vaxtı ilə Ermənistanın da «Böyük Ermənistan» adı altında böyük xəritələr buraxması unudulmamalıdır. Amma bu xülyaların heç biri reallaşmayıb. Ona görə bu cür situasiyada Azərbaycan təhlükəsizliyinin qeydinə qalmaqla yanaşı özünə müttəfiq də axtarmalıdır. Bu məsələdə isə Azərbaycanın ən yaxın müttəfiqləri Türkiyə və İran ola bilər. Ekspertlər hesab edir ki, Azərbaycan bu məsələdə Türkiyə və İranla əməkdaşlıq edərək ümumiyyətlə Kürdüstan dövlətinin yaradılmasını əngələyə bilər. Çünki bu istiqamətdə Azərbaycanın maraqları İran və Türkiyə ilə üst-üstə düşür.
Xəyal


